“Diasporla müsahibə” verilişinin növbəti qonağı Türkiyə və Azərbaycan İş Qadınları “TurkAz” Platformasının prezidenti Yeganə Quliyeva olub.
Y.Quliyeva müsahibəsində “TurkAz” platformasının yaranması, iki qardaş ölkə arasında siyasi və ticarət əlaqələrindən, eləcə də Türkiyədə fəaliyyət göstərən təşkilatlarımızdan söz açıb.
Onun sözlərinə görə, “TurkAz” platforması 2 ildir fəaliyyətə başlamasına baxmayaraq hər iki ölkədə böyük səs salıb:
“Vətən savaşı zamanı çox aktiv fəaliyyət göstərdik. Bu bizim borcumuz idi. Lakin müharibə bitdikdən sonra bir boşluq hiss etdim. Hansı ki, ölkə başçılarımız, eləcə də insanlarımız arasında münasibətlər çox yaxşı idi. İstədim ki, iş qadınlarının da bu əlaqələrdə rolu olsun. Hər iki ölkənin işgüzar xanımlarını bir çətir altında birləşdirmək qərarına gəldim. Bu təkcə mənim verdiyim qərar idi. Ancaq bir qrup xanımla bu işə başladıq və “TurkAz” platformasını yaratdım ki, ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsində payımız olsun”.
Y.Quliyeva bildirib ki, hər iki dövlətin yaratdığı şəraitdən yararlanıb diaspor işini irəliyə daşımaq olar:
“Möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Türkiyə-Azərbaycan əlaqələri böyük yol qət edib. Niyə də biz bu fürsətdən yararlanmayaq? Baxmayaraq ki, Türkiyə qardaş ölkədir, ancaq bizim burada da bir qapısına gedə biləcəyimiz evimiz olmalıdır. Qardaş ölkə deyib, keçməyək, birləşək və aktiv fəaliyyət göstərək”.
Platforma rəhbərinin sözlərinə görə, maddiyat önəmlidir, ancaq diaspora işində maddiyat və mənfəət güdmək olmaz:
“Hətta lazım gəlsə özümüz də nə isə etməliyik. Şərt deyil ki, ancaq bir qurum yaxud da bir təşkilat işləsin. Dövlətini, xalqını sevən hər kəs diaspor fəaliyyəti göstərməyə çalışır, onlara də dəstək olmaq lazımdır. Amma doğru insanlarla iş görülməlidir. Hansı ki, həmin insanlar təkcə dövlətin mənafeyini düşünür, öz mənfəətini güdmür”.
“Diaspora.TV-nin açılması və aktiv fəaliyyəti də bir irəliləyişdir, bu sahənin inkişafı üçün çalışan bir televiziyadır. Biz burada müxalif fikirlər səsləndirmirik, istəyirik ki, diaspor işimiz davam etsin. Buna görə də bir-birimiz haqqında mənfi rəy formalaşdırmaqdansa, birgə fəaliyyətə və eləcə də bu işə könül qoyan hər kəsə sayğı və ehtiramla yanaşaq. Təklif edirəm ki, türklükdə - Turanda birləşək”, - deyə Y.Quliyeva bildirib.
Emin mürsəlov
Rus verlisləriniz olsa yaxşı olar
01 İyul 2024 11:02