Tarix: 03.05.2024 / 09:12
Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı...  -  Bülənt Gürçam

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı... - Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan Evinin sabiq rəhbəri, diaspora.com.tr saytının redaktoru Bülənt Gürçam deyib.

Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin ilk qurulduğu illərdə bir neçə il aktivlik hiss olundu, ancaq daha sonra diaspor hərakatı İran və bəzi qonşu ölkələrin təsirinə düşdü, dağılma və parçalanma dövrünə girdi, özünə gəlməyi də mümkün deyil.

“Nümunə göstərə bilərəm ki, 44 günlük Qarabağ savaşında diasporumuz heç bir ölkədə xalq səsini yetərincə çatdırmadı, olub-bitənlər xarici ölkələrdə danışılmadı. Biz erməni diasporunun güclü təsiri altında haqq səsimizi dünyaya çatdıra bilmədik. Halbuki, diasporun əsas işi bu olmalı idi. Qarabağda yaşananlar və işğalda olan torpaqlarımızı necə azad etməyimizi Avropaya və dünyaya çatdırmalı idik. Bu problem olaraq qalır”, - deyə Bülənt Gürçam əlavə edib.

B.Gürçam bildirib ki, problem Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən tapşırığı layiqincə yerinə yetirməməsindədir:

“Bu, Nazim İbrahimovun dövründə də belə idi, indi də belədir. Azərbaycan diasporunun köklü və güclü təşkilatları küsdürüldü, dağıdıldı və komitə sədri özünə uyğun yeni bir diaspor yaratma sevdasına düşdü, diasporumuzu iflic duruma saldı. Azərbaycan diasporunun ilk qurucularından biriyəm və 40 il Belçikada diasporumuzu təmsil etmişəm, gözəl işlər görmüşük. Biz bu işləri öz imkanımız və çətin şərtlər daxilində etmişik. İndi isə bir qurum və onun da yaxşı büdcəsi var. Lakin bu qurum heç bir iş görmür, görüləcək işlərə də mane olur. Yüzlərlə əməkdaşı var, ancaq öz maraqlarını təmin edirlər”.

Müsahibimiz əlavə edib ki, diaspor sahəsində çox güclü və köklü islahatlar aparmaq lazımdır:

“Komitə diaspor təşkilatları üzərində təzyiqi dayandırmalı və onları təhdid etməməlidir. Onlar arasında ayrı-seçkiliyə son qoyulmalıdır. Komitənin işi yalnız təşkilatlara informasiya, layihə və sair verməkdən ibarət olmalıdır, işlərlə bağlı tələblərini etməlidir, ölkə daxili mediada fəaliyyətlərini işıqlandırılmalıdır. Amma hazırda komitə bu təşkilatlar arasında bölücülük edir, münaqişə yaradıb. Bu da güclü diaspor qurumlarının işini yarıtmaz vəziyyətə salır”.

B.Gürçam qeyd edib ki, Azərbaycan və Türkiyə diasporları sadəcə 1990-cı ildə birgə fəaliyyət göstərdilər:

“Türkiyə və Azərbaycan diaspor təşkilatları Azərbaycanın müstəqillik uğrunda apardığı müharibədə eyni mövqedə dayandı, güclü işlər gördülər. Bu proses sonra bir daha təkrarlanmadı. Hazırda da birlikdə fəaliyyət yoxdur. İşin içərisinə ciddi siyasi məsələlər daxil olunca, birgə fəaliyyət olmadı və bu gün də yoxdur”.

B.Gürçam “Şuşa Bəyannaməsi”nə də toxunub və bildirib ki, bu sənəddən irəli gələrək Türk və Azərbaycan diasporu xaricdəki fəaliyyətlərində dəyişiklik etməli idilər:

“Hazırda heç bir təsir hiss olunmur, hansısa ciddi bir proqram ortada yoxdur. Həm Avropada, həm də Türkiyədə bunu izləyən biri kimi ciddi bir iş görülmədiyini əminliklə deyə bilərəm. Bu işi həyata keçirmək üçün diasporu siyasətdən fərqləndirmək lazımdır. Yəni, diaspor siyasətdən kənar bir iş olmalıdır”.



Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...