Tarix: 05.04.2024 / 11:00
“Diasporumuzu yaşadıqları ölkənin mediası ilə işləməyə çağırırıq”  – MŞ üzvü

“Diasporumuzu yaşadıqları ölkənin mediası ilə işləməyə çağırırıq” – MŞ üzvü

“Diaspor bir xalqın təmsilçilərinin başqa bir ölkədə öz xalqı, dövləti üçün faydalı işlər görməyə çalışan bir kəsimdir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət deyib.

A.Həsrət bildirib ki, diasporumuz gördüyü işlərin effektivliyinin artırılması üçün mediadan mümkün qədər çox istifadə etməlidir:

“Əlbəttə, diaspor və media fəaliyyəti bir-birilə sıx bağlı olmalıdır. Uzun illərdir bu məsələ ilə bağlı fikirlərimizi səsləndirir, təkliflərimizi veririk. Bir qayda olaraq diaspor fəallarını yaşadıqları ölkənin mediası ilə işləməyə çağırırıq. Təəssüflər olsun ki, diaspor fəallarımız olduqları ölkənin mediası ilə deyil, Azərbaycan mediası ilə işləməyə üstünlük verirlər. Yəni, onlar gördükləri işin “Azərbaycan Dövlət Televiziyası”, “AzərTAC” və başqa media qurumlarında yayımlanmasına daha çox çalışırlar, nəinki, olduqları ölkənin mediasında... Buna bizim ehtiyacımız yoxdur. Bu kökündən yanlış bir yanaşmadır”.

Media eksperti qeyd etdi ki, o, diasporun mili mediamızda çıxışlarına qarşı deyil:

“Əlbəttə olsun, amma hər şeydən əvvəl bu fəaliyyət haqqında məlumatlar olduqları ölkənin mediasında yayımlanarsa, işimizin effektivliyi bir o qədər də artmış olar”.

A.Həsrətin fikrincə onlar mümkün qədər çox çalışıb yaşadıqları ölkələrin mediasına nüfuz etməyi bacarmalıdırlar:

“Hətta, bu çağırışı da etmişik ki, diaspor fəallarımız yaşadıqları ölkədə media ilə əlaqələr qursun, bu qurumlarda işləməyə çalışsınlar. Yəni oranın mediası ilə iç-içə olsunlar. Belə, olan halda diaspor fəaliyyətinin effektivliyini də artırmaq mümkündür. Həmçinin diaspor fəalları olduqları ölkənin dilində materialların yayımlanmasına çalışsınlar. Bunu edə bilənlər Azərbaycan və onun haqlı davasına daha çox töhfə verə bilirlər. Əlbəttə ki, bu çağırışa əməl edənlər də var, hətta biz çağırmadan əvvəl bunu edənlər də... Təəssüf ki, onların sayı olduqca azdır. Digər tərəfdən uzun illərdir onu da müşahidə edirik ki, diasporun keçirdiyi tədbirlərdə yalnız azərbaycanlılar iştirak edir, tədbir keçirdikləri ölkənin ictimai- siyasi fəalları bəzən heç gözə dəymir”.

MŞ İdarə Heyətinin üzvü qeyd etdi ki, başqa bir problem diaspor təşkilatlarının bir qayda olaraq Azərbaycan dövlətindən pul gözləmələridir:

“Müqayisə etmək istəməzdim, amma buna məcburam... Erməni diasporu öz dövlətinə maliyyə yardımı edir və böyük pullar yatırır. Yəni, onlar öz fəaliyyətləri üçün pulu Ermənistan dövlətindən gözləmirlər, əksinə bacardıqca dövlətlərinə maliyyə yardımı edirlər”.

A.Həsrət sonda qeyd etdi ki, bu kimi məsələlər həll edilə bilər:

“Diaspor işinə məsuliyyət daşıyan müvafiq dövlət qurumu və xarici ölkələrdəki diaspor qurumlarımız istəsələr bu işləri həll edə bilərlər”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...