Tarix: 21.06.2024 / 08:20
Ən böyük faciəmiz birliyin olmaması, mənəm-mənəmlik iddiasıdır...  - Mərkəz rəhbəri

Ən böyük faciəmiz birliyin olmaması, mənəm-mənəmlik iddiasıdır... - Mərkəz rəhbəri

“2001-ci ilin dekabrında məni yeni yaranan Ümumrusiya Azərbaycanlıları Konqresinə çağırdılar. O zaman Konqresin icra katibi Zeynal Nağdəliyev dedi ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi milli xalq-çalğı alətləri ifaçılarının “YAROSLAVİYA” adlı Beynəlmiləl Festival Müsabiqəsi keçirir. Müsabiqənin qalibinə Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Maqomayev Əbdül – Müslüm Maqomet oğlu adına mükafat verilir. O, zaman eşitdim ki, Rusiyanın bütün regionlarından gələn musiqiçilər arasında olan çeçenlər iddia edirlər ki, M.Maqomayev çeçendir və onların bəstəkarıdır. Məhz buna görə də, belə bir laureat və mükafatı onlar almalıdırlar. Bu məni çox qəzəbləndirdi. Yaroslavda yerli azərbaycanlı musiqiçilərlə “Azərbaycan bülbülləri” Ansamblını birləşdirib təcili repertuar hazırladım. Özüm isə solo tarda fortepianonun müşaiyəti ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının II pərdəsindən rəqs, Ş.Qunonun “Faust” operasından vals ifa etdim. İfamdan sonra Münsiflər Heyətinin sədri, Osipov adına Rus Xalq – Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş drijoru N.N.Kalinin mənə yaxınlaşaraq əlimi sıxıb təbrik etdi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Moskvada fəaliyyət göstərən “ŞUŞA – Azərbaycan Musiqi Mərkəzi”nin rəhbəri, Azərbaycanın Əməkdar artisti, eyni zamanda Azərbaycanın qabaqcıl təhsil işçisi Qorxmaz Axundov deyib.

Q.Axundov bildirib ki, 2003-cü ilin mart ayında Kremlin Qurultaylar Sarayında Rusiyanın mərkəzi inzibati dairəsinin “Золотые ключи России” (“Rusiyanın qızıl açarı”) adlı konsertində “Azərbaycan bülbülləri” Ansamblının çıxışı gözlənilməz olub:

“Konsertdən sonra Rusiya Federasiyası Prezidentinin Mərkəzi İnzibati Dairəsinin səlahiyyətli nümayəndəsi Q.Poltavçenko bütün kollektivlərin rəhbərlərini öz kabinetində qarşıladı, minnətdarlığını bildirdi. 2003-cü ilin aprel ayında Andrey Konçalovski adına Fond bizi Sankt - Peterburq şəhərinin 300 illik yubileyi ilə əlaqədar konsertdə iştirak üçün məşqlərə dəvət etdi. Mən ora yalnız “Azərbaycan bülbülləri” Ansamblının qızlardan ibarət Rəqs Qrupunu apardım. Bir ay Moskvada, bir ay da Sankt - Peterburqda məşqlər oldu. Mayın 31-də Konstantinov Sarayında konsertdə bayrama dəvət olunmuş prezidentlər üçün cəmi 42 kreslo qoyulmuşdu. “Skorpions” qrupu, Luçano Pavarotti, Demis Russos, Alla Puqaçova, rəqqas Maykl Fletli kimi dünya şöhrətli ulduzlarla bir səhnədə çıxış etmək, bizim yuxumuza belə girməzdi. Bu həyatımızın ən xoş və yadda qalan anları idi”.

Q.Axundov vurğulayıb ki, güclü diasporası olan ölkə də güclüdür:

“Rusiyada qeydiyyatdan keçən hər hansı bir milli cəmiyyətin adında mütləq mədəniyyət sözü olmalıdır. Məsələn, milli - mədəni muxtariyyət... Təəssüf ki, bizim cəmiyyət rəhbərləri və onun ətrafındakılar Azərbaycan mədəniyyətindən xəbərsiz olan insanlardır. Biz öz xalqımızı başqa dövlətlərdə ancaq mədəniyyətimizlə tanıda bilərik. Ən böyük faciə isə birliyin olmaması, mənəm-mənəmlik iddiasıdır. Mən bu barədə çox düşündüm və belə qərara gəldim ki, Azərbaycanlılara “Yallı” getməyi öyrətmək lazımdır. Düzdür 1-2 faiz “Yallı” rəqsini oynaya bilir, amma, bu çox azdır “Yallı” - birlik rəmzidir! Ayaqların və əllərin sinxron hərəkəti, sağdan və soldan, qol-qola yapışıb birlikdə rəqs edənlərin dəstəyi, məhz insanlarda birlik hissləri yaradır. Hələ ibtidai icma quruluşu dövründə, nitq olmadığı bir zamanda insanlar birlik hisslərini “Yallı”ya bənzər hərəkətlərlə ifadə edirdilər”.

Müsahibimiz əlavə edib ki, hansı xalqda, millətdə “Yallı” varsa onlarda birlik də var:

“Azərbaycanda mövcud olan 70-ə yaxın “Yallı” rəqsi təəssüf ki, çoxları tərəfindən unudulub. Bu yaxınlarda votsap qruplarının birində ermənilər tərəfindən “Köçəri” yallısının oğurlanması barədə mübahisə yaranmışdı. Mən bir videoda gördüm ki, ermənilər toyda uşaqdan - böyüyə əl-ələ tutaraq sinxron hərəkətlərlə bu yallını gedirlər. Qrupa sual verdim ki, sizlərdən kim “Köçəri” yallısını rəqs edə bilər? 200-ə yaxın adamdan səs çıxmadı. Nəhayət etiraf etdilər ki, bu yallını gedə bilmirik. Deməli, əgər “mal” sahibsiz və istifadəsiz qalarsa, onu oğurlayarlar. “Yallı” mənəm - mənəmlik xəstəliyini yox edən yeganə dərmandır!”



Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...