Tarix: 29 Noyabr 2024 17:00 | Baxış sayı: 1031
“Niyə dərman yerinə dollar gətirməmisən?”   - Nurəddin Qərəvini Bakıda necə qarşıladılar?

“Niyə dərman yerinə dollar gətirməmisən?” - Nurəddin Qərəvini Bakıda necə qarşıladılar?

Güney Azərbaycanın milli azadlıq hərəkatı fəallarından olan doktor Nurəddin Qərəvi 1945-ci il aprelin 25-də - Milli Hökumət zamanında Təbrizin Surxab məhələsində, Qızıldağın (Eynalının) ətəyində dünyaya göz açıb.

İlk təhsilini “Hikmət” və “Ənvəri” məktəblərində alıb, sonradan isə “Sədi” məktəbində oxuyub.

9-cu sinifdə oxuyanda "Dünyanın böyükləri” kitabında Mirzə Ələkbər Sabirin bioqrafiyası ilə tanış olub. Şairin həyatı, şeirləri ona təsir edib. O vaxt Nurəddin Qərəvi özü də şeirlər yazır, ədəbiyyata, sənətə böyük sevgisi vardı. “Aydın”, “Faiq” təxəllüsü ilə yazdığı şeirlər Təbrizdə dildən-dilə dolaşırdı. Sonralar Şəhriyarın “Heydər baba”sına “Qızıldağ ” adlı nəzirə də yazmışdı.

Amma İrandakı siyasi vəziyyət, Güney Azərbaycanı azad görmək arzusu onun, sadəcə, ədəbiyyatla kifayətlənib yaşamağına mane olub.

Diktatorluğa qarşı mübarizə aparmağı özünə amal seçdi...

Hələ 7-ci sinifdə oxuyarkən Bakı radiosuna məktub yazıb ana dilimizdə dərslik və sözlük istəyən Nurəddin Qərəvi buna görə İranın təhlükəsizlik idarəsinə çağrılır. Amma sorğu-suallar, ciddi nəzarət onu qorxutmur, əksinə, qəlbindəki azadlıq yanğısını bir az da alovlandırır, Azərbaycan sevgisini daha da böyüdür. Şah rejiminə qarşı farsca və Azərbaycan türkcəsində yazılar yazır, onları yaymağa başlayır...

Yasaq olsa da, Milli Hökumət dövrünün şairlərini axtarıb tapır, ünsiyyət yaradır. Onlardan Milli Hökumət dövrü ilə bağlı məlumatlar alır. Hətta Pişəvəri ilə birlikdə Tehrana gedən əsgərlə də tanış olur və öyrənir ki, Milli Hökumət devriləndən sonra onu bir həftə suyun içərisində saxlayıb, dəhşətli işgəncələr veriblər...

...Nurəddin Qərəvi 10-cu sinfi axşam növbəsində oxuyub, məktəbi bitirəndən sonra İran dövləti ona imtahan üçün izn verməyib. Pul qazanıb təkrar məktəbə getmək məcburiyyətində qalıb. Təbrizin Mənsur xiyabanında, Qarabağlılar küçəsində kitab evi açıb, buranı işlədə-işlədə həm də yenidən oxumağa başlayıb. Bir yandan da firqənin solçu üzvü kimi gizli fəaliyyət göstərib. Şah rejiminə qarşı farsca və Azərbaycan türkcəsində yazılar yazıb insanlar arasında yayıb. Elə bu işlərinə görə məktəbdə ona yazmağı qadağan ediblər. Rejimin təhlükəsizlik orqanları onu xüsusi nəzarətə götürüb.



O isə hər fürsətdə mücadiləsini davam etdirib. Bir gün müəllimin dərsə gəlmədiyini bəhanə edərək məktəbin qarşısında etiraz aksiyası düzənləyib. Aksiyanın nəticəsi olaraq, Təbrizin valisi məktəbliləri qəbul edib, onların tələblərini dinləyib. Bir gün sonra isə məktəbə gedəndə məlum olub ki, 520 şagirdi "danişsər" məktəbindən çıxarıb ayrı bir məktəbə yazıblar. Təhlükəsizlik məmurları məktəbin Azərbaycan türkcəsində yazılmış divar qəzetlərini isə cırıb aparıblar.

