Tarix: 15.06.2024 / 09:14
“Dövlət diaspor sahəsində də hesabatlılıq tələb etməlidir”  - Əli Orucov

“Dövlət diaspor sahəsində də hesabatlılıq tələb etməlidir” - Əli Orucov

“Bir sıra ölkələrdə diasporla işləyən nazirliklər mövcuddur. Çünki diaspor dövlətlərin həyatında və təhlükəsizliyində önəmli yer tutur”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası sədrinin köməkçisi Əli Orucov deyib. Onun sözlərinə görə, Azərbaycanda dövlətin diasporla bağlı siyasətini həyata keçirməli olan Diasporla İş üzrə Dövlət Komitəsi adında qurum yaradılsa da, fəaliyyəti ancaq qalmaqallarla və digər neqativ hallarla yadda qalıb:

“Mənim komitənin sədri Fuad Muradovla heç bir düşmənçiliyim, ona qarşı qərəzim yoxdur. Azərbaycanla bağlı həqiqətləri, beynəlxalq aləmdə təbliğ işini Heydər Əliyev Fondu bu komitədən daha peşəkar, sistemli, mütəşəkkil və keyfiyyətli aparır. Dövlət üzərinə düşəni edir: maliyyə, səlahiyyət, təchizat və sair. Lakin dövlət hesabatlılıq tələb etmir ki, bu işə cavabdeh olanlarda məsuliyyət, lap elə qorxu hissi yaransın. Pərakəndəlik, ayrı-seçkilik, israfçılıq baş alıb gedir. Bu qurum Dövlət Komitəsi olduğundan, cavabdehlik dövlətin üzərinə düşdüyündən biz cəmiyyət olaraq Fuad Muradovdan yox, dövlətdən umuruq. Ona görə də hesab edirəm ki, dövlətin bu sahəyə nəzarəti və diqqəti gücləndirilməlidir”.

Ə.Orucov lobbi siyasəti sahəsindəki məsələlərə toxunaraq, bir müddət əvvəl ABŞ-da baş vermiş hadisəni xatırlatdı:

“Bir müddət əvvəl Amerikalı konqresmen Azərbaycandan güya rüşvət aldığına görə barəsində cinayət işi açılmışdı. Bu hadisə ilə bağlı bir nəfər azərbaycanlı xanımın da adı keçirdi. Dünya mətbuatı, xüsusən də ABŞ mediası bunu böyük ajiotaj kimi təqdim etdi. Bir vətəndaş olaraq həmin hadisə mənə də pis təsir göstərdi. Təəssüflər olsun ki, Azərbaycanda bəzi çevrələr bu xoşagəlməz hadisəni həvəslə tirajladılar. Halbuki, lobbiçilik fəaliyyəti qanunla qadağan deyil və bu, dünyada geniş yayılıb. Elə götürək erməniləri, hər il lobbiçiliklə bağlı yüz milyonlarla dollar vəsait xərcləyirlər”.

Partiya funksioneri deyib ki, ermənilər böyük dövlətlərin parlamentarilərini, siyasilərini, mediasını, tanınmış şəxslərini rüşvətlə, çirkli pullarla ələ alıb, özlərinə xidmət etdirirlər:

“Ancaq Ermənistanın adı bir dəfə neqativ şəkildə çəkilməyib. Niyə? Çünki, bu “çirkli işlər” Ermənistan dövləti birbaşa deyil, beynəlxalq erməni diasporunun vasitəsi ilə edir. Tutaq ki, ABŞ-dakı ANSA, yəni Erməni Milli Konqresi hansısa senata Ermənistanın maraqlarından çıxış etmək üçün pul ödəyir. Yaxud da Birləşmiş Ştatlarda yaşayan milyarder Kirk Kerkoryan, digər milyarder argentina ermənisi Eduard Ernekyan lobbiçilərə öz büdcəsində milyonlarala pul xərcləyir. Bunun Ermənistan dövlətinə bağlılığı olmur. Ermənistanın adının da bu və ya digər şəkildə hallandırılması üçün vasitə verilmir. Lobbiçilik təkcə rüşvətlə, hədiyyə ilə başa gəlmir. Bunun başqa təsirli mexanizmləri də var. Fransada, Amerikanın Kaliforniya Ştatında, Argentinada və sair dövlətlərdə yüz minlərlə erməni əsilli seçicilər yaşayır. Onların təşkilatlandırılması və seçkilərdə fəal cəlb edilməsi həmin dövlətlərin həm ictimai-siyasi həyatına, həm də dövlət orqanlarına, parlamentlərinə ciddi təsir imkanları yaranır. Azərbaycan diasporu bu mexanizmləri işə salmır.

Ə.Orucov sonda qeyd edir ki, xarici ölkələrdə yaşayan fəal soydaşlarının lobbiçilik fəaliyyəti bu yükü dövlətin üzərindən götürəcək. Bununla da dövlətin adı müxtəlif qalmaqallarda keçməyəcək, eyni zamanda maliyyə yükü də azalacaq.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...