Tarix: 04.08.2024 / 18:50
Dünya Azərbaycanlıları Konqresi   necə yarandı?

Dünya Azərbaycanlıları Konqresi necə yarandı?

1997-ci ili Cənubi Azərbaycan diasporu üçün müəyyən dərəcədə canlanma ili adlandırmaq olar. Çünki bu ildə Cənubi Azərbaycan diasporunun milli-vətənpərvər təbəqəsinin həyatında mühüm hadisə baş vermişdi. 1997-ci il, iyunun 27-dən 29-dək Amerikada yaşayan, əsasən Cənubdan olan azərbaycanlılar ilk dəfə bir araya gələrək birlik nümayiş etdirib yüksək səviyyədə ümummilli tədbir keçirmişdilər. Bu tədbirə ABŞ-da yaşayan azərbaycanlı elitası Dünya Azərbaycanlıları Konqresi (DAK) adı ilə toplaşmışdı. 65 professorun, 91 elmlər doktorunun və 300-dən artıq iş adamının toplaşdığı bu konqres Azərbaycan tarixində möhtəşəm bir hadisə idi. Yeni qurumun rəhbəri Ziya Sədrul Əşrəfi konqresin əsas məqsədi haqqında bunları demişdi: “Biz bir qüvvəyə çevrilməliyik. İran azərbaycanlıları bütün dünyaya dağılıb. Demokratik ölkələrdə yaşayırıq və bu demokratiyanın verdiyi imkanlardan istifadə edib dilimizi, kültürümüzü qorumalıyıq, ölkələrin siyasi həyatında fəal olmalıyıq”.

DAK-ın İdarə Heyəti 9 nəfərdən ibarət idi: doktor Ə.Nəzmi (DAK-ın sədri), M.Sələhşur (I katib), R.Şahbazi, Fərid (texniki mühəndislər), doktor M.Xeşti (maliyyə məsələləri üzrə), Ceyhun Mollazadə (beynəlxalq məsələlər üzrə) və H.Qarapapaq (təşkilati məsələlər üzrə sədr). Bu tədbir mühacirətdəki mütərəqqi milli qüvvələrin böyük bir hissəsini öz ətrafında toplayaraq hər cür məhdud ideoloji-nəzəri ixtilafların, siyasi fikir ayrılıqlarının fövqünə yüksələ bildi. Onun işində Azərbaycan diasporunun daha çevik və aparıcı təbəqəsinin, yəni ziyalıların və iş adamlarının nümayəndələri fəal iştirak etdi. Mühacirət - İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsindəki cənublu milli-vətənpərvər qüvvələrin başqa mühüm və faydalı təşəbbüsləri kimi, bu tədbir də güclü hücumlarla qarşılaşmışdı. Ona qarşı bir çox ittihamlar irəli sürülürdü. Səbəb isə mühacirətdəki cənubluların yetərincə siyasiləşmiş təbəqəsi arasında gedən mürəkkəb sosial-mənəvi-psixoloji, ideoloji-siyasi və nəzəri mübarizədə, nəzəri-konseptual çəkişmədə gizlənir.

Cənubluların sosial davranışı, siyasi mədəniyyət sistemindəki bu ziddiyyətlər, mürəkkəblik onlar hələ İranda olarkən yaranmışdı. Məsələni mürəkkəbləşdirən də odur ki, Avropa və Amerika ölkələrinin daha qabaqcıl, demokratik mühitinin buradakı cənublulara təsiri də həmin ziddiyyətləri axıradək aradan qaldıra bilməyib. Problemə xaricdəki cənublu qüvvələr düşərgəsinin öz daxilində gedən sosial-siyasi, mədəni proseslər, yəni o qüvvələrin özlərinin qarşılıqlı münasibətləri baxımından yanaşsaq, deməliyik ki, öz cəbhə və məsləkdaşlarına qarşı daha çox yönəldilən bu cür ittihamların ortaya çıxması ən azı iki başlıca səbəbə bağlıdır. Birincisi, bu illərdə xaricdəki cənublu milli-demokratik qüvvələr düşərgəsində iki böyük fraksiya (ideya cərəyanı) var idi. O fraksiyalardan biri radikal yönümlü milli-demokratik qüvvələrdən (yəni həm yaxın, həm də uzaq perspektivdə istisnasız olaraq yalnız Bütöv Azərbaycan uğrunda mübarizə aparanlardan), digəri isə federalistlərdən (yəni bütöv Azərbaycan ideyasını mərhələ-mərhələ həyata keçirmək taktikasını müdafiə edən, Quzeylə addım-addım birləşmək variantını irəli sürən təkamülçülərdən) təşəkkül tapmışdı. Milli məsələnin həlli yol və üsullarına münasibətdəki bu taktiki-strateji müxtəliflik adıçəkilən fraksiyalar arasında daimi nəzəri-konseptual çəkişmələrə, fikir ayrılıqlarına, barışmazlığa gətirib çıxarırdı.

