Tarix: 09.05.2024 / 08:35
 Dövlət qurumu ilə diaspor strukturları arasında koordinasiya problemi var  - Mərkəz rəhbəri

Dövlət qurumu ilə diaspor strukturları arasında koordinasiya problemi var - Mərkəz rəhbəri

“Azərbaycan diasporunun indiki vəziyyətini ümumilikdə qənaətbəxş hesab etmək olar. Tam əla da deyil. Bunun da müxtəlif səbəbləri var”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı bildirdi. Onun sözlərinə görə, xaricdə azərbaycanlıların vətənə bağlılığı, sevgisi həmişə olub:

“Amma kollektiv şəkildə fəaliyyət ənənəsi, böyük icmalar yaratması və bu icmalarda ardıcıllığın davamlı olması zəif olub. Heç olmayıb deyə bilmərik, çünki çox yaxşı nümunələr də var. Müxtəlif dövlətlərdə, qardaş Türkiyədə Azərbaycan Kültür Dərnəyi, Azərbaycan Milli Mərkəzi kimi müxtəlif cəmiyyətlər var idi. Eləcə də Avropada, ABŞ-də müəyyən nümunələri misal gətirmək olar. Bizdə diaspor ənənəsinin yeni formalaşdığını və diaspor nümayəndələrinin müxtəlif ölkələrdə fəaliyyətlərini, xüsusən Qarabağ məsələsi ilə bağlı təşəbbüslərini nəzərə alsaq, ümumilikdə onların fəaliyyətini qənaətbəxş hesab etmək olar. Qeyd edim ki, müxtəlif maraq qrupları, ayrı-ayrı xarici dövlətlərin erməni diasporu ilə müqayisədə Azərbaycan diasporunun yaxşı fəaliyyət göstərməsinə manelər olub. Amma, eyni zamanda bizdə diaspor ənənəsinin yaxşı olmamasını vurğulamaq istərdim. Eləcə də bizim diaspor nümayəndələrinin fərdi marağının kollektiv maraqların önünə keçməsinin diaspor fəaliyyətinə müəyyən dərəcədə təsiri olub. Hazırda da bu səbəblərin bir qismi davam edir”.

Mərkəzi sədri vurğuladı ki, Azərbaycanda diasporla bağlı konkret dövlət qurumu var:

