Tarix: 17.08.2024 / 17:48
Diplomatik korpuslarımız dərnək rəhbərləri ilə yaxın təmasdadırlar    - İş adamı

Diplomatik korpuslarımız dərnək rəhbərləri ilə yaxın təmasdadırlar - İş adamı

Son 5 ildə Ankaradakı səfirliyimiz və İstanbul baş konsulluğumuzda çox müsbət dəyişikliklər var.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Sakasena Gıda Ürünleri Ambalaj Sanayi Ticaret ve Uluslararası Pazarlama LTD” Şirkətinin qurucusu və baş direktoru Vüqar Abdullah deyib.

Onun sözlərinə görə, səfirlik və baş konsulluqda çalışanlar vətəndaşlarımıza yüksək qayğı və xidmət göstərirlər:

“Bunun dəfələrlə şahidi olmuşam. Eyni zamanda, adı keçən diplomatik qurumlarımız sürətli və keyfiyyətli xidmətlər göstərirlər. Səfirlik və baş konsulluqda çalışanlar yüksək peşəkarlığa malikdirlər, vətəndaşlarımıza son dərəcədə nazik, gülər üzlə xidmətlər göstərirlər. Vətəndaşlarımızın tələb etdikləri rəsmi sənədləri, hüquqi istəkləri yüksək peşəkarlıqla həll olunur. Həm səfirliyimiz, həm də baş konsulluğumuz vətəndaşlarımızla əlaqəli işləyir. Son zamanlarda Milli bayramlarımız, Qələbə günlərimiz və əlamətdar bayramlarımız səfirlik və baş konsulluq tərəfindən yüksək səviyyədə qeyd olunur. Uzun illərdir Türkiyədə yaşayan biri olaraq belə gözəl ünsiyyəti görəndə sevinirik, özümüzü yalnız hiss etmirik”.

V.Abdullah Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova və baş konsulumuz Nərminə Mustafayevaya gözəl xidmətlərinə görə həm öz adından, həm də Türkiyədə yaşayan soydaşlarımız adından minnətdarlığını bildirib. O, əlavə edib ki, Ankaradakı səfirliyimiz və İstanbul baş konsulluğumuz dərnək rəhbərləri və üzvləri ilə də yaxın təmasdadırlar:

“Hər iki tərəfin təşkil etdiyi tədbirlərdə qarşılıqlı olaraq iştirak edilir. Hətta birgə koordinasiya ilə ortaq tədbirlər də keçiririk. Bəzi vətəndaşlarımız, xüsusən də səfirlik və konsulluqlarımızla əlaqə qurmaqda çətinlik çəkən azərbaycanlılar dərnəklərə baş vuraraq o bölgədə, şəhərdə yaşayan fəallarımızla təmasa keçərək işlərini onların vasitəsi ilə də asanlıqla həll edirlər. Onların köməyi ilə diplomatik korpuslarla rahat şəkildə əlaqə saxlaya bilərlər. Şəxsən mənə belə müraciətlər çox olub, mən də öz növbəmdə əlimdən gələn yardım və dəstəkləri göstərmişəm, soydaşlarımızın işlərinin həllindən ötrü doğru istiqamət vermişəm”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...