Tarix: 02.09.2024 / 13:46
Dövlət diasporlara hansı güzəştləri    edir?

Dövlət diasporlara hansı güzəştləri edir?

“Diasporanın belə formalaşması - birliyi, nüfuzu və gücü Azərbaycanda turizmin inkişafına böyük təkan verir”.

Bu sözləri Diaspora.TV-yə sabiq deputat Rüfət Quliyev deyib. O, hesab edir ki, bu təkan yaxın gələcəkdə daha da artacaq:

“Dövlət imkan daxilində diasporlara müəyyən güzəştlər edir. Bu daha çox Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə edilir. Dövlət Turizm Agentliyi də kifayət qədər fəaldır, hamı ilə görüşür, sazişlər bağlayır. Diasporlara tövsiyə edərdim ki, hamı Azərbaycanın inkişafına çalışsın, o cümlədən Azərbaycana turistlərin gəlməsinə töhvə versinlər”.

R.Quliyev vurğulayıb ki, Turizm Agentliyi əlavə güzəştlər məsələsində çox çevik addımlar atır:

“Onlara müraciət edilən kimi iki günün içində insanlarla əlaqə saxlayırlar, adamlarla görüşüb istiqamət verir, imkan daxilində güzəştlər edirlər. Mən bir həftə idi Tümen şəhərində idim. Orada həm elmi simpozium idi, həm də sahibkarlıq ali məktəbi açılıb. Ali məktəbin açılmasının təşəbbüskarı bizim orada etnik azərbaycanlı, Rusiyanın Tümen vilayətində ən nüfuzlu azərbaycanlılardan Omarov Eduard Zakir oğludur. Bizim orada görüşlərimiz və çıxışlarımız oldu. Orada diaspora yumruq kimi birləşib, özlərinə ağsaqqalar da seçib. Sahibkarlarımız var, çox aktivdirlər. Diasporun nüfuzu Azərbaycan üçün kifayət qədər dəstəkdir. Onlar Azərbaycanı təşviq edir. Tümendən bura yüzlərlə insan gəlir, istirahət edir, Azərbaycanla tanış olurlar. Mən orada olan birliyə heyran qaldım, ona görə deyirəm ki, bütün xarici ölkələrdə Azərbaycan diasporu bu formada, çox yüksək səviyyədə işlər görsün, birliklər yaratsınlar, böyük- kiçik prinsipi ilə fəaliyyət göstərsinlər”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...