Tarix: 14.06.2024 / 13:01
Diasporumuz müqavimət mərhələsinə keçməlidir   - Baş redaktor

Diasporumuz müqavimət mərhələsinə keçməlidir - Baş redaktor

“Azərbaycana qarşı formalaşmış şərti formada “Avropa cəbhəsi” deyilən bu nəsnə təbii proses deyil, tərəflərin öz maraqları naminə formalaşdırdığı və qərəzli təbliğat mexanizmidir. Amma düşünürəm ki, bu, bir sabun köpüyüdür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru Rəfail Becanov deyib. O hesab edir ki, bu Azərbaycan mediasının müqaviməti, milli birliyi və həmrəyliyi fonunda tezliklə əriyib yox olacaq:

“Gücümüz olmasaydı, çoxdan bizi aşıb keçərdilər, amma bacarmırlar. Bu mənada istər yerli və milli mediamız, istər vətəndaş cəmiyyətinin digər subyektləri, istərəsə də siyasi təşkilatlarımızın həmrəyliyi təqdirəlayiqdir. Ermənistanı məğlub etməyimiz, ərazi bütövlüyümüzün bərpası, separatizmə son qoymağımız görünür erməni girovluğunda olan bəzi dairələrin xoşuna gəlmir”.

R.Becanov qeyd edib ki, bu səbəbdən həmin dairələr Azərbaycana qarşı səlib yürüşü təşkil etmək istəyirlər:

“Biz daha da güclü və sistemli şəkildə onların planlarını alt-üst etməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Bu prosesdə güclü, praktiki etirazlar və müqavimət üçün diasporumuzun, Avropadakı icmaların fəallığının artmasına ciddi ehtiyac var. Onların imkanları daha genişdir. Bu kampaniyanı təşkil edənlərə necə deyərlər, “bir köynək daha yaxındırlar”. Məqamında və zamanında etiraz etmək imkanları daha genişdir”.

R.Becanovun sözlərinə görə, Avropada Azərbaycan diasporu fəaliyyətini gücləndirməli və praktik müqavimət mərhələsinə keçməlidir:

“Konkret və ünvanlı etirazlar, sosial platformalar üzərindən müxtəlif kampaniyalar təşkil olunmasının əsl məqamıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...