Tarix: 22.07.2024 / 08:44
Əlisi də dərnək açır, Vəlisi də...   - Dəniz İme

Əlisi də dərnək açır, Vəlisi də... - Dəniz İme

“Əslən azərbaycanlı kimi 25 ildir Azərbaycan, Dağıstan və gürcü rəqslərini Türkiyədə gənclərə və uşaqlara öyrədirik, lakin İstanbulda Azərbaycan mədəniyyətini tanıtmaq üçün fəaliyyət göstərən bir dənə də məktəb yoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan türkü, xoreoqraf, təşkilatçı Dəniz İme deyib.

D.İmenin sözlərinə görə, Türkiyədə, əsasən də İstanbulda xeyli sayda müxtəlif millətlər yaşayır və onların mədəniyyət evləri, məktəbləri aktiv fəaliyyət göstərir:

“Ermənilərin milli-mədəni mərkəzləri, gürcülərin mədəniyyət evləri var. Onların fəaliyyəti diaspor tərəfindən dəstəklənir. Ancaq Azərbaycanla bağlı musiqi məktəbi, rəqs məktəbi tapa bilməzsiniz”.

“Hər yerindən duran dərnək açır. Əlisi dərnək açır, Vəlisi də... Amma həmin dərnəklər arasında bir dənə də koordinasiyalı fəaliyyət göstərəni yoxdur. Əlbəttə, fəal olan dərnəklər də var, ancaq fəal olmayanlara da dəstək olmaq lazımdır. 46-ya yaxın ölkə gəzmişəm, rəqslərimizi dünyaya çatdırmışam. Bunun üçün həmin ölkələrin nümayəndələri, bu işlə məşğul olan səlahiyyətli şəxslərilə əlaqələr qurmuşam. Son etdiyimiz konserti Azərbaycan diasporu dəstəklədi, dövlət səviyyəsində maraqlandılar, bu çox sevindiricidir. Çox istərdim ki, Azərbaycan diasporu bu işlə həmişə maraqlansın, çünki biz əməkdaşlığa hər zaman hazırıq”,-deyə D.İme bildirib.

Xoreoqraf qeyd edib ki, diaspor sahəsində irəliyə getməyin əsas yolu mədəniyyətdən keçir:

“Bəziləri hələ də bunu başa düşə bilmir. Balaca bir dərnək açıb, çayxana kimi istifadə etməkdənsə, açmamaq daha yaxşıdır. Nə fərqi var, bir mərtəbə, yaxud da iki mərtəbə, əsas görülən işdir. Bir otel tutub 100 nəfəri bir araya gətirməkdənsə, rəqs çıxışları edib, ən az 30-40 min insana mədəniyyətimizi tanıtmaq daha faydalı olardı. Mədəniyyətin gücünə inanmaq lazımdır”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...