Tarix: 02.07.2024 / 08:41
Dilini bilmədiyin ölkədə diaspora fəaliyyəti göstərə bilməzsən   - Ramiz Əmirli

Dilini bilmədiyin ölkədə diaspora fəaliyyəti göstərə bilməzsən - Ramiz Əmirli

“İdarəetmə istənilən bir sahədə olduğu kimi diaspora sahəsində də keyfiyyətin və səmərəliliyin artırılmasına birbaşa təsir göstərir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Qardaşlıq Macar-Azəri Birgə Cəmiyyətin sədri Ramiz Əmirli deyib.

“Bu sahədə təkanverici qüvvə olaraq vahid komanda yaradılması özünü biruzə verib. Diaspora Komitəsinin sədri Fuad Muradovun idarəçiliyi dövründə belə bir vahid komanda yaradılmasının təməli qoyulub. Bu vahid komandanın üzərinə düşən ən əhəmiyyətli məsələlərdən biri də xarici ölkələrdə uzun müddət yaşayan azərbaycanlıların fəallarını üzə çıxarmaq və onları diaspora işinə - idarəçiliyinə cəlb etməkdən ibarətdir. Çünki həmin ölkədə orta, ali təhsil alan, əmək fəaliyyətinə başlayan insanlar diaspora işində uğur qazana bilərlər”, - deyə R.Əmirli bildirib.


R.Əmirli vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlıların övladlarını üzə çıxarmaq və onların imkanlarından istifadə etmək lazımdır:

“Bu fikri Macarıstanda 40 illik diaspora fəaliyyətimə və təcrübəmə əsaslanaraq söyləyirəm. 40 ildə özümə qazana bildiyim macar dostlarım mənimlə bərabər Azərbaycan naminə bir çox faydalı və keyfiyyətli işlərin iştirakçısı olublar. Dilini bilmədiyin bir ölkədə keyfiyyətli diaspora fəaliyyəti göstərə bilməzsən. Mütləq bunun üçün çoxlu yerli dostların, münasibətlərin və əlaqələrin olmalıdır. Xarici ölkələrdə yaşayan azərbaycanlıları vahid idarə etmək və koordinasiya şuralarının yaradılmasını təqdirəlayiq hesab etmək olar. Bu fəaliyyəti daha da genişləndirmək, istər hüquq, istərsə də iş sahəsində tətbiq etmək lazımdır və bu çox vacibdir”.

Sədr əlavə edib ki, xaricdə yaşayan zəngin iş adamlarımızın yaşadıqları ölkədə bank açmalarını uğurlu addım olacağını düşünür:

“Düşünürəm ki, həmin bankdan istifadə edən soydaşlarımız az faizlə kredit götürə bilərlər. Məsələn, Macarıstanda bu nümunəni hazırda çinliliər həyata keçirir. Böyük nailiyyətlərə də nail olublar. Macarıstanda bir çətinliyi olan tələbə və ya vətəndaşımıza çox zaman səmərəli kömək edə bilmirik. Atalarımız demişkən, tək əldən səs çıxmaz. Ən böyük problemlərdən biri isə kadrların peşəkarlıq səviyyəsinin qənaətbəxş olmamasıdır. Peşəkar çalışanların sayı azdır, kənardan gətirilən kadr heç zaman yerli kadr qədər aktiv ola bilməz. Buna görə də strateji idarəetmə üçün bilikli və bacarıqlı yerli kadrlara böyük ehtiyac var, üstünlük məhz onlara verilməlidir. Bu kadrların yetişməsində isə özümüz hamılıqla iştirak etməliyik. Diaspora sahəsi dərin bilik və təcrübə tələb edən mürəkkəb bir bacarıq sahəsi olduğu üçün, müvafiq kadrların ortaya çıxması müəyyən bir zaman və təcrübə bazası tələb edir. Bu baxımdan, Azərbaycanda Diaspora Komitəsinin rəhbər işçiləri kadrların hazırlanmasında zaman və təcrübə bazası amilini nəzərə almalıdır. Yuxarıda qeyd etdiyim kimi xaricdə də birgə vahid komanda yaradılması işini daha keyfiyyətli və səmərəli təşkil etməyə üstünlük verməliyik. Bütün bunlar xarici ölkələrdə diaspora sahəsində keyfiyyətli dəyişiklərə nail olmağımıza yardımçı olacaq. Əzmkarlıq və dözümlülük bütün nailiyyətlərin bazasıdır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...