Bəşər Əsədin devrilməsindən sonra dünyanın diqqətini çəkən, qandonduran görüntülər yerli xalq arasında “Əsədin qəssabxanası” adlandırılan Sednaya və Tadmor yeraltı həbsxanalarından gəlir. Bu həbsxanalarda illərlə gün işığı görmədən, yerin bir neçə qat altında saxlanılmış adamların azad edilməsi görüntüləri dəhşət saçır. Azad edilənlərin çoxu yaddaşını itirib, bir çoxu dəli olub, demək olar ki, hamısı işğəncə nəticəsində şikəst edilib...
Suriyada 100-dən çox həbsxana...
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Suriyada 100-dən çox həbsxana və naməlum sayda gizli obyekt olub. Onların ən məşhurları və ən dəhşətliləri Tadmor və Sednaya yeraltı həbsxanalarıdır.
Tadmor qədim Palmira şəhərinin səhrasında, Sednaya isə Dəməşqin kənarında yerləşib. 2014-cü ildə “Sezar” ləqəbli rejimdən qaçan bir şəxs Suriya həbsxanalarında öldürülən və ya işgəncələrə məruz qalan məhbusların parçalanmış cəsədlərini əks etdirən on minlərlə görüntünü yayıb. O, təxminən 53 276 faylı suriyalı fəallara və beynəlxalq hüquq müdafiəçilərinə çatdıra bilib.
Human Rights Watch (HRW) bu məlumatları araşdırarkən, fotoşəkillərin hökumətin nəzarətində olan ən azı 6786 nəfərin öldüyünü sübut etdiyini bildirib. Bu “qəssabxanalardakı” insanlar kütləvi edam olunub, işgəncə verilib, ac-susuz və dərmansız saxlanılıb. Hazırda Suriyada bu insanlara məxsus kütləvi məzarlıqlar da aşkarlanır.
Neçə insan həbsxanada yatdı?
2011-ci ilin martından 2024-cü ilin avqustuna qədər təxminən 157 634 suriyalı həbs edilib. Bunun 5274-ü uşaq, 10221-i qadındır.
1971-ci ildə hakimiyyətə gələn Bəşər Əsədin atası Hafizin hakimiyyəti dövründə Suriyanın qorxulu təhlükəsizlik xidmətləri tərəfindən daha minlərlə insan oğurlanıb. Suriyada dəbdə olan səssiz-soraqsız “oğurlanma” məsələsi Bəşər Əsədin dövründə daha şiddətlə davam edib.
Buna görə də bu gün yardım qrupları hələ də yeraltı zindanlarda saysız-hesabsız insan olduğunu güman edir. Yeni hökumət üzvləri minlərlə məhbusun hələ də bu zindanlarda qaldığını iddia edərək, keçmiş əsgər və həbsxana gözətçilərini müxalifət qüvvələrinə yeraltı elektron qapıların kilidini açmaq üçün parollar verməyə çağırıb.
Suriyanın “Ağ Dəbilqəlilər” təşkilatı, həmçinin gizli obyektin üzə çıxarılmasına kömək edənlərə pul mükafatı təklif edib.
Dəqiq nə qədər adamın hələ də gizli həbsxanalarda saxlanıldığı bilinməsə də, indiyə qədər minlərlə qadın, həmçinin yaşlı və orta yaşlı kişi azad olunub.
Onlardan bəziləri həyatlarının çox hissəsini həbsxanada keçirib. Bu həbsxanalarda doğulmuş çoxlu uşaq da var.
İnsanlara necə işgəncə verilirdi?
“Əsədin qəssabxanaları”nda insanlara ağlasığmaz yollarla işğəncələr verilib.
Suriya rejimi real və güman edilən rəqibləri cəzalandırmaq üçün bir neçə üsuldan istifadə edib. Onlar məhbusları qamçılayır, yuxusuz saxlayır, elektrik cərəyanı verirdilər.
Qadınlar və kişilər müntəzəm olaraq soyundurulur, gözləri bağlanır və hətta zorlanırdı.
Üstəlik, Suriyada məhbusun kürəyindən əzilməsi ilə bağlı üç xüsusi işgəncə üsulu məşhurlaşdı.
Birincisi “Alman kreslosu” kimi tanınırdı və həbsxana gözətçilərinin məhbusları stulda oturtduqlarını və onurğaları qırılana qədər onları arxaya əydikləri cəza üsulu idi.
İkincisi "uçan xalça" adlanırdı, qurbanlar qatlana bilən taxtaya qoyulurdu.
Mühafizəçilər daha sonra lövhənin iki tərəfini qaldıraraq qurbanın dizlərini və sinəsini bir araya gətirib belini qırırdılar.
Nəhayət, həbsxana mühafizəçiləri məhbusları tez-tez nərdivana bağlayır, sonra isə nərdivanı itələyərək qurbanın kürəyi üstə yıxılmasını seyr edirdilər – təkrar-təkrar.
Qurbanlar danışır: “Mən sadəcə bir rəqəm idim”
“Mənim adım 1100 nömrə idi" dedi. Özünü Hala adlandıran bu keçmiş məhbus hələ də adı ilə çağırılmaqdan qorxurdu.
“Əl-Cəzirə” telekanalına danışan Hala bildirib ki, o, 2019-cu ildə Həmadakı bir keçid məntəqəsindən aparılıb, “terrorçuluq”da ittiham edilib – bu, tez-tez hökumətə qarşı çıxmaqda şübhəli bilinən hər kəsə atılan ittihamdır. O, Hələbə aparılıb və o vaxtdan bəri müxtəlif həbsxanalarda saxlanılıb.
O, azad edildiyi an barədə də danışıb: “Biz işığı görəcəyik, bunun gerçək olduğuna inana bilmirdik. Sevinc hədsiz idi. Biz sevindik və alqışladıq, arzuladıq ki, onları qucaqlayıb öpək”.
Hala sonradan öldüyünü dediyi 16 yaşlı başqa bir qızın həbs olunduğunu və işgəncələrə məruz qaldığını xatırladıb. Hala, qızın həbsinin evləndikdən cəmi iki ay sonra olduğunu söylədi, o, bir universitet tələbəsi, yaşlı bir qadın və polisin inqilabçıları müalicə etməkdə ittiham etdiyi iki həkimlə birlikdə saxlanılmışdı.
49 yaşlı Safi əl-Yasin Hələb həbsxanasından çıxması ilə bağlı deyib: “Bu, mənim doğum günüm kimi idi, sanki həyatımın ilk günü idi”.
Əl-Yasin noyabrın 29-dan əvvəl həbsxanaya yaxınlaşan döyüşlərin səsini başqaları ilə dinlədiyini xatırlayıb: “Təxminən 5000 məhbus var idi. Çıxmaq üçün pəncərələri, qapıları sındırmağa başladıq. Hətta zabitlər və mühafizəçilər də üsyançılara yaxalanmamaq üçün bizim həbsxanadan çıxmağımızdan istifadə edərək mülki paltar geyinib bizimlə bayıra çıxdılar”.
Əl-Yasin həbs olunmazdan əvvəl Suriyanın şimal-qərbindəki sahil şəhəri Baniyasda balıqçı qayıqları düzəldən dəmirçi idi.
Azadlığa çıxmazdan əvvəl o, 2011-ci ildə Suriya inqilabının başlanğıcında ölkəni bürüyən nümayişlərdən birində iştirak etdiyinə görə 31 illik həbs cəzasına məhkum edilib. Bu həbsin 14 ilini o Suriyanın geniş həbsxana sisteminin müxtəlif yerlərində “ağır fiziki və illərlə psixoloji işgəncələr” altında çəkib.
Əl-Yasin deyib ki, onun Sednayadakı günləri “təsvir olunmaz və yazıla bilməz: “Gördüyüm səhnələr ölənə kimi yaddaşımdan silinə bilməz”.
Azad edilən Maher də 2017-ci ildə “terrorçuluğu maliyyələşdirmək” ittihamı ilə həbs edilib. O, son 7 ili Suriyanın həbsxana sistemində mühakimə olunmadan həbsdə keçirib. O, hakimiyyət tərəfindən “unudulduğunu” düşünürdü, “sanki mən insan deyildim, mən sadəcə bir rəqəm idim”.
“İşgəncənin şiddəti və onun vəhşi üsulları ucbatından hər dəqiqə ölümə yaxınlaşdığımıı hiss edirdim. Hətta heyvan belə bunlara dözə bilməzdi” deyə, əlavə edib.
Amma bəlkə də onun ən sarsıdıcı anı Dəməşqin bədnam Mezzeh həbsxanasında qohumu ilə qarşılaşması olub.
"Avtobus gəldi və kamerama köçürülən məhbusları gətirdi" dedi Maher:
“Onların arasında qaynıma oxşayan bir məhbus da var idi. Əvvəlcə tərəddüd etdim və öz-özümə düşündüm ki, bu Ayman ola bilməz, o ola bilməz. Onun ayaqlarını kəsmişdilər”.
Maher, şübhələrini təsdiqləmək üçün məhbusa yaxınlaşır:
“Ayaqları kəsilmişdi, ağlını itirmişdi, tanınmaz hala düşmüşdü, mən ancaq qolundakı döyməsindən onun Ayman olduğunu təsdiqlədim”.
Həbsxanadan çıxanlardan biri ilə qarşılanan suriyalı isə BBC-yə bunları deyib: “Küçədə üst-başı kir-pas içində bir nəfər gördüm. O, taksi axtarırdı. Mən ondan necə kömək edə biləcəyimi soruşdum, adını, yaşadığı yeri soruşdum. O, yeraltı həbsxanadan azad edilmişdi, orda neçə il keçirdiyini bilmirdi. Adını soruşdum, 1320 dedi, öz adını, yerini, heç nəyi xatırlamırdı. Sadəcə, bir söz təkrarlayırdı: Humus, Humus…”/Lent.az