“Türkiyədə diaspor təşkilatlarımız digər icmalardan fərqli olaraq diaspor hərəkatını vahid gücə çevirməkdə çətinlik çəkirlər”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində Türkiyə və Azərbaycan İş Qadınları “TurkAz” Platformasının prezidenti Yeganə Quliyeva deyib.
“Bəziləri bu sahədə dövlət tərəfindən verilən stimuldan və Diaspor Komitəsinin sədri Fuad Muradovun üzərinə qoyulan vəzifələrdən sui-istifadə edir. Düzgün seçilməyən insanlarla işlər görülür. Türkiyə Azərbaycana ən yaxın ölkə olmasına baxmayaraq, bu sahədə uğur qazana bilməmişik. Yanlış adamlar seçilib layihələr hazırlanır, sonrası da göz qabağındadır. Düşünürəm ki, biz daha fəal olmalıyıq. Bunun üçün təkcə siyasi əlaqələr kifayət etmir”, - deyə Y.Quliyeva bildirib.
Y.Quliyeva qeyd edib ki, 22 ildir Türkiyədə yaşayır və sosial layihələr həyata keçirir:
“Bu müddətdə diasporun Türkiyədə bir layihə ilə iz qoyduğunu, insanları birləşdirdiyi hansısa işə imza atmasına təsadüf etməmişəm. Bunun səbəbi, yuxarıda qeyd etdiyim kimi, yanlış insanlarla iş görülməsidir. Komitə sədri Fuad Muradovun bu sahədə nə qədər əzmli olduğunu bilirəm, amma bu işləri təkcə Fuad Muradovla etmək olmaz. Digərləri də eyni yolda, eyni düşüncədə olmalıdırlar. Biz uzun illər bu sahədə səylər göstərmişik və indi möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Türkiyə-Azərbaycan əlaqələri böyük yol qət edib. Bununla belə, hesab edirəm ki, hələ görüləcək çox iş var. Bunları ancaq düzgün insanları və istedadlıları seçməklə etmək olar”.
Y.Quliyeva bildirib ki, hərə bir dərnək qurub və eyni adamlardan ibarət təşkilatların heç birimizə faydası olmayacaq:
“Əlbəttə ki, bura Diasporla işləyən birliklər, federasiyalar da daxildir. Kimliyindən asılı olmayaraq bütün soydaşlarımız arasında isti münasibət yaratmaq lazımdır. Biz bir olsaq, güclənəcəyik, səsimiz daha da ucalacaq. Yəni şəxsi mənfəət üçün işlər görülməsə daha çox uğur qazanarıq”.
Həsən Hüseynov
Diaspora.TV