Tarix: 17.05.2024 / 10:23
Dünyadakı azərbaycanlı qadınlar arasında  kəlağayı müsabiqəsi keçirilir

Dünyadakı azərbaycanlı qadınlar arasında kəlağayı müsabiqəsi keçirilir

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib”.

Diaspora.TV xəbər verir ki, bu haqda “Azərbaycan qadınının gözəllik rəmzi - kəlağayı müsabiqəsi”nin təşkilat komitəsinin yaydığı məlumatda yer alıb.

Qeyd edilib ki, bu müsabiqə 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi ilə əlaqədar keçirilir. Müsabiqənin ideya müəllifi və təşkilatçısı Dünya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri Xatirə Qəmbərovadır. Eləcə də müsabiqənin münsiflər heyyətinin sədri Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfovadır:

“Müsabiqənin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizdən olan kəlağayımızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği, müasir geyimlərlə kəlağayıdan necə istifadə olunmasını nümayiş etdirmək, kəlağayımızı gələcək nəsillərə mədəni irs olaraq çatdırmaqdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar müsabiqədə iştirak edə bilər”.

Müsabiqənin şərtləri:

• kəlağayıdan istifadə edərək bir və ya bir neçə obraz yaradıb, şəkil (video da qəbul olunandır) çəkib müsabiqəyə göndərilməlidir.
• şəkil, video çəkərkən telefon eninə tutulmalıdır.

Məlumatda qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyənlər elektron materialı 25 may 2024-ci il tarixinə kimi [email protected] elektron ünvanına və ya +79605451099 Teleqram kanalına göndərə bilərlər. Eyni zamanda müsabiqə iştirakçılarının dəyərləndirilməsi, qaliblərin müəyyənləşdirilməsi münsiflər heyətinin Teleqram kanalında online şəkildə baş tutacaq. Qaliblərə diplom və mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, ki, müsabiqənin münsiflər heyətinin fəxri üzvləri pedaqogika elmləri doktoru Zəhra Muradova, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva, şairə, publisist, AYB-nin üzvü, Prezident mükafatçısı Nəsibə İsrafilqızı, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, publisist Güllü Eldar Tomarlı, Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” Milli Mədəni Mərkəzin sədr müavini Ülviyyə Abbasova, Pakistan Rumunya dostluq cəmiyyətin prezidenti Şəhla İsayeva, “ALİM” Elmi Assosiasiyasının rəhbəri Günel Səfərova, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçi və Prezidenti Billurə Bernad, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovadır.




Şərhlər

Yaz...