Tarix: 22.05.2024 / 09:36
Əgər məmur kimi hansısa kabinetdə oturacaqlarsa...  - İlahiyyatçı

Əgər məmur kimi hansısa kabinetdə oturacaqlarsa... - İlahiyyatçı

“Azərbaycanda din xadimlərinin təyin edilməsi proseduru bəllidir. Bu təyinat “Dini etiqad azadlığı haqqında” qanun əsasında aparılır. Təyinata qədər həmin şəxslər bir neçə yoxlamadan keçir. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti ilə din xadimlərinin təyinatı prosesi həyat keçirilir”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli xarici ölkələrdə, xüsusən də böyük şəhərlərdə yaşayan azərbaycanlıların ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunması ideyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müntəzəm şəkildə Qafqaz Müsəlmanları İdarəsinin keçirdiyi attestasiyalar din xadimlərinin fəaliyyətini yoxlamaq üçün nəzərdə tutulub:

“Məncə, xarici ölkələrə hansısa din xadiminin təhkim edilməsinə ehtiyac yoxdur. Sadəcə, dini təbliğat sahəsində görülən işlərin keyfiyyətini artırmaq, maarifləndirmə fəaliyyətini rəsmi statsitika olmaqdan çıxarmaq lazımdır. Milli kimliyi ilə dini kimliyini bir arada tuta bilən din xadimlərinin İslam təbliğatında rolundan ciddi şəkildə yararlanmaq lazımdır. “Vətəni sevmək imandandır” hikmətinə uyub, Azərbaycana ruhu, əməli ilə bağlı olan, savadlı din xadimlərinin nüfuzundan istifadə etməklə zərərli təsirlədən qorunmaq mümkündür”.


R.Mirhəşimli hesab edir ki, hər şeydən öncə isə din xadimləri öz davranışlarına ciddi diqqət etməlidir:

“Çünki insanlar dinin mahiyyətini, ehkamı, fəlsəfəsini inanclı insanların davranışında axtarır. Din xadimlərinin xarakter və davranışlarında görünən neqativ hallar insanların din barədə baxışlarının dəyişməsinə səbəb olur. Din xadimi cəmiyyətə örnək şəxs olmalıdır ki, insanların tənqidləri də dinin üzərinə yönəlməsin. Ariflər demişkən, nüfuzlu adamın “yıxılması” ilə cəmiyyət əziyyət çəkir”.

İlahiyyatçı Elşad Mirinin fikirincə, birinci növbədə dinlə əlaqəli məsələlər öz həllini tapmalıdır:

“Əgər bu din adamları ənənəvi din anlayışını insanlara çatdıracaqlarsa, bunun faydası olacaqmı? Əgər həmin din adamları mənsub olduqları məzhəb anlayışına uyğun fəaliyyət göstərəcəksə, bunun xeyri olacaqmı? Əgər həmin şəxslər məmur kimi hansısa kabinetdə qalacaqlarsa, məscidlərlə əlaqələri virtual olacaqsa, buna ehtiyac varmı? Əgər məzhəbsiz, dövrün texnoloji imkanlarına malik insanlarla olarsa, bu daha gözəl olar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...