Tarix: 26.07.2024 / 07:36
Digər diasporlara nisbətən bizə söz haqqı verilmir  - Cəmiyyət sədri

Digər diasporlara nisbətən bizə söz haqqı verilmir - Cəmiyyət sədri

“22 ildir Danimarkada yaşayıram. Burada Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün öz cəmiyyətimizi qurmuşuq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Danimarka-Azərbaycan Gənclər Cəmiyyətinin sədri, Kopenhagen Dövlət Universitetinin “Sociopolitics” fakültəsində magistr təhsili alan Kərim Elxan deyib.

K.Elxanın sözlərinə görə, Danimarkada gördüyü işlər Azərbaycanın milli-mənəvi, siyasi maraqlarını qorumaq məqsədi daşıyır:

“Sosial şəbəkələr üzərindən və eləcə də cəmiyyətimiz hər bir sahədə Azərbaycan həqiqətlərini danimarkalılara çatdırır. Cəmiyyətimiz 28 mayda və eləcə də qarşıdan gələn COP29-la əlaqədar tədbirlər keçirib. Konsert proqramları təqdim etmişik. Hətta təhsil aldığım Kopenhagen Dövlət Universitetində də çıxışlar, tədbirlər keçiririk”.

Cəmiyyət sədri qeyd edib ki, önümüzdəki 8 Noyabr günü ilə əlaqədar böyük bir layihə həyata keçirməyi düşünürlər:

“200-ə yaxın tələbənin iştirakı ilə keçiriləcək bu tədbirdə Azərbaycanın haqq səsini, 44 gündə qazandığı zəfər yolunu işıqlandırmağa cəhd edəcəyik. Təqdimatlar formasında debatlar olacaq. Diasporla İş üzrə Dövlət Komitəsi ilə də işbirliyimiz var, bizə dəstək olurlar. İnanıram ki, bu layihəmizdə də dəstək olacaqlar və uğurlu bir iş ərsəyə gələcək, istədiyimizi əldə edə biləcəyik, çünki Azərbaycanın haqlı mövqedə olduğunu artıq dünya bilir”.

“Müharibə dövründə Danimarka mətbuatında bizə “0” dəqiqəlik söz haqqı verilmişdi. Gənclər Cəmiyyəti olaraq biz şikayət məktubu yazdıq ki, heç olmasa bir dəqiqə də olsa öz fikrimizi bildirək. Bu şikayətimizə baxıldı, əlimizdən gəldiyi qədər saxta xəbərlərin qarşısını alırıq. Tək tərəfli yayılan materiallara qarşı reaksiya veririk. Yalan xəbərləri aradan qaldırmağa çalışırıq”, - deyə o, qeyd edib.

K.Elxan bildirib ki, digər diasporlara nisbətən bizə hələ də söz haqqı verilmir:

“Bu problemin üzərində işləyirik və nəticələr əldə edirik. Cəmiyyət olaraq bizim əsas hədəfimiz gənclərdə maraq oyatmaqdır. Bunun üçün düşünürəm ki, gənclərlə əyləncəli, maraqlı tədbirlər keçirmək olar. Bəzən də gənclərin motivasiya azlığına şahid oluruq, bunun üçün layihələr hazırlayırıq. Gənclər bizi tapmır, biz gəncləri tapır, onları prosesə cəlb etməyə çalışırıq, zamanla sayımız çoxalır. Növbəti əsas problemimiz isə Azərbaycan dilini bilməmək problemdir, çünki soydaşlarımızın əksəriyyəti körpə yaşlarından Danimarkaya köçüb, orada yaşayanlardır. Onlar da dilimizi öyrənməli, unutmamalıdır. Bunun da zamanla düzələcəyini düşünürəm”.

“Danimarkada yerli cəmiyyət arasında, məktəblərdə, yaxud da hansısa məkanlarda tədbir keçirmək istəsək, problem yaşamırıq. Bunun üçün bizə şərait yaradılır, nə zaman icazə istəsək, verilib. Sadəcə mətbuatda söz verilmə haqqımız ürəyimizcə deyil, bunun da üzərində işləyirik”, - deyə K.Elxan bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...