Tarix: 12.09.2024 / 22:23
Dövlətə dəstək olmaq əvəzinə, onu gəlir mənbəyi kimi görmələri inkişafa mane olurdu…    - Diaspor fəalı

Dövlətə dəstək olmaq əvəzinə, onu gəlir mənbəyi kimi görmələri inkişafa mane olurdu… - Diaspor fəalı

“Əvvəllər Norveçdə kimsə Azərbaycan adında bir ölkənin mövcud olduğunu bilmirdi. İndi isə demək olar ki, hamı Azərbaycanı tanıyır və onu müsbət mənada xatırlayır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Norveçdə yaşayan azərbaycanlı, Midt-Telemark bələdiyyəsində Uşaq və gənclərlə iş üzrə mütəxəsis Yeganə Abbasova (Janne Jonas) deyib.

Y.Abbasovanın sözlərinə görə, azərbaycançılığın təbliğindən sonra bir çox insan artıq Azərbaycana turist kimi üz tutub:

“Artıq 10 ildir ailəmlə birlikdə Norveçin Midt-Telemark bələdiyyəsinin Bø şəhərində yaşayıram. Həyat yoldaşım İdrak Abbasov yerli "Bø Blad" qəzeti ilə əməkdaşlıq edərək Qarabağ məsələsi ilə bağlı mütəmadi məqalələr çap etdirdi. Burada demək olar ki, hər kəs qəzet oxuyur, bu səbəbdən də qısa müddət ərzində bizi tanımağa başladılar və dost çevrəmiz sürətlə genişləndi. Bundan başqa, Azərbaycan mətbəxi, musiqisi və adət-ənənələrini hər fürsətdə təbliğ edirik. Həmçinin Norveç Azərbaycanlıları Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) vasitəsilə Azərbaycanın Norveçdə tanıdılması üçün, müxtəlif tədbirlərdə aktiv iştirak edirik”.

Y.Abbasova qeyd edib ki, Azərbaycan diasporu adından danışan bəzi şəxslərin eqosu, özlərini ön plana çıxarmaları və Azərbaycan dövlətinə dəstək olmaq əvəzinə, onu gəlir mənbəyi kimi görmələri bu sahədə işlərin inkişafına mane olurdu:

“Lakin son illər bu istiqamətdə ciddi dəyişikliklər baş verib. Xüsusilə, burada diasporamızın rəhbəri Ramil Əliyev, xanımı Günay Əliyeva və övladları diaspora yeni bir ruh gətirib və onu sözükeçən quruma çeviriblər. Artıq qürurla deyə bilərik ki, Norveçdə Azərbaycan diasporu mövcuddur və sıravi Azərbaycansevərlər kimi həm diasporanın, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin səmimi dəstəyini hiss edirik. Bu, bizə Azərbaycanı uzaq və soyuq şimal ölkəsində layiqincə təmsil etmək üçün əlavə güc verir”.

O, qeyd edib ki, diaspor nümayəndələrinin əksəriyyəti Norveç cəmiyyətinə uğurla inteqrasiya etmiş şəxslərdir.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...