Tarix: 29.07.2024 / 09:30

Dövlətin pulları hara silinir?

“Diasporla müsahibə” verilişinin növbəti qonağı İstanbulda fəaliyyət göstərən "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" Dərnəyinin rəhbəri, Hüseyn Cavid adına məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova olub.

Ş.Məmmədova müsahibədə Türkiyədə H.Cavid adına məktəbin fəaliyyətindən və soydaşlarımızın qardaş ölkədə aktivliyindən bəhs edib:

“Gördüm ki, bir erməni 17-18 ermənini yığıb kilsədə dərs keçir. Sözün əsl mənasında qısqandım, dedim niyə İstanbulda bizim bir məktəbimiz olmasın?! Beləliklə, soydaşlarımızı tapdım, min bir əziyyətlə məktəb açdım. Hazırda xeyli sayda azərbaycanlı məktəbimizdə təhsil alır. Hətta 11 illik sistemi 9 ilə bitirən şagirdimiz də var. Şagirdlərimiz Azərbaycanda - Dövlət İmtahan Mərkəzində imtahan verirlər”.

Maarifçi xanım qeyd edib ki, məktəbin fəaliyyətinə Azərbaycan dövləti və iş adamı Anar Əlizadə dəstək verir:

“Kim deyirsə ki, dəstək olunmur, məktəb fəaliyyət göstərmir, yanlış informasiya yayır. Dərs vəsaitlərimizi Azərbaycandan Elm və Təhsil Nazirliyi göndərir. Məktəbimiz yüksək səviyyədə fəaliyyət göstərir. Pandemiyadan sonra iş adamı Anar Əlizadə müəllimlərin maaşını öz üzərinə götürüb. Mən bu dəstəklərin heç birini dana bilmərəm”.

Ş.Məmmədova İstanbuldakı konsulluğumuzun da gördüyü işləri müsbət dəyərləndirib:

“Türkiyədəki səfirliyimiz və konsulluğumuz bizə hər zaman dəstək verib. Ancaq Diasporla İş üzrə Dövlət Komitəsi barədə eyni sözü deyə bilmərəm, onların burda nə iş gördüyü məlum deyil. Gəlib dost-tanışlarını yığıb, yeyib-içib qayıdırlar. Mənim şəxsi gördüyüm işlər, onlardan daha faydalıdır. Audit gəlsin Türkiyəyə, yoxlasın ki, onların xərclədiyi 100 minlər hara gedir? Diasporla İş üzrə Dövlət Komitəsi məni heç tədbirlərə də çağırmır. Çünki mən onların fəaliyyətini görmürəm və tənqid edirəm”.

Ş.Məmmədova hesab edir ki, ümumiyyətlə Türkiyədə diaspor fəaliyyətinə ehtiyac yoxdur:

“Türkiyə elə bizim öz evimizdir. Burada Azərbaycan evlərinə, təşkilatlarına nə ehtiyac var? Elə təşkilat var ki, özündən başqa orda heç kəs yoxdur. Kim ki, deyir Türkiyədə Azərbaycanı tanımırlar, deməli, onun özünü tanımırlar. Türkiyədə Azərbaycan kifayət qədər tanınır. Burda istər mədəniyyət, istərsə də siyasi məsələlərdə Azərbaycanın tanıdılmasına heç bir ehtiyac yoxdur”.


Şərhlər

Yaz...