Tarix: 15.04.2024 / 10:01
Diasporumuzun ev tapşırığı...  – Bu milli vicdan və qürur məsələsidir

Diasporumuzun ev tapşırığı... – Bu milli vicdan və qürur məsələsidir

Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq Zəfərdən və ötən ilin payızında 24 saat olmadan yekunlaşmış lokal xarakterli anti-terror əməliyyatından sonra beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yarandı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, onun tərəfindən həyata keçirilmiş genişmiqyaslı, konseptual əsaslı, intensiv islahatlar nəticəsində regionun qüdrətli dövlətinə çevrilmiş Azərbaycan təzyiqlər qarşısında geri çəkilən yox, artıq öz haqlı mövqeyini diktə etməyi bacaran, yeni dünya düzəninin formalaşmasına müəyyən təsirləri göstərmək imkanı olan beynəlxalq hüquq subyektinə çevrildi.

Yaranmış reallıqlar beynəlxaq münasibətlərin anti-Azərbaycan subyektləri regionumuz və dövlətimiz əleyhinə olan planlarında yeni dövrə uyğun taktiki dəyişikliklər, fərqli variantlar üzərində işləmək məcburiyyətində qaldılar. Bütün dünyanı həyati mənafe zonası elan etmiş ABŞ, neokolonializmin əsas siması olan Fransa, Qafqazı özünün əyaləti kimi görən İran və Rusiya kimi dövlətlərlə yanaşı, bu dövlətlərin xeyir-duası və yardımı ilə pozuculuq layihələrinə müəlliflik edən donor təşkilatlar, onların və adları çəkilən dövlətlərin xüsusi xidmət orqanlarının himayəsi və yardımı ilə Azərbaycana qarşı informasiya müharibəsinə qoşulmuş "sapı özümüzdən olan baltalar" - şəxsi maddi maraqları naminə Vətənə asi kəsilərək xarici kəşfiyyatlara sığınmış radikal siyasi mühacirlər, sərvətlərimizə tamah salaraq talamaq məqsədi güdən transmilli korporasiyaların ölkəmiz əleyhinə məkrli planlarının qarşısının alınması təkcə dövlət başçısının deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs vəzifəsi, vicdan işidir.

Hərb cəbhəsində tarixi Zəfər qazanmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev indi diplomatik və informasiya cinahında daha amansız və namərd düşmənlərlə üz-üzədir. Bu savaşda da Müzəffər Ali Baş Komandana tam sadiq bir peşəkar PR komanda fəaliyyət göstərir. Diplomatiya və PR savaşındakı ölüm-dirim mübarizəsinin xüsusi təyinatlı generallarından ibarət professional və intellektual komandanın yorulmaz fəaliyyəti göz önündədir.

Zənnimizcə, xalqımızın taleyüklü, həyati məsələsi olan bu mübarizədə cəmiyyətin digər institutları sözügedən cəbhəyə tam səfərbər olmalıdırlar. Bu baxımdan Ana Vətənin hüdudlarından kənarda yaşayan soydaşlarımızın da üzərinə böyük missiya düşür. Onların yaratdıqları, yaxud yaratmalı olduqları icmalar, diaspor təşkilatları öz fəaliyyətlərini aktivləşdirərək sözün əsl mənasında "yumşaq güc" rolunu öz üzərilərinə götürməlidirlər. Əsasən Azərbaycandan kənarda çalışan iş adamlarımız, elm, mədəniyyət xadimlərimiz, xarici ölkələrin dövlət strukturlarında, beynəlxalq institutlarda fəaliyyət göstərən məmur soydaşlarımız da bu müqəddəs işdə dövlət başçısına bütün potensialları və malik olduqları resursları ilə dəstək verməlidirlər.

İndi diaspor təşkilatlarımızın qarşısında qoyulan vəzifələrin sayı artıb. Qloballaşan dünyadakı çağırışların diaspor quruculuğu sahəsində qarşımıza qoyulan vəzifələrdən əlavə, yuxarıda vurğuladığımız çətin, şərəfli və məsuliyyətli bir missiyanın zərurəti dərk olunmalıdır. Bilinməlidir ki, ölkəmizin dövlət kimi varlığı, millət kimi qürurumuz bu tarixi missiyanı böyük əzm və siyasi iradə ilə həyata keçirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə dəstək verilməsindən keçir. Bu bir milli vicdan və qürur məsələsidir. Dövlət başçısı diasporumuzun bu istiqamətdə görə biləcəyi işlər barədə öz dəyərli tövsiyələrini davamlı olaraq verməkdədir. Dövlətimizin başçısının həmin tezisləri Vətənin hüdudlarından kənarda yaşayan və çalışan soydaşlarımız üçün istiqamətverici konseptual sənəd, mükəmməl yol xəritəsi olmalıdır.

Prezidentin vurğuladığı məqamlar bizə tarixi Zəfəri qazandırmış böyük nailiyyətlərlə dolu inkişaf yolunun nəzərdən keçirilməsi, Şanlı qalibiyyətimizin gətirdiyi yeni reallıqların dəyərləndirilməsi, diaspor fəaliyyətinə dair məsələlərə strateji baxışının ifadəsidir.

Cənab Prezident Şuşada keçirilən Zəfər qurultayında xaricdəki soydaşlarımıza Vətənə sıx bağlı olmanın, Ana dilinin öyrənilməsinin vacibliyini tövsiyə etdikdən sonra ideoloji mübarizəyə də toxunmuşdu:

"...Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir...".

Dövlət başçısının müdrik tövsiyələrindən bu çıxarışı xatırlatmağımız təsadüfi deyil. Hər bir azərbaycanlı bu müdrik tövsiyələri düzgün dərk edib gücü çatdığı qədər əlindən gələni etsə, öz dövlətinə əhəmiyyətli dəstək vermiş olar.

Cənab Prezident bu məsələyə növbəti dəfə Azərbaycan xalqının əhəmiyyətli dəstəyini qazanaraq yenidən dövlət başçısı seçildikdən sonra keçirilən andiçmə nitqində də yer ayırmışdı:

"İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir".

Göründüyü kimi, ölkə rəhbəri dövlətimizə və xalqımıza qarşı genişmiqyaslı informasiya müharibəsinin aparıldığı, çeşidli təzyiqlərin artdığı bir məqamda düşmənə qarşı dayanmağın, mübarizə aparmanın əsas düsturlarını göstərir. Bu düsturlar diaspor qurumlarımız üçün də ev tapşırığı, masaüstü vəsait olmalıdır.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...