Tarix: 14.06.2024 / 09:17
Elə adamlara mükafat verirlər ki...   - Sevda Mirzə

Elə adamlara mükafat verirlər ki... - Sevda Mirzə

“Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bitirmiş, “1985-1997-ci illərdə Azərbaycan publisistikanın inkişafı meyilləri” mövzusunda elmi iş müdaifə etmişəm. Uzun müddət Azərbaycanın müxtəlif qəzet və TV-lərində fəaliyyət göstərmişəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ankaradakı TRT Xarici Yayımlar Radiosu Departamentinin (TRT Dış Yayınlar Radyosu Başkanlığı) əməkdaşı Sevda Mirzə (Mirzəyeva) deyib.

Onun sözlərinə görə, 40-a yaxın dildə fəaliyyət göstərən departamentin Azərbaycan redaksiyasında TRT “Türkiyənin səsi” radiosunun Türkiyə vaxtı ilə hər gün saat 10.00-11.00-də Azərbaycan dilində buraxılışı səslənir və TRT/Azərbaycan saytı yayımlanır:

“Bizim burada əsas işimiz xəbərlərdir. Əsasən, “TRT Haber”, “Anadolu” Agentliyini və bir sıra rəsmi qurumlardan xəbərləri Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə edərək həm radioda səsləndirir, həm də sayta yerləşdiririk. Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı bağlı xəbərləri nəinki Türkiyə, həm də Azərbaycan rəsmi saytlarına istinadla verirəm”.

S.Mirzə onun üçün Türk dünyası xəbərlərinin əsas prioritet olduğunu bildirib:

“Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri, Türk Dövlətləri Təşkilatı, TürkPA, TÜRKSOY-un beynəlxalq fəaliyyətini işıqlandırmağa üstünlük verirəm. Məsələn, Azərbaycan vətəndaşları müxtəlif ölkələrdə verilən qərar və bağlanan sazişlərdən nə qədər faydalanacaq, daha çox onu diqqətə çatdırmağa çalışıram. Ankara, az da olsa, Türkiyənin bir sıra şəhərlərində Azərbaycanla bağlı əksər tədbirlərdə həm iştirak edir, həm də işıqlandırıram”.


Müsahibimiz diaspor fəaliyyətində bir sıra problemlər gördüyünü də etiraf edib:

“Azərbaycandan məsul şəxslər Türkiyəyə gələrək ayrı-ayrı diaspor nümayəndələri ilə görüşürlər. İlk görüşdə demək olar ki, bütün nümayəndələrimizlə bir araya gəldilər. Növbəti gəlişlərdə isə onların arasından vətənpərvər, dövlətçi olanlardan daha çox pullu-paralı olanlara üstünlük verməyə başladılar, elə beləcə də davam edir. Elə adamlara mükafat verirlər ki, onların bəziləri bu gün SSRİ-nin bayrağı qaldırılsa, altından birinici keçənlərdən olacaqlar. Çünki şəxsən bir neçə dəfə şahidi olmuşam ki, bəzilərini 28 may münasibətilə təbrik edəndə qoşulmur, amma 12 iyun - Rusiyanın Müstəqillik Gününü qeyd edirlər. Belə olduğu halda, əsl vətənpərvər və dövlətçi vətəndaşlar diaspordan uzaqlaşırlar. Bu şəkildə diaspora heç zaman azərbaycanlıları öz ətrafına yığa bilməz”.

S.Mirzə qeyd edib ki, onun üçün mükafatların o qədər də əhəmiyyəti yoxdur:

“Bizim o qədər işləyib mükafat almayanlarımız var ki, adları Azərbaycan ədəbiyyatında, tarixində, mədəniyyətində yaşayır, çünki onlar könüldən millətə xidmət ediblər”.

Müsahibimiz qeyd edib ki, son 2-3 ildə xarici ölkələrdə, o cümlədən Türkiyədə Azərbaycanın milli günləri ilə bağlı tədbirlər azalıb:

“Halbuki tədbirlər Azərbaycan vətəndaşlarını bir araya gətirmək, onları yaxından tanımaq, yaxşılarını yaxınlaşdırmaq, əməkdaşlıqları artırmaq baxımından çox vacibdir. Türkiyəlilər deyir ki, xarici ölkədə diaspora öz ölkənin vətəndaşları ilə çay, kofe, yemək süfrələrində başlayır, inkişaf edir. İlk dəfə eşidəndə mənə də qəribə gəldi. Baxın, xarici ölkələrdə türkiyəlilərin dövlət dəstəyilə nə qədər restoranı var, həm də şəhərin hər kəsin rahat gələ biləcəyi mərkəzi yerlərində. Amma həm Azərbaycan diasporu, həm səfirliyi üçün bu mövzu yox kimidir. Məsələn, Ankarada bir Azərbaycan restoranı var, o da şəhər mərkəzindən 3 nəqliyyat vasitəsi dəyişərək gedə biləcəyimiz məsafədədir. Gözəl, milli olsa da, çox bahalı və sadə vətəndaşların heç ildə 1 dəfə belə bir araya gələ bilməyəcəyi yerdir. İnsanlarını ətrafına toplamağın, bir araya gəlməyin, həmrəyliyin, faydalı olmağın yolu masadan, bir araya gəlməkdən, söhbətdən, müzakirələrdən, paylaşmaqdan, birlikdə iş görməkdən keçir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Ulduz

Tebrikller, canim benim ♥️ Hormetle Ulduz .

14.06.2024 / 14:12

Yaz...