Bu gün Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il keçir.
Millətə sevgi və ona xidmət etmək zərurətindən qaynaqlanan ideyalar müəllifi... O, təkcə Azərbaycan boyda şah əsər yaratmadı, həm də dünyada yaşayan azərbaycanlıları bir toplum halına gətirməyə nail oldu, onlarda Vətən, torpaq hissini gücləndirdi...
Bu o zamanlar baş verdi ki, müstəqilliyə nail olmuş Azərbaycanda cəmiyyətin parçalanma təhlükəsi, milli birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problemə çevrilmişdi.
Həmin illərdə informasiya blokadasını aradan qaldırmaq üçün Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir addımın atılmaması ciddi narahatlıq yaradırdı.
Hakimiyyətə qayıtdıqdan dərhal sonra Heydər Əliyev Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. Ulu öndər ilk növbədə xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini diqqət mərkəzində saxladı, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşdı. Bu zaman Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini önə çəkərək, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini müəyyən etdi, kontrlarını cızdı.
Məhz o BÖYÜK ADAMın siyasəti sayəsində Azərbaycanın milli bayramları sırasına 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü də əlavə olundu. Soydaşlarımızı birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səsləyən Heydər Əliyev dünya azərbaycanlılarına müraciət etdi. Bu müraciət xaricdə yaşayan soydaşlarımızın Vətənə bağlılığının sürətləndirən ilk sənəd də hesab oluna bilər.
Heydər Əliyev iştirakı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı da soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edirdi. Bu addım həm də diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu, Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə keçdi.
Ümummilli lider bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və problemlərini müzakirə edə bilərdilər.
Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ruhun şad olsun BÖYÜK ADAM!