Təhlükəsizlik orqanlarının əməkdaşları Nurəddin Qərəvinin dükanına da tez-tez gəlib yoxlamalar aparırmışlar. Hətta bayram üçün çıxardığı təbrik kartının üzərində yazılan şeirə görə də onu sorğu-suala çəkiblər. Şeir bu misra ilə başlayırdı:

“Bülbül edəndə yad bahar, ağlar, ağlamaz"...

Nurəddin Qərəvinin Azərbaycan sevgisi...

Nurəddin Qərəvi ilk dəfə 14-15 yaşlarında Azərbaycan bayrağını tanıyıb, onun rənglərini görüb. O vaxtlar böyük qardaşı Dr. Məhəmməd Həsən Qərəvi Türkiyədə oxuyurmuş, Məhəmməd Əmin Rəsulzadə və silahdaşları ilə tez-tez toplantılarda iştirak edirmiş. O, Təbrizə gələndə üzərində Azərbaycan bayrağı təsvir olunan döş nişanını balaca qardaşına hədiyyə edir və onun yaddaşında heç vaxt unudulmayacaq bir xatirənin izini qoyur. Bu xatirə Nurəddin Qərəvinin Azərbaycan sevgisini daha da alovlandırır...

...12-ci sinfi uğurla bitirsə də, imtahanlardan keçmədiyini öyrənir. Müəllimlərindən biri isə “imtahanı yox, öz həyatını düşün, səni tutacaqlar, çalış, Təbrizdən get!” - deyir.

Təqiblərə görə Təbrizi tərk etmək məcburiyyətində qalır, anasına “Tehrandakı qohumlardan birinin qızını sevirəm, gedirəm, onu görməyə”, deyib evdən çıxır, səhər tezdən Tehrana çatır.

O vaxt İranda türkçülüyə qarşı olan rejimlə davamlı mucadilə aparan soydaşlarımızdan biri də Əli Təbrizi idi. Onun Tehranın “Park şəhr” qarşısında “Atropat” Yayın Evi fəaliyyət göstərirdi. Yasaq olsa da, o, bacardığı qədər Azərbaycan türkcəsində kitablar çap etdirib yayırdı. Əli Təbrizi ilə Nurəddin Qərəvinin çox yaxın münasibətləri var idi. Təbrizi həmişə Nurəddin Qərəvini qorumağa çalışırdı.



Elə bu doğmalığa görə Nurəddin Qərəvi Tehrana çatar-çatmaz birbaşa dostu Əli Təbrizinin iş yerinə gedir, amma onu orada tapa bilmir. Yol çantasını onun iş yerində qoyub çıxır. Çox keçmir ki, təhlükəsizlik məmurları Əli Təbrizinin iş yerinə gəlirlər və axtarışlara başlayırlar. Nurəddin Qərəvinin çantasından Əli Təbrizinin ona yazdığı məktublar çıxır. Məktubları əsas gətirərək Əli Təbrizini 4 ay Evin həbsxanasında dustaq saxlayırlar.

Nurəddin Qərəvinin isə nə pulu, nə də üz tutacağı bir yeri vardı. Axşamlar şəhər parkının qapıları bağlanandan sonra divarı aşıb oturacaqlarda gecələyirdi. Bir həftə sonra Səba adlı bir sinif yoldaşına rast gəlir. Sinif yoldaşı ondan harada qaldığını soruşur. O da özünü sındırmayıb hansısa qonaq evinin adını çəkir. Axşam həmin qonaq evinə gedib bir neçə saatlıq orada qalmağa icazə istəyir. Buna görə isə üstündə olan son 20 tüməni otelə ödəyir. Axşam saat şəkkiz civarında sinif yoldaşı Səba böyük qardaşı ilə ora gəlirlər. Qardaşı Nurəddin Qərəvini danlayır ki, insanın dostu ola-ola gəlib qonaq evində qalmaz, sonra da zorla öz maşınına qoyub onu evlərinə aparır. Səbanın böyük qardaşı “Keyhan” qəzetində çalışırmış, sol görüşlü idi.

Bu arada Nurəddin Qərəvi iş axtarmağa başlayır. Tehranın qərbində yerləşən xüsusi məktəbdə 6-cı sinif müəllimi olaraq işə başlayır. Bunun müqabilində ayda 150 tümən əməkhaqqı alır.



Bir il həmin məktəbdə dərs deyir. Məktəbə gedib -gəlmək üçün isə hər gün 50 kilometr yol qət edir.

İlin sonunda yenə də 12-ci sinfin imtahanlarını verir. Adını imtahana yazdırmaq üçün şair dostu Həsən Məcidzadədən 55 tümən borc alır. İmtahana gedəndə, sən demə, bir həftəymiş ac imiş. İmtahanı verəndən sonra yerə yıxılır. Ətrafdakı insanlar ona şərbət içirirlər, yavaş-yavaş özünə gəlir.



Rejimə qarşı mübarizə həyatının bir parçasına çevrilir...

İmtahandan sonra da bir neçə ay Tehranda yaşayır. Tikiş müəssisəsində qadın köynəklərinin üstünə şəkil və gül çəkərək pul qazanır. Amma artıq Təbrizə qayıtmaq istəyirdi. Təhlükəsizlik orqanlarının “qara siyahı”sından çıxmaq üçün orduya yazılır. 6 ay Sərab kazarmasında xidmət keçir. Amma orada da rahat dura bilmir, artıq rejimə qarşı mübarizə həyatının bir parçasına çevrilmişdi...

6 aydan sonra müəllim olaraq onu Xorasana - o zaman Sovetlər Birliyində olan Türkmənistanın sərhədində yerləşən Oğəzə (Məhəmmədi) kəndinə göndərirlər. Orada sədaqətlə çalışdığına görə dövlətdən bir neçə təşəkkür məktubu da alır.

Oğəz (Məhəmmədi) kəndində arxeoloji qazıntılar gedirdi. Kəndlilər də qızıl tapacaqlar deyə, hər yeri qazırdılar. Nurəddin Qərəvi isə tapdığı dəyərli tarixi əşyaları toplayıb Təbriz Muzeyinə göndərirdi. Muzeyin rəisi ən yaxın dostu və müəllimi idi.

Sonralar muzey rəhbərliyinin istəyi ilə Təbrizin Göy məscidinin təmiri ilə məşğul olur. Üç ay orada çalışır, 4 metr uzunluğunda çiniləri təmir edib yerinə düzür. Həmçinin, məscid haqda kitab yazmaqda da rəis dostuna yardım göstərir.

Ağır və məşəqqətli qürbət yolçuluğu başlayır...

Nurəddin Qərəvi 1969-cu ildə Təbrizdən çıxıb Almaniyaya - böyük qardaşının yanına gedir. Bir il Almaniyada yaşayır, lampa istehsal edən fabrikdə işləməyə başlayır. Fizika Universitetində oxumaq istəsə də, bunun üçün ondan İran Kommunist Partiyasından məktub gətirməyi tələb edirlər. O isə buna etiraz edərək Türkiyəyə üz tutur.

Türkiyədə ilk olaraq 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri olmuş Ənuşirəvan İbrahimi, daha sonra Tudə Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu üzvü Nurəddin Kiyanuri ilə tanış olur. Firqənin Türkiyə üzrə məsuliyyətini ona tapşırırlar. Tez bir zamanda Türkiyədə bütün solçu qurumlar və firqələrlə əlaqə qurur, yazıçılarla, o cümlədən Əziz Nesinlə tanış olur. Türkiyədə onu daha çox Həsən (Aydın) Azəroğlu olaraq tanıyırlar. O, Türkiyə mətbuatında fasiləsiz olaraq çap olunur. İran şahının Türkiyəyə səfəri zamanı onun təşkilatçılığı ilə 50 min böyük plakat hazırlanıb Ankara, İzmir, İstanbul küçələri boyu və İran elçiliyinin duvarlarına yapışdırılır. O plakatlarda şahın cinayətləri əks olunmuşdu.

Siyasi fəaliyyətlə məşğul olsa da, Türkiyədə ali təhsil almaq imkanı da qazanır. İstanbul Universitetində stomatoloq ixtisasına yiyələnir.

Türkiyədə olduğu müddətdə Səməd Behrəginin uşaqlar üçün yazdığı kitablarını Türkiyə türkcəsinə çevirib Cem Yayın Evində 5 min tirajla bir neçə dəfə çap etdirir.

Bir günsə Türkiyə Milli İstihbarat Təşkilatı onu həbs edir. Bir həftə təşkilatın zirzəmisində ac-susuz saxlanılır. Onu İrana təhvil vermək istəyirlər, buna görə də Türkiyəni tərk etmək məcburiyyətində qalır. Yenidən Almaniyaya dönür. Amma onun Almaniyaya getməyi Tudə Partiyanın üzvlərinin ürəyincə deyildi. Onlar istəyirdilər ki, Türkiyədə qalıb partiyaya işləsin. İrana da dönə bilməzdi, həbs olunardı. Buna görə böyük qardaşı ilə birlikdə Berlinə dönməkdən başqa yolu qalmamışdı.

Nurəddin Qərəvi Ənuşirəvan İbrahiminin də İrana qayıtmasını istəmirdi. Bir dəfə söhbət zamanı ona demişdi ki, Tudə firqəsindən ayrılmalıdır, onlar yenə azərbaycanlıları qurban verəcəklər. Elə də olur: Ə.İbrahimi və Behcət bəyi Tudə partiyası üzvlərinin gözü qarşısında edam edirlər.

Nurəddin Qərəvi belə bir zamanda Azərbaycan naminə yeni bir təşkilat yaratmağın vacib olduğu qənaətinə gəlir. Bu məqsədlə xaricdə yaşayan dostları ilə birlikdə 13 il əvvəl ayrıldığı İrana yola düşür. Onlar 15 nəfər olurlar. Gecə saat 12-də Maku sərhədinə çatırlar, İran sərhədi bağlı olur, heç kəsi buraxmırlar. Nəhayət, türk gömrük rəisinin köməyi ilə onlara İrana keçməyə icazə verirlər. Makudan kiralanmış avtobusla yola düşürlər. Nurəddin Qərəvi Təbrizə çatanda küçələrdə atışma getdiyinin şahidi olur. Çətinliklə də olsa, bir taksi tapıb evlərinə gedir...



N.Qərəvi 1979-cu ildə Tehranda və Təbrizdə dostları və tanışları ilə görüşür. Onlara deyir ki, Şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən və İran İslam İnqilabından öz millətimizin xeyrinə istifadə etməliyik. Bunun üçün yeni bir quruma ehtiyac var. Onlara "Vahid Müstəqil Azərbaycan Cəbhəsi" ideyası haqqında danışır. Onu dinləyənlərə belə bir radikal addım ağır gəlsə də, sonda ideyanı qəbul edirlər. Qalır qurumun məramnaməsini və əsasnaməsini hazırlamaq. Nurəddin Qərəvi bütün bunları Almaniyaya döndükdən sonra hazırlayıb İrandakı dostlarına göndərir. Avropada da bu yöndə çalışmağa başlayır. Qurumun içəridə gizli, ölkə xaricində isə yarıgizli çalışması lazım idi. Təəssüf ki, o zaman güneylilərin çoxu özlərini iranlı bilirmişlər...

İkinci bir problem isə o idi ki, Avropada insanlar Azərbaycan adlı bir ölkənin varlığından xəbərsiz idilər. Nurəddin Qərəvi bir xalqı tanıtmağın ən gözəl yolunun mədəniyyət olduğunu nəzərə alaraq Azərbaycan musiqisi yazılan kasetləri yaymağa başlayır. Sonra bir aşıq cəmiyyəti qurur.

Faransanın Strasburq şəhrində isə Dr. Əhməd Mehrebani yoldaşları ilə Fransa ocağını qururlar. Danimarkada, İsveçrədə, İngiltərədə də ocaqların qurulması naminə bəzi addımlar atılır, Nurəddin Qərəvi bunun üçün həmin ölkələrə səfər edir.

Kanadada da cəmiyyətlər qurulur. Azərbaycan ruhunu canlandırmaq üçün konsertlərə ehtiyac var idi. Bu məqsədlə Lütfiyar İmanov və Zeynəb Xanlarova ilə əlaqə yaradılır. Nurəddin Qərəvinin təşəbbüsü ilə Bakıdan Almaniyaya Azərbaycan rəqslərini bilən bir müəllim gətirilir. O, 6 ay Almaniyada qalıb Bonn, Köln və Hamburq şəhərlərində azərbaycanlılara rəqslərimizi öyrədir.

Məhşur “Ana dili” qazeti və Azərbaycan adlı təşkilatlar belə yaranır...

Nurəddin Qərəvi 1984-cü il iyulun 1-də Azərbaycan üçün daha böyük bir işə imza atır: ilk dəfə olaraq “Ana dili” qazetini yayımlamağa başlayır. Öz hesabına nəşr etdirdiyi bu qəzetdə həm də baş redaktor kimi fəaliyyət göstərir. Qəzet mühacirlərin milli şüurunun inkişafı istiqamətində əvəzsiz işlər görür. Nəşr bütün Avropa ölkələrində, ABŞ-də, Kanadada, Türkiyədə, İranda, İraqda və Quzey Azərbaycanda yayılır. Bakıda qəzeti Abbas Zamanov yayır. Qəzetin adından ilk dəfə olaraq ölkə xaricində Azərbaycan Milli Hökumətinin (1945-ci ildə) ildönümü qeyd olunur. Eyni zamanda, Azərbaycan dilində dərslik, ərəb əlifbasında lazimi dəyişikliklərin aparılması layihəsi, Pişəvərini “Qızıl səhifələr” adlı kitabı çap edilir.

Avropadakı cənublu azərbaycanlıların milli haqlar, dil və mətbuat müstəvisindəki mübarizəsində “Ana dili” qəzeti əhəmiyyətli rol oynamışdır. Nəşr oldunduğu gündən müstəqil Azərbaycan idealını özünün əsas hədəfi seçmiş qəzet o taylı-bu taylı Azərbaycanda baş verən bütün vacib hadisələrə səhifələrində yer ayırır milli hüquqların, o cümlədən ana dilinin qorunması məsələsini daim diqqətdə saxlayır. “Ana dili”ndə tədris sisteminin fars dilində olmasının türk uşaqlarına mənfi psixoloji təsirlərindən söz açan onlarla məqalə işıq üzü görmüşdür. Həmin məqalələrin birindən qısa bir parçanı nəzərdən keçirək:

“İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi “7 yaşına qədər ana dilinə qarşı qazandığı hiss və sevgilərin çiçəkləndiyi bir anda məktəbə getdiyi ilk gündən özgə bir dildə öyrənməyə məcbur edilir və bu, uşağın ruhunda, mənliyində yeni izlər qoyur”.

Qəzet araşdırma apararaq belə nəticəyə gəlir ki, ailə və məktəbdə hakim olan fərqli şərait uşağın şüurunda doğma dili haqqında mənfi baxışın yaranmasına, yəni bu dilin pis (kobud) və az dəyərli olması haqqında təsəvvürün formalaşmasına səbəb olur. Əraq, Qəzvin və Həmədanda türk dilinə müəllimlərin qoyduğu qadağalar (valideynlərə deyilirdi ki, guya dövlət tərəfindən göstəriş verilmişdir ki, evlərdə farsca danışsınlar) qəzetin səhifələrində öz əksini tapmış və İran rejiminin atdığı bu addımlar kəskin tənqid olunmuşdur.

Almaniyadakı azərbaycanlıların keçirdiyi tədbirlər dil uğrunda mübarizənin tərkib hissəsi idi. Hər il 21 Azər hadisəsinin ildönümü münasibətilə keçirilən yığıncaqlarda ən çox səslənən şüarlar ana dili ilə bağlı idi. 1980-ci illərin sonlarına doğru müstəqil dövlət qurmaq ideyaları irəli sürülməyə başlandı. 12 dekabr 1987-ci ildə 21 Azər hadisəsinin ildönümü zamanı təşkil olunmuş tədbirlərdə əsas şüarlar bunlar idi:

“Özgürlük Azərbaycan xalqının vaz keçilməz hüququdur”, “Məhv olsun vətənimizə hakim olan irtica rejimi”, “Qurtulmaq üçün ayağa qalxmalıyıq və öz etirazlarımızı beynəlxalq dairələrə bildirməliyik”, “İranda demokratiyanın yaranması yalnız bütün İran xalqlarının öz milli hüquqlarına və özgürlüyünə yetişməklə mümkündür”.

1986-cı ildə Nurəddin Qərəvinin rəhbərliyi ilə Almaniyanın Bonn, Qərbi Berlin, Köln kimi şəhərlərində “Azərbaycan kültür ocağı” yaranır, ocağın “Savalan” adlı dərgisi nəşrə başlayır. (Nəşr N. Qərəvinin vəsaiti ilə işıq üzü görür) “Azərbaycan kültür ocağı” güclü bir təşkilata çevrilir, bütün Avropadakı mühacirləri öz çətiri altına toplamağı bacarır. Hər bir milli ruhlu güneyli bu təşkilatı milli haqlar, dil, özgürlük uğrundakı mücadilənin aparıcı qüvvəsi kimi qəbul edir. Sonrakı illərdə Almaniya ilə bərabər Fransa, Danimarka, Belçika, Avstriya, Hollandiya, İsveç, Norveç, Kanada, ABŞ, İngiltərə və digər ölkələrdə də bu cür təşkilatlar yaranır.



Nurəddin Qərəvi Vahid Müstəqil Azərbaycan Cəbhəsinin orqanı olan “Carçı” qəzetinin nəşrinə də nail olur.

Sonradan “Azərbaycan Kültür Ocağı”nın Berlin özəyində bəziləri “Savalan”ı öz adına çıxmaq istəyirlər. Bu, xaricdə qurulmuş cəmiyyətlərin bir konfederasiya halına salınması zərurətini ortaya qoyur. Bu məqsədlə Nurəddin Qərəvinin təşkilatçılığı ilə Bonn şəhərində 3 günlük toplantı keçirilir. Toplantıda Azərbaycan bayrağı ucaldılır.

Amerikanın Avropa üzrə nümayəndəsi David Nisman da bu toplantıda iştirak edir. Toplantıda Qarabağ haqqında qərar qəbul edilib Azərbaycan hökumətinə və parlamentinə göndərilir. Tədbirin bütün xərclərini Nurəddin Qərəvi, Firudin Pərviz Niya və Əhməd Mehrebani qarşılayırlar.

Bu arada Əhməd Obalı və Şəhbazi də Almaniyaya gəlib Dünya Azərbaycanlıları Konqresi haqda onlarla danışıqlar aparırlar.

Dünya Azərbaycanlıları Konqresinin 3-cü Qurultayı keçiriləndə Nurəddin Qərəvi beş metrlik Azərbaycan bayrağı tikdirir. (Həmin bayrağı indiyə kimi saxlayır) Qurultayda yalnız güneyli soydaşlarımız iştirak edirlər, onların sayı 250 nəfər olur.

Qurultaya Nurəddin Qərəvi məsul seçilir.

Strasburq şəhərində keçirilən 5-ci Qurultayda isə Firudin bəy məsuliyyəti öz uzərinə götürür. Firudin bəydən sonra isə məsuliyyət Cavad Derəxtiyə ötürülür. Təəssüf ki, bir müddət sonar DAK öz yolundan cayır. Fəaliyyətlər genişləndiyinə görə xərclər də get-gedə artır...

Xaricdə olduğu kimi, Azərbaycanın içində də Vahid Müstəqil Azərbaycan Cəbhəsi təşkilatlanmalı idi.

30 ildən sonra “Ana dili” nəşrinin çapı da dayandırılır.


Nurədiin Qərəviyə “Qara Yanvarı” Mizə Xəzər xəbər verir...

Bakıda baş verən qətliamı - Qara Yanvarı Mizə Xəzər gecə ilə Nurədiin Qərəviyə xəbər verir...

“Ana dili” qəzeti bu dəfə Bakıda olan hadisələri fotoları ilə birlikdə yaymaqla fəaliyyətə başlayır. Qəzet bu dəfə iki dildə - almanca və azərbaycanca nəşr edilir. Yanvarın sonu soydaşlarımız “Ana dili” adından etiraz mitinqi keçirirlər, 300 nəfərə yaxın etirazçı Azərbaycan bayraqları ilə Rusiya səfirliyi qarşısına toplaşır.

Nurəddin Qərəvi mitinqin qətinaməsini oxuyur, etiraz məktubunu səfirə təqdim edir. Bu hadisə Bonn mətbuatında və Almaniyada çıxan türk qəzetlərində də geniş yayılır.

Nurəddin Qərəvi Birinci Qarabağ savaşı dövründə də Bonda Rusiya səfirliyi qaşısında mitinq təşkil edir. Mitinqdən sonra rus səfiri onunla danışmaq məcburiyyətində qalır.

Azərbaycan - Bakı həsrəti...

Nurəddin Qərəvi uşaqlıqdan Azərbaycanın, Bakının həsrətini çəkirdi. 1987-ci ildə Nəbi Xəzrinin dəvəti ilə Bakıya 15 günlük səfərə gəlir. Səfər zamanı tanınmış yazıçı və şairlərimizlə, qəzetçilərimizlə tanış olur. Üniversitetlərdə, Yazıçılar İttifaqında və televiziyada çıxış edir. Onun şərəfinə Yazıçılar İttifaqında ziyafət verilir. Çıxışlar saat 11:00-dan 16:00-a kimi davam edir. Ziyafətdə onun sol tərəfində Süleyman Rüstəm, sağ tərəfində isə Balaş Azəroğlu və Abbas Zamanov otururlar.

Nurəddin Qərəvi ziyafətdə çox cəsarətli çıxış edir. Hər iki Azərbaycanın taleyi, milli hökumət və sürgünə göndərilən güneylilər haqqında danışır.

Bakı səfəri zamanı Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqaları ilə tanışlığı bir ömür dostluğa, sirdaşlığa çevrilir.

Səfər zamanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (MK) də onun şərəfinə qonaqlıq verir. Qonaqlıqda Seyid Cəfər Pişəvərinin taleyi haqqında söhbət gedir və qərara alınır ki, onun yaşdığı ev muzeyə çevrilsin. MK-nın bu qərarı radio və televiziyalarda da yayımlanır.

Təəssüf ki, sonradan qərar unudulur.

Nurəddin Qərəvinin Bakıya ilk səfəri zamanı Balaş Azəroğlu, Söhrab Tahir və başqaları ilə də “Azərbaycan” otelində maraqlı görüşləri olur. Hökumə Billuri isə onu evinə dəvət edir. Nurəddin Qərəvi Seyid Cəfər Pişəvərinin sürücüsünün evinə də gedir, onun necə öldürüldüyü haqqında fikirlərini öyrənir.

Onun Azərbaycana – Bakıya ikinci gəlişi Ayaz Mutəllibovun prezidentliyinin ilk günlərinə təsadüf etib.

Bu səfər zamanı Əbulfəz Elçibəylə tanış olur, onunla bir çox məsələlər ətrafında danışıqlar aparır. Əsas mövzu isə Arazın o tayındakı mövcud durum, Qarabağ müharibəsi, erməni siyasəti, güney-quzey məsələsi, İran və gələcək Azərbaycan manatı ilə bağlı olur.

Nurəddin Qərəvi Elçibəylə söhbəti zamanı ona 6 ay sonra hakimiyyətə gələcəyini və 6 aydan sonra da hakimiyyətdən gedəcəyini deyir.

Əbülfəz Elçibəylə danışıqlarıda Elmira Əhmədova da iştirak edir.

Təəssüf ki, Nurəddin Qərəvi Əbülfəz Elçibəylə danışıqlarının detallarını hələ indiyə kimi heç yerdə açıqlamır.

Qaçqınlara yardım və Heydər Əliyevlə ilk görüş

O, Qarabağ hadisələri və məcburi köçkünlərin öz yurd-yuvalarını tərk etmələrindən çox narahat idi. Soydaşlarımıza dəstək məqsədilə həmin dövrdə Almaniyada və İsveçrədə yardım - ilk növbədə geyim toplamağa başlayır. Bonn şəhərində 76 ton paltar toplayıb bir farsın anbarına yığır.

Bu məsələdə Azərbaycan səfirliyi onlara heç bir dəstək olmur.

Sonra qardaşı Dr. Məhəməd Həsən Qərəvi ilə birlikdə Almaniyada dərman şirkətlərindən dərman toplamağa başlayırlar. 500 tona yaxın dərman vasitələrini təyyarə ilə Bakıya özü gətirir. Təyyarə Köln hava limanında 15 dəqiqə gecikir. Bu, Almaniyada görünməyən hadisə olur.

Gecə saat 2:00-da Bakıya çatır və onu Prezident Aparatından iki nəfər, Elmira Əhmədova və həyat yoldaşı qarşılayır. Maraqlıdır ki, o zaman dərman bağlamalarının birini oğurlamaq istəyirlər.

Ertəsi gün mərhum prezident Heydər Əliyevlə görüşür. Paltar yardımlarını Azərbaycana gətirmək üçün təyyarəyə ehtiyac olduğunu deyir. Heydər Əliyev isə müharibə getdiyinə görə Azərbaycanın buna imkanı olmadığını bildirir.

Bundan sonra Nurəddin Qərəvi toplanan paltarları Almaniyanın xeyriyə cəmyətlərindən olan "Samarita Buna" vasitəsilə beş böyük yük maşını ilə Azərbaycana gətirir. O zaman Nurəddin Qərəvi Azərbaycana əsgər formasında gəlir və cəbhəyə getməyə də hazır olduğunu deyir.

Bu arada, məcburi köçkünlərə məsul bir nəfər “niyə dərman yerinə dollar gətiməmisən” sözünə görə ondan üzr istəyir.

Heydər Əliyevlə görüşü zamanı Nurəddin Qərəvi ona Almaniyadakı Azərbaycan elçiliyinin binası olmadığı barədə məlumat verir. Bildirir ki, Azərbaycan elçiliyinə Türkiyə səfirliyində, qapıçıların yanında kiçik bir otaq ayırıblar. Bu da azərbaycanlıları çox incidir.



Heydər Əliyev dərhal bu haqda Azərbaycanın Almaniyada ilk səfiri olan Hüseynağa Sadıqova tapşırıq verir. Bundan sonra məsələ həll olunur.

O vaxta qədər Hüseynağa Sadıqov Bonda bir oteldə qalırmış. Nurəddin Qərəvi Dr. Kuşeşi ilə birlikdə onunla görüşür. Üç gün sonra Bonnda Hilton hotelində H.Sadıqova qonaqlıq verirlər. Qonaqlığa azərbaycanlı həkim və iş adamları da dəvət edilir. Onlar səfirliyin açılış xərclərini qarşılayacaqlarına söz verirlər. Qərar belə olur ki, H.Sadıqov Bakıya gedib qayıtdıqdan sonra onlarla yenidən görüşsün. Beləcə, Azərbaycan səfirliyi Nurəddin Qərəvinin evinin yaxınlığındakı bir binada yerləşir. Nurəddin Qərəvi və dr. Gitfər elçiliyə Azərbaycan xalısı hədiyyə edirlər.

Heydər Əliyevin o məhşur tövsiyyəsi...

1994-cü ildə Heydər Əliyev Almaniya səfəri zamanı xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşür. Onların arasında “Ana dili” qəzetinin naşiri və redaktoru doktor Nurəddin Qərəvi də olur.

O görüşdə Heydər Əliyev belə bir çıxış edir: “Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz. Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır...”.

Nurəddin Qərəvi ömrünün bütün vaxtlarını təzyiqlər altında yaşayıb, hücumlara, təhqirlərə, fiziki şiddətə məruz qalıb. Lakin doğru bildiyi milli mücadilə yolundan heç zaman dönməyib.

...Azərbaycan sevdalısı Nurəddin Qərəvinin artıq 79 yaşı var. Öz hesabına çıxardığı “Ana dili” qəzetində Azərbaycanın mədəniyyətini, musiqisini, elmini təbliğ etsə də, Qarabağ mövzusunu, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri, Xocalı soyqırımını bütün dünyaya yaysa da, ömrünü qərib ölkələrdə yaşasa da, yenə “nə qədər sağam, Vətənə qulluq etməyə hazıram”,- deyir.

Nurəddin Qərəvi işğaldan azad olan Qarabağa öz təhfəsini də vermək istəyir: Almaniyada ilk şəxsi stomatoloji klinikanın sahibi kimi Qarabağ Universitetində çağdaş stomatoloji fakültənin yaradılmasında yardımçı olmaq arzusundadır.

Arzunuza çatmağı diləyirik, Vətən aşiqi!

Diaspora.TV

Şərhlər

Yaz...