“O dövlət qurumunun funksiyası diasporun fəaliyyətini mümkün qədər koordinasiya etməkdir. Aydın məsələdir ki, heç bir Azərbaycan dövlət qurumu nə ölkə daxilində, nə də ölkə xaricində vətəndaşlarımızın, ya da bizə milli-mənəvi bağlarla bağlı olan soydaşlarımızın bütövlükdə fəaliyyətini koordinasiya edə bilməz. Onları tam istiqamətləndirə, hansısa bir fəaliyyətə məcbur edə bilməz. Amma ümumi xarakterli fəaliyyətlə onları bir araya gətirməklə, bilik və bacarıqlarını təkmilləşdirməklə bağlı təlimlər keçmək, texniki dəstək göstərməklə yön verə bilər. Bununla bağlı konkret dövlət qurumu var. Hesab edirəm ki, dövlət qurumu ilə müxtəlif diaspor strukturları arasında əlaqənin tənzimlənməsində müəyyən problemlər var. Bu problemlərin bir hissəsi hansısa səlahiyyətli şəxslərin, ola bilsin ki, tam lazımi səviyyədə görməmələrindən qaynaqlanır. Amma müəyyən bir hissəsi də müxtəlif diaspor təşkilatlarında qeyd etdiyim mənfi nüanslardan qaynaqlanır. Deyək, dövlət qurumunun təmsilçisi istəyir ki, sevgi ilə, qayğı ilə hansısa bir fəaliyyəti icra etsin, amma qarşı tərəf buna adekvat davranmır. Ya da ki, hansısa səlahiyyətli şəxs xaricdəki diaspor nümayəndəsi və ya təşkilatı ilə effektiv kommunikasiya qura bilmir. Fikrini ya düzgün çatdıra bilmir, ya da ümumiyyətlə işinə yanaşması düzgün deyil. Bu cür məqamlar da var. Heç şübhəsiz, Diasporla İş üzrə Dövlət Komitəsində, diaspor fəaliyyətinə töhfə vermək istəyən Azərbaycandakı müxtəlif Qeyri-Hökumət Təşkilatlarında, digər dövlət strukturların da öz işini müsbət görənlər də var. Amma dediyim kimi, ümumiyyətlə işinin mahiyyətindən xəbərdar olmayanlar da mövcuddur. Eyni şəkildə diaspor təşkilatlarında da bənzər problemləri görə bilərik. Bunun həlli bir az zaman alacaq. Çünki müxtəlif milli əhəmiyyətli məsələlərə yanaşmalar illər keçdikcə süzgəcdən keçir. İlk başda populizm cəlbedici olur, sonra cəmiyyət, xaricdə təhsil alanlar, xaricdə yaşayanlar, dövlət qurumları geriyə dönüb baxanda görür ki, kimlərin fəaliyyəti nəticə yaradıb, kimlərin fəaliyyəti o dövrdə sadəcə bir media üçün xəbər olub. Bu süzgəcdən keçdikcə diaspor fəaliyyətində iş görənlərlə, sadəcə şüarlar irəli sürənlər arasında bir incə xətt ortaya çıxır. Yəqin ki, bundan 100 il sonra da yenə də kimlərsə sadəcə şüarçılıq xatirinə fəaliyyətlə məşğul olacaq, kimlərsə ortaya konkret nəticə qoyacaq. Amma illər keçdikcə nəticə yönümlü çalışanların mövqeyi, fəaliyyəti daha qabarıq olacaq. Cəmiyyət və dövlət, o cümlədən diaspor nümayəndələri onlara daha çox dəyər verəcək. Bu baxımdan hesab edirəm, gedilən istiqamət doğrudur, sadəcə vaxt və peşəkarlıq tələb edir”.

A.Aslanlı qeyd etdi ki, lobbiçilik tam peşəkar bir fəaliyyət olmalıdır:

“Diaspor nümayəndələri şəxsi həyatlarını yaşaya, fərdi qaydada istədikləri şəkildə ictimai, mədəni tədbirlər keçirə bilərlər. Müxtəlif şəkildə təşkilatlana bilərlər, amma lobbiçilik daimi peşəkar yanaşma tələb edir. Bu istiqamətdə bizdəki yanaşma daha zəifdir. Belə deyək, erməni və Azərbaycan diasporunun müqayisəsində bir az, amma lobbiçilik müqayisəsində ciddi fərq var. Hələ tələbəlik dövründən bunu xüsusi incələyirdim ki, niyə erməni lobbisi bu qədər təsirlidir və bizim lobbi müqayisə edilməz dərəcədə zəifdir? Fikrimcə, birinci keyfiyyət fərqi peşəkarlıqdan qaynaqlanır. Bizdə fəaliyyətlərin çoxu daha həvəskar, qısa müddətli və populist xarakterli idi. Erməni lobbisinin fəaliyyətində daha yüksək peşəkarlıq, sistemlilik və daha uzunmüddətli nəticəyə köklənmə var idi. Bu istiqamətdə keçdiyimiz yol daha azdır. Diaspor olaraq fəaliyyətimiz, müstəqillik dövrünün qısa olduğunu nəzərə alsaq, müqayisə edəndə daha yaxşıdır, nəinki lobbiçilikdə peşəkarlaşma sahəsində. Vaxt və məsafəni nəzərdə tutmadan hesab edirəm ki, bu sahədə keçdiyimiz yol uzundur. Burada sadəcə yanaşma daha sistemli olmalıdır. Yəni, həm dövlət strukturları, səlahiyyət sahibləri, həm də bu fəaliyyət iddiası olanların yanaşmalarında ciddi dəyişlik olmalıdır. Əlbəttə ki, lobbiçilik fəaliyyətini peşəkar şəkildə anlayan, icra etməyə çalışan, resurs və vaxt ayıran dövlət strukturlarında, xaricdə yaşayan soydaşlarımız arasında insanlar var, amma fikrimcə, daha zəifdir”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...