Tarix: 31.10.2024 / 13:15
Dünyanın üçüncü ən böyük günbəzinə sahib şəhər -    GÜNEY AZƏRBAYCANI TANI

Dünyanın üçüncü ən böyük günbəzinə sahib şəhər - GÜNEY AZƏRBAYCANI TANI

Sultaniyyə şəhəri Zəncan əyalətinin mərkəzi sayılan Zəncan şəhərindən təxminən 45 km aralıda yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Sultaniyyə şəhəri, əslində, Sultaniyyə rayonunun (şəhristan) mərkəzi sayılır, Gözəl Dərə, Qərə Bulaq, Sünbülova və Hilli bağı adlı qəsəbələri öz ətrafında birləşdirir. Qeyd etmək lazımdır ki, Sultaniyyə rayonu yaxın zamanlara qədər Zəncan əyalətinin Əbhər rayonunun tərkib hissəsində yer almaqda idi, lakin 1993-cü ilin avqustundan həmin rayondan ayrılaraq müstəqil şəhərə çevrilib.



2017-ci ilin siyahıyaalınmasına əsasən, Sultaniyyə şəhərinin əhalisi 29 480 nəfər olub. Azərbaycanın qədim şəhərlərindən biri olan Sultaniyyə rayonunun əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışırlar.

Azərbaycanın bir çox şəhəri kimi Sultaniyyə rayonu da dağlıq bölgədə yerləşməkdədir. Bu bölgə sərin və soyuq havaya, çoxlu çəmənliklərə və yaylaq iqliminə malikdir. Bu bölgənin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Bu şəhərin iqtisadi və mədəni baxımdan, xüsusilə də turizm baxımından inkişaf və tərəqqi etməsi üçün yüksək potensiala malik olmasına baxmayaraq, mərkəzi hökumətin Güney Azərbaycanla bağlı siyasəti layiqincə tərəqqi edə bilməsinə mane olub.

Sultaniyyənin tarixinə qısa nəzər

Uzunmüddətli müharibələrdən, geniş ərazilərin zəbt edilməsindən və hətta İslam dünyasına 500 ildən artıq hökmranlıq edən Abbasilər İmperiyasının paytaxtını ələ keçirdikdən sonra, nəhayət, moğollar Azərbaycanda sakit və dinc bir həyata başladılar. Onlar əvvəlcə Marağa, sonra isə Təbrizi öz imperiyalarının paytaxtı etdilər və ümumiyyətlə Azərbaycanın, xüsusilə də bu iki şəhərin inkişafı və tərəqqisində çox böyük rol oynadılar. Amma bildiyimiz kimi, moğollar Marağa və Təbriz kimi böyük şəhərlərdə yaşamağa öyrəşməmişdilər. Onlar atın belində çöllərdə ova çıxmağı və yaylaqlarda çadırlarda yaşamağı böyük şəhərlərdən üstün tuturdular. Elə buna görə də, moğollar bir dönəm Təbrizdə yaşadıqdan sonra paytaxtı Təbriz şəhərindən Sultaniyyə çöllərinə daşıdılar. Sultaniyyənin sərin və soyuq iqlimi, eləcə də çəmənlikləri moğolların ilkin məskəninə çox bənzəyirdi.

Əslində, moğollardan əvvəl əhəmiyyətli və böyük şəhərlər sayılan Təbriz və Marağadan fərqli olaraq, bu şəhərin böyük Moğol Elxaniləri İmperiyasının (1256- 1335) Azərbaycandakı yadigarı olduğunu söyləmək olar. Bu şəhərin ilkin tikintisi 4-cü moğol elxanı Arqun xanın dövründə başlanmış və onun qardaşı, 7-ci moğol elxanı Qazan Xanın zamanında başa çatdırmaq üçün çox səy göstərilmişdi. Lakin bu işi sona çatdıran şəxs Arqun xanın oğlu və Qazan Xanın qardaşı 8-ci moğol elxanı Sultan Məhəmməd Ulucaytu olub.

Qazan Xan Təbrizdə Şam Qazan deyilən hökmranlıq binasını tikdirmişdi. Təəssüf ki, bu gün Təbrizdə Qazan xanın adını daşıyan Şam Qazan məhəlləsinin adından başqa heç nə qalmayıb. Qazan xanın üslubuna uyğun olaraq Sultaniyyə şəhərinin mərkəzində Sultanın məqbərələrinə həsr olunmuş qala tikilmiş və onun mərkəzində səkkiz minarəli günbəz ucaldılmışdı. Həmçinin onun yanında monastr, məktəb, Dar əs-Siyadə, qonaqlama kompleksləri və xəstəxana tikilmişdi. Xərcləri üçün çoxlu vəqflər nəzərdə tutulmuşdu və nəzarəti Moğul Elxanlarının bilgin və alim vəziri Xoca Rəşidəddin Fəzlullah Həmədaniyə həvalə edilmişdi. Beləliklə, 10 il ərzində çəmənlikdən başqa bir şeyi olmayan bu yer, İslam dünyasının ən əzəmətli yerlərindən birinə çevrildi və orada çoxlu binalar, məktəblər, məscidlər, hamamlar, bazarlar tikildi. Bütün təbəqələrdən olan çoxlu sayda insan bu şəhərdə məskunlaşdı. Sultaniyyə şəhərinin ətrafında dördkünclü bir qala tikdilər, uzunluğu 30 000 addım idi və divarlarının qalınlığı dörd atlının yan-yana hərəkət edə biləcəyi qədər geniş idi. Hər tərəfdən alimlər, sənətkarlar bu şəhərə dəvət edildilər.

Sultaniyyə Moğol Elxanlarından sonra əvvəlki əhəmiyyətini bərpa edə bilməsə də, tarixi sənədlər bu şəhərin sonrakı dövrlərdə də müəyyən maraq doğurduğunu göstərir. Kastiliya kralı III Henrixin Əmir Teymurun yanına göndərdiyi xüsusi elçisi, Ruy Qonzales de Klavixoya görə, Sultaniyyə bölgənin ticarət mərkəzi imiş və Hindistan, Bəlucistan və Əfqanıstanın müxtəlif bölgələrindən olan tacirlər ticarət üçün öz mallarını Sultaniyyəyə gətirirmişlər. Həmçinin Kəngər körfəzi vasitəsilə Sultaniyyəyə mirvari və qiymətli daşlar aparılır və bu şəhərin iqtisadi əlaqələri Venesiyaya qədər uzanırmış. Bu dövrdə Sultaniyyə böyük bazarları ilə Çin, Hindistan və Avropa tacirlərinin alış-veriş elədikləri yer olub.

Təəssüflər olsun ki, Əmir Teymurun hücumları nəticəsində şəhərin böyük bir hissəsi dağıdılıb və zaman keçdikcə Sultaniyyənin əhalisi azalıb və nəhayət, Teymurun oğlu Miranşahın dövründə Elxanilər imperiyasından qalma bir çox tikililəri və abidələri dağıdılıb. 1404-cü ildə bu şəhərdə Miranşahla görüşən Klavixo şəhər haqqında belə yazır: “İyunun 26-da günorta radələrində nəhayət, böyük Sultaniyyə şəhərinə çatdıq. Miranşah bizi gözləyirdi... Sultaniyyə şəhəri düzənlikdə yerləşir və şəhərin ətrafında divar yoxdur. Şəhərin ortasında daşdan tikilmiş böyük bir saray və çoxlu qüllələr var. Bu qüllələrin hər birində bir top var. Sultaniyyə çox məskunlaşmış bir şəhərdir, lakin Təbriz qədər böyük deyil”.

Səfəvilər dövründə şəhərin əvvəlki dəyəri azalsa da, hələ də Təbriz ilə bu sülalənin padşahlarının sarayı arasındakı yol boyunda mühüm iqamətgahlardan biri hesab olunurdu. Bu zaman Olearius, Charden, Tavernier və s. kimi səyyahlar bu şəhərə gələrək onun haqqında bilgilər vermişlər. Charden şəhərin təsvirini də çəkmişdir:

Qacarlarla rusların arasındakı müharibələr zamanı Sultaniyyə Qacar ​​ qoşunları üçün sığınacaq yeri olmuşdur. Fətəli Şah Qacar müharibə meydanına daha yaxın olması məqsədi ilə ara-sıra Tehrandakı sarayını buraxıb Sultaniyyəyə gələrmiş. Fətəli Şah əsgərlərin bu ərazidə qaldığı müddətdə Sultaniyyə təpələrində köhnə Sultaniyyə şəhərinin materiallarından bir imarət tikməyi əmr edib. Lakin 1873-cü ildə baş verən böyük zəlzələ salamat qalmış əsərlərin dağılmasına səbəb olub və nəticədə səyyahların yazdığına görə, Sultaniyyə günbəzindən sonra şəhərin ən hündür binası olan Böyük məscid və başqa binalar tamamilə dağılıb.

Sultaniyyə şəhərinin gəzməli-görməli yerləri

İtaliyadakı Santa Maria del Fiore kilsəsinin və Türkiyədəki Ayasofya məscidinin günbəzindən sonra dünyanın 3-cü ən böyük günbəzi olan Sultaniyyə Günbəzi, şübhəsiz ki, şəhərin ən görkəmli turistik məkanı hesab olunur. Yuxarıdakı sətirlərdə bu möhtəşəm tarixi binanın keçmişi və tikintisi haqqında məlumat verilib.

Bu şəhərdə belə bir binanın olması İtaliyanın Florensiya və Türkiyənin İstanbulu kimi bu kiçik şəhəri də dünyanın hər yerindən saysız-hesabsız turistin məkanına çevirə bilər. Bu reallaşarsa, həm bir çox adama iş imkanı yaradacaq, həm də şəhərin inkişafına və çiçəklənməsinə yol açacaq. Amma təəssüflər olsun ki, Azərbaycanın bir çox iqtisadi və mədəni imkanları kimi bu unikal turistik məkan da mərkəzi hökumətin yanlış siyasətinin qurbanı olub. Buraxın turist cəlb etməyi, binanın qorunması və saxlanılması ilə bağlı da gərəkli tədbirlər alınmır.

Daş Kəsən məbədi

Daş Kəsən məbədinin də Moğol Elxanları dövrünə aid olduğu düşünülür. Bu məbədin tikintisini Arqun Şahın ölümündən sonra Sultan Məhəmməd Ulcaytunun bacısı Elcay xatun başladıb. Bununla belə, bəzi arxeoloqlar hesab edir ki, məbəd əvvəllər mitraizm ardıcıllarının ibadət yeri olub. Təbii ki, bunu sübut etmək üçün arxeoloji qazıntılar və tarixi araşdırmalar lazımdır. Lakin unutmayaq ki, Azərbaycanın bəzi qədim şəhərlərində mitraizm inancına aid məbədlər var. Elə bu layihənin çərçivəsində Marağa və Tufarqan şəhərlərində mitraizm məbədlərinin var olduğundan söz açmışıq.

Daş Kəsən məbədi bir neçə eyvan və qədim daş binalardan ibarətdir və onun bütün hissələrində relyef motivləri görünür. Həmçinin, Daş Kəsən məbəd kompleksində insanların məskənlərinə və ya anbarlarına aid olduğu ehtimal edilən əl ilə qazılmış olan üç dərin mağara da görünür.

Çələbi oğlu məqbərəsi

Hüssaməddin Çələbi böyük orta əsrlərin böyük şairi Mövlanənin ən məşhur və ən çox sevilən tələbələrindən olub. Mövlanə məşhur “Məsnəvi”sini onun tövsiyəsi əsasında yazıb. Mövlanənin məzarı bu gün Türkiyədə dünyanın müxtəlif yerlərindən ziyarətçiləri özünə çəkdiyi halda onun ustadı olan Təbrizli Şəmsin məzarı Xoy şəhərində və şagirdinin məzarı Sultaniyyə şəhərində unudulmaqdadır.

Çələbi Oğlu Türbəsi qərb və şərq tərəflərində hücrələri olan mərkəzi həyətdən ibarətdir. Bu kompleksin memarlıq planı təsəvvüf ideyalarından təsirlənib və məkanların hər biri özünəməxsus funksiya ilə dizayn edilib. Xanəgahın salonu mürşidin ortada olduğu və müridlərin onun ətrafında dövrə vurduğu və rəqs etdiyi yer idi.

Qeyd etdiyimiz kimi, Sultaniyyə dünyanın hər yerindən turistləri cəlb etmək üçün böyük imkanlara malik bir şəhərdir. Təəssüflər olsun ki, təxminən yüz il əvvəl Rza şah Pəhləvi dövründən başlayaraq mərkəzi hökumətin Azərbaycana qarşı qəbul etdiyi və həyata keçirdiyi siyasət bu bölgənin böyüməsinə və çiçəklənməsinə mane oldu. Bundan başqa Güney Azərbaycan türklərinin kimliyini dəyişmək üçün assimilyasiya və farslaşdırma siyasətləri də həyata keçirilir.

Lakin bu kiçik məqalədə də göründüyü kimi, türk və Azərbaycan kimlik komponentlərinə Azərbaycanın tarixi abidələrinin kərpiclərində, Azərbaycan xalça və kilimlərinin iplərində, Azərbaycanın yer və tikili adlarında, musiqi və rəqslərində, Azərbaycan şairlərinin şeirlərində, Azərbaycan aşıqlarının sazlarının tellərində, Azərbaycan analarının laylalarında, Novruz bayramı və ilin axır çərşənbəsi kimi ayin və mərasimlərdə və ən əsası Azərbaycan türklərinin qanında rast gəlinir. Bütün təzyiqlərə baxmayaraq, bu kimlik ruhu öləsi deyil. Güney Azərbaycanımızda son zamanlarda ciddi şəkildə cərəyan edən əslinə dönmə, yaxud özünəqayıdış prosesi bunun ən aydın sübutudur. Bu gün Güney Azərbaycan türkləri öz keçmiş tarixini və mədəniyyətini tanımağa və onları qorumağa ciddi şəkildə cəhd göstərir. Sultaniyyə şəhəri isə möhtəşəm abidələri və unudulmaz tarixi keçmişi ilə Güney Azərbaycan türklərinin tarixi yaddaşını özündə əks etdirir.

Məhəmməd Rəhmanifər, APA



Şərhlər

Yaz...