Tarix: 11.10.2024 / 12:43
Diaspor təşkilatlarını elə bir vəziyyətə salıblar ki...     – Siyasi şərhçi

Diaspor təşkilatlarını elə bir vəziyyətə salıblar ki... – Siyasi şərhçi

“Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid qüvvə kimi çıxış etməməsi, bir-biri ilə fəaliyyətlərini əlaqələndirməməsi, kökünü daha çox Azərbaycan cəmiyyətinin ictimai və siyasi kəsimində axtarmaq lazımdır. Yəni bu gün Azərbaycan cəmiyyəti ictimai və siyasi kəsiminin vəziyyəti necədirsə, təxminən diaspor təşkilatlarının da vəziyyəti odur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sabiq millət vəkili, siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. O, bildirib ki, bir-birini qəbul etməmək, bir-birinə dəstək verməmək, yeri gələndə bir-birinin ayağından çəkmək Azərbaycan cəmiyyətində olduğu kimi diaspor təşkilatlarımızın əksəriyyətinə xas olan xüsusiyyətdir:

“Təəssüf ki, dövlət diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onları vahid bir istiqamətə yönləndirmək üçün xüsusi icra hakimiyyəti orqanı - Diasporla İş Üzrə Dövlət Komitəsini yaradıb. Bu komitə ilk dövrlərdə daha çox diaspor təşkilatlarının dağınıqlığına xidmət edib. Diaspor təşkilatlarını elə bir vəziyyətə salıb ki, onların bir araya gəlməsi qeyri-mümkün görünür. Məsələn, Dünya Azərbaycanlılarının Konqresi adlanan təşkilat var idi. Bu qurum təkcə Azərbaycandan olan şəxsləri deyil, digər qardaşlarımızı da birləşdirən təşkilat idi. Diasporla İş üzrə Dövlət Komitəsinin “fəaliyyəti” nəticəsində təşkilat bir neçə yerə parçalandı və demək olar ki, 10 ildən yuxarıdır fəaliyyəti gözə görünmür”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, bu kimi işləri dövlət əlaqələndirməlidir:

“Dövlətin əlaqələndirməsi həm dediyimiz o ictimai təşkilatlar, həm də ictimai-siyasi təşkilatlar vasitəsi ilə həyata keçirilməlidir. Azərbaycanda siyasi partiyaların, hətta ictimai qurumların da bir-birini qəbul etməməsi, bir-birinin ayağından çəkməsi öz nəticələrini daha çox xarici ölkələrdə göstərir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...