Tarix: 18.10.2024 / 19:30
Diasporumuz və komitələr  nədə gecikib?

Diasporumuz və komitələr nədə gecikib?

Erməni kilsəsinin Kilikiya katolikosluğunun katolikosu I Aram ABŞ-nin Rod-Ayland ştatında yerləşən, erməni diasporuna məxsus Müqəddəs Vartanant Erməni Kilsəsinin icması ilə görüşə gəlib. Katolikosun 4 gün müddətində icmanın qonağı olacağı bildirilir. Qeyd edək ki, erməni diaspor təşkilatlarının dini liderlərlə bu cür görüşləri tez-tez təşkil olunur. Dövlət və diaspor təşkilatları adət-ənənələrə və vətənə bağlı nəslin yetişməsi, xaricdəki icmalarda milli-mənəvi dəyərlərin yaşadılması baxımından belə görüşlərə xüsusi önəm verir.

Bizim diaspor təşkilatları da hörmətə layiq din və mənəviyyat adamları, elm xadimləri ilə görüşlər təşkil olunması barədə çoxdan düşünməli idi. Bu sahədə boşluğun yaranmasında aidiyyəti dövlət qurumlarının da günahı az deyil. Nəzərə alaq ki, bu yaxınlarda cənab Prezident İlham Əliyevin Fərmanı ilə “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Nizamnamənin 2.1-ci bəndinə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və yaxud da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu heç olmasa, bu Fərmandan irəli gələn tələbləri nəzərə alaraq, qeyd etdiyimiz məsələni, gec də olsa, diqqətdə saxlasaydı, yaxşı olardı. Onlar müvafiq layihələr həyata keçirməklə xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini qorumaqda, o cümlədən diaspor təşkilatlarında və icmadaxilindəki milli-mənəvi strukturun gücləndirilməsində, gənc nəslin milli adən-ənənələrə və dövlətçilik dəyərlərinə uyğun yetişməsində mühim rol oynaya bilərlər.



Təəssüf ki, əlahəzrət qurumlarımız xaircdə yaşayan soydaşlarımızı, xüsusilə gəncliyi milli adən-ənənələrimiz, dəyərlərimiz barədə məlumatlandırmır. Eyni zamanda, milli birliyimizə qarşı yönəlmiş təfriqəçi və pozucu cərəyanlarla, gəncləri yoldan çıxaran ziyanlı sektalarla bağlı maarifləndirici işlər görmür, diasporda milli özünüdərk prosesinin sürətlənməsi və onun milli-mənəvi-əxlaqi strukturunun möhkəmlənməsi naminə sistemli addımlar atmır.

Qeyd olunan istiqamətdə ciddi boşluqlar var. Bu boşluqların doldurulması, problemi davamlı gündəmdə saxlamaq üçün maarifləndirici verilişlərə, məqalələrə də ehtiyac var. Düşünürük ki, Cənab Prezidentin Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsinə etdiyi dəyişiklikər də bu problemlərin həllinə istiqamətlənib.

Görüləcək işlər zamanı milli adət-ənənlərimizin və dövlət dəyərlərimizin təbliği ilə yanaşı, müxtəlif dini konfessiyaların çox azad şəkildə və hüquq çərçivəsində fəaliyyət göstərdiyi, insanların etiqad azadlığının qorunduğu Azərbaycanda ənənəvi dinlər barədə məlumat verilməlidir. Həmçinin, kənardan ölkəmizə süni şəkildə gətirilən pozucu təriqət və cərəyanlar, gəncləri əyri yola yönəldən sektalar barədə bilgilər təqdim olunmalı, dini fanatizmin və mövhumatçılığın acı nəticələrindən danışılmalıdır.



Xaricdə yaşayan həmyerlilərimizlə birgə Azərbaycanın mədəni və dini irsinin təbliği, gənc nəsil arasında milli kimliyin və mənəvi dəyərlərin qorunması üçün layihələrin həyata keçirilməsi həm soydaşlarımızın bilriyi, həm də dəyərlərimizin ölkə hüdudlarından kənarda təbliği üçün əhəmiyyətli olar. Bu zaman xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqələrini gücləndirmək, onların arasında mədəni bağların möhkəmləndirilməsi məqsədilə sistemli işlər görülməlidir. Bu da xaricdəki soydaşlarımızın öz milli kimliklərini qorumaqla yanaşı, Vətənlə olan əlaqələrini də gücləndirəcək. Nəticədə, bu tədbirlər onların birliyini artıracaq, milli dəyərlərimizi və mədəniyyətimizi dünyada daha geniş təbliğ etməyə imkan verəcək.

Bu işə cəmiyyətdə hörmət qazanmış din və mənəviyyat adamlarının, alimlərin cəlb olunması səmərəli nəticələr verərdi.

Diaspora.TV
Analitik Qrupu

Şərhlər

Yaz...