Tarix: 27.05.2024 / 08:42
Diasporumuz iqtisadi gücə  necə çevrilə bilər?

Diasporumuz iqtisadi gücə necə çevrilə bilər?

Diasporla bağlı bütün iqtisadi proseslər dövrümüzün qlobal çağırışları kontekstində daha geniş etnik, sosial və iqtisadi xətt üzrə inkişaf edirlər. Qloballaşma dövründə gəlinən ən mühüm nəticələrdən biri də əməyin coğrafi hərəkətliliyinin artması olub. Başqa sözlə desək, böyük insan kütlələri nisbətən qısa müddət ərzində öz yaşayış yerlərini, məskunlaşma növünü, fəaliyyət sferasını, çoxəsrlik ideya və vərdişlərinin xarakterini dəyişə bilirlər. Bu qənaəti diasporların formalaşma prosesinə də şamil etmək mükündür.

Dəyişmə və məskunlaşma prosesində etnik köçlərin əmək bazarında və iqtisadi sferada yerləşməsi çox maraqlı məqamlara diqqət çəkir. Belə ki, bəzi diaspor qrupları xüsusi əmək bacarıqları və iqtisadi fəaliyyət növlərinin daşıyıcılığı ilə fərqlənirlər ki, bəhs edilən sahənin tədqiqatçıları bunu həmin etnik qrupun spesifik etnomədəni xüsusiyyətləri, mühacirlərin savadlılıq səviyyəsi ilə əlaqələndirirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində taksi xidmətlərində əsasən pakistanlılar çalışır, amma İtaliyada buna icazə yoxdur. İran İslam Respublikasında ən qara işlərdə əfqanlar çalışır. Yaxın və Orta Şərq ölkələrində qaz yetişdirilməsi sahəsində molokanlar fəaldırlar. Bizim mühacir soydaşlarımızın isə konkret hansı sahədə üstünlük təşkil etmələri barədə dəqiq fikir söyləmək çətindir. Bu, bir tərəfdən mühacirət yaşımızın az olması ilə, digər tərəfdən isə mühacir həmvətənlərimiz arasında hələ ki, kompaktlaşma prosesinin zəif getməsi ilə bağlıdır.

Müşahidələr göstərir ki, miqrantların iqtisadi fəaliyyəti aydın bir etnik, daha doğrusu, etno-diasporik əlamətlərə malikdir. Qeyd etiyimiz kimi, buna səbəb etnik qrupların özünəməxsus iqtisadi və mədəni tipləri ilə bağlı olmasıdır. Sonuncular coğrafi, iqlim və sosial şəraitin təsiri altında formalaşır, əmək bacarıqlarında əks olunur və müvafiq olaraq, diasporun sosial-iqtisadi roluna təsir göstərir. Milli vərdişlər, mətbəx mədəniyyəti də qeyd olunan proseslərdə xüsusi rol oynayır. Digər xalqların təmsilçiləri kimi, bizim diaspor nümayəndələri də milli mətbəximiz əsasında restoran və kafelər işlədir, Azərbaycan mədəniyyətinə malik məhsulların satışı ilə məşğul olan satış obyektləri qura bilirlər.

Diasporlar pul kapitalı və digər əmlak növlərinin qeyri-mütənasib payına sahib ola bilərlər. Bu, mülkiyyətin daha da təmərküzləşməsinə imkan verir, iqtisadiyyatın müxtəlif sahələrində diasporların mövqelərinin güclənməsinə, onların tam inhisarlaşmasına qədər gətirib çıxarır.

Qədim dövrlərdən bu günə qədər məlum olan ticarət azlıqları buna misal ola bilər. Məsələn, Cənub-Şərqi Asiya ölkələrində ticarət əsasən Çin, Hindistan və ərəb diasporlarının nəzarəti altında olub. Afrika ölkələrində hind və ərəb, xüsusən də livanlı ticarət azlıqlarının rolu orta əsrlərdən bəri əhəmiyyətli olub. Kapitalizmin bərqərar olmasından sonra isə diasporların ticari fəaliyyətinin inkişafı da paralel davam edib