Tarix: 20.09.2024 / 10:00
 Diasporumuz Niderland XİN-dən görüş    tələb etdi

Diasporumuz Niderland XİN-dən görüş tələb etdi

"Niderland Krallığının Dövlət Proqramının Xarici siyasət haqqında yazdığı mətndə dünyanın müxtəlif yerlərində və qonşu regionlarda gedən münaqişələrdən söhbət gedir. Bununla bağlı proqramı hazırlayan Niderland Krallığının Xarici İşlər Nazirliyinə cavab olaraq zəng vurub danışdıq".

Bu barədə açıqlamanı Diaspora.TV-yə Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” təşkilatının təsisçisi, Azərbaycan Sosial İş İctimai Birliyi Məsləhət Şurasının üzvü İlkanə Qoca verib.

İ.Qoca qeyd edib ki, təşkilat adından sözügedən quruma email göndərərək görüş tələb ediblər:

"Müraciətimizdə bildirdik ki, biz Niderlandda yaşayan, yerli cəmiyyətə uğurlu inteqrasiya olmuş azərbaycanlılar, Azərbaycan və Niderland əsilli cütlüklər bu yazıya müsbət münasibət göstərmirik. Bizi narahat edən əsas məsələ odur ki, keçən əsrin 90-cı illərində həm Ermənistandan qovulan, həm də Dağlıq Qarabağdan məcburi köçkün düşən 1 milyona yaxın azərbaycanlıya hələ o zamanlar nə Avropa, nə də Niderland heç bir yardım etmədi. Təəssüflər olsun ki, beynəlxalq qanunlar çərçivəsində Azərbaycanın suveren hissəsi kimi qəbul olunmuş Qarabağ regionunu Niderland dövləti digər bir ölkə kimi təqdim edir və zəbt edildiyini bildirir. Bu isə Niderlandda hər iki ölkədən gələn icma arasında uçurumun böyüməsinə səbəb olaraq aramızda münaqişə yarada bilər. Eyni zamanda bu yanaşma Niderlandda yaşayan, doğulub boya başa çatan nəslin də hisslərinə və kimliyinə toxunur".

İ.Qoca bildirib ki, mövzu ilə bağlı danışıqlar aparmaq üçün Niderland XİN-dən görüş istəyiblər:

"Biz həmçinin onları "Birlikdə Güclüyük" təşkilatının ərsəyə gətirdiyi Ağdam və ümumilikdə Qarabağ haqqında çəkilmiş filmimizə, Xocalı haqqında olan vebsaytımıza baxmağa dəvət etdik. Üz-üzə görüşdə isə daha ətraflı məlumat verəcəyimizi qeyd etdik".

İ.Qoca Azərbaycanın Niderlanddakı səfirliyinin məlum sənədə adekvat cavab verəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının "Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla artıq cavab verib.


Şərhlər

Yaz...