Bu cür fikir və mövqe toqquşmaları, taktiki və ideya-nəzəri ixtilaflar isə özünü bütün prinsipial məsələlərə münasibətdə labüdən, özü də əksər hallarda qeyriməqbul formalarda göstərir. Los-Anceles konqresinin çeşidli adlar altında gözdən salınmasını belə qruplararası qarşıdurma kontekstində normal, məntiqi reaksiya kimi dəyərləndirmək olar. Konqres təşkilatçılarının özlərinin federalist-təkamülçü cinahın təmsilçisi olduqlarını bildirmələri nəzərə alınsa, bəlli olacaq ki, ittihamların kəskin şəkildə üzə çıxmasında qeyri-adilik yoxdur.

Xaricdəki azərbaycançı milli-demokratik düşərgədə birləşən cənublu mühacirlərin çoxu öz cəbhədaşlarının baxışlarına sayğı ilə, rasional şəkildə, axıradək diqqətlə yanaşmağı hələ də gərəyincə bacarmırdılar. Bu isə həmin düşərgədə qruplararası, şəxsiyyətlərarası münasibətləri gərginləşdirirdi. Onların arasındakı qarşılıqlı münasibətlərin gərgin olmasının və bir-birinə qarşı ittihamlar irəli sürülməsinin, konkret olaraq Los-Ancelesdə keçirilən konqresin müxtəlif hücumlara məruz qalmasının ikinci mühüm səbəbi də əslində həmin mənəvi-psixoloji problemlərlə birbaşa bağlıdır.

Məsələnin bu tərəfi cənublular arasında çoxlu yeni rəqabət problemlərinin ortaya çıxmasını şərtləndirirdi. Sonuncu isə ümumi işə daha çox ziyan vuran, aradan qaldırılmayan çətinliklərdəndir.

DAK-ın yaranmasının iki mühüm əhəmiyyəti oldu. Birincisi, mühacirətdəki azərbaycanlı milli vətənpərvər qüvvələrin, başlıcası cənubluların ümummilli maraqları azərbaycançılıq ideyası ətrafında bir araya gəlib fikir mübadiləsi aparmasının, hətta təşkilati baxımdan birləşməsinin nəzəri, praktik baxımdan mümkün və faydalı olduğunu bir daha göstərdi. İkincisi, onların özünə olan inamını daha da artırdı, bu qüvvələr arasındakı ünsiyyət probleminin, ideoloji-siyasi, mənəvi-psixoloji baryerlərin aradan qaldırılmasında növbəti dönəmlərindən birinə çevrilərək əməkdaşlıq üçün geniş imkanlar açdı, ayrı-ayrı qrupların mövqelərinin, baxışlarının inkişafı, dəqiqləşməsi sahəsində növbəti müsbət addım oldu. AACB və DAK öz mövcudluğunda emosional, cari və keçici məqamlardan daha çox məhz rasional elementlər daşıyırdı. Bu, xaricdəki azərbaycanlı milli-demokratik qüvvələrin fəaliyyətinin İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi daha iri miqyaslı və rasional-realist fəallıq müstəvisi üzərinə keçməyə başlamasının məntiqi yekunu idi.

Nəzərdən qaçırılmamalıdır ki, Azərbaycanın və azərbaycanlıların qlobal milli-ictimai maraqları naminə ilk dəfə olaraq geniş lobbiçilik fəaliyyətinə başlamağı planlaşdıran hər iki təsisat əslində yalnız demokratik dəyərləri əsas götürən əlaqələndirmə mərkəzi idi. Bu təsisatların təşkilinin ən müsbət tərəflərindən biri də ondadır ki, onların hər ikisi fikir ayrılıqları, ideya-nəzəri və taktiki ixtilafların, məhdud siyasi maraqların və ambisiyaların fövqündə dayanır.

Yeganə Hacıyeva

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent


Redaksiyadan: DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub.

Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər. Həmin dövrdə təşkilatın parçalanması ilə Dünya Azərbaycanlıları Konqresi adı altında iki qurum fəaliyyət göstərib.

Dünya Azərbaycanlıları Konqresinin 2005-ci ildə parçalanmasından sonra yaranan DAK-lardan birinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xeşti rəhbərlik edib. Bir müddət sonra isə Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək Demokratik Dünya Azərbaycanlıları Konqresi adlandırıb.

2010-cu ilin dekabrın 24-də isə Dünya Azərbaycanlıları Konqresinin Almaniyanın Bonn şəhərində XI Qurultayı keçirildi. Qurultayda təşkilatın strukturunda dəyişiklik edildi, yeni həmsədrlik institutu yaradıldı. Beləliklə, Sabir Rüstəmxanlı və Firidun Pərvizniya Dünya Azərbaycanlıları Konqresinin həmsədri seçildilər.

2015-ci ilin aprelində Dünya Azərbaycanlıları Konqresinin İstanbul şəhərində keçirilən XIII qurultayında Sabir Rüstəmxanlı və Firidun Pərvizniya yenidən təşkilatın həmsədrləri seçildilər.

Şərhlər

Yaz...