Ukrayna Azərbaycanlıları Radasının onlayn formatda növbəti hesabat-seçki konfransı keçirilib.
Diaspora.tv xəbər verir ki, Rada üzvləri, müxtəlif diaspor təşkilatları fəallarının iştirak etdiyi konfransda Ukrayna Azərbaycanlıları Radasının icraçı direktorunun ötən 1 il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.
Daha sonra Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin müxtəlif regionlarda fəaliyyət göstərən nümayəndələri Rusiya-Ukrayna münaqişəsi fonunda Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, müharibədə iştirak edən Ukrayna vətəndaşı olan azərbaycanlılara diqqət bundan sonra da davam etdirilməlidir.
Müzakirələrdən sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, elmlər namizədi Elşad İbrahimov yenidən Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru seçilib.
Konfransın cari məsələlər müzakirə olunan hissəsində diaspor üzvləri müharibə şəraitində olan Ukraynanın ictimai-siyasi həyatında fəal olmaları tövsiyə olunub.