“Diasporlarımız xaricdə Azərbaycan naminə çox yüksək səviyyədə tədbirlər həyata keçirirlər”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, istər muğamımız, istərsə də musiqi alətlərimiz həmişə əcnəbilərdə böyük marağa səbəb olub:
“Demək olar ki, xarici ölkələrdə iştirak etdiyimiz tədbirlərin çoxu diasporların dəvəti və Mədəniyyət Nazirliyinin xətti ilə olub. Həm qarşılanma, həm tədbirlər çox gözəl olub və böyük təəssüratlarla ölkəmizə gəlmişik. Hələ mən şahidi olmuşam ki, əvvəllər biz Avstriyada konsert səfərində olarkən rəqqasımız Zita Babazadədən rəqslərimizi öyrənib və böyük məharətlə çıxış ediblər”.
“Fransadan, Almaniyadan və Arazın o tayından - Cənubi Azərbaycandan gələn qonaqlar dəfələrlə muğam dərslərimdə iştirak ediblər. Qardaş Türkiyə, Fransa, Tehran, Təbrizdən tələbələrim olub”, - deyə G.Məmmədova bildirib.
Xalq artisti qeyd edib ki, bacısı, Xalq artisti Gülyanaq Məmmədova ilə birgə xaricə qostrol səfərləri olur:
“Biz iki bacı hansı xarici ölkələrdə səfərdə olmuşuqsa, orada konsertlər vermişik. Mədəniyyət Naziliyinin təşkil etdiyi "Mədəniyyət günləri"ndə belə anları dəfələrlə yaşamışıq. Bu maraq kecmişdə də olub, indi də var”.
Xəyalə Zöhrab
Diaspora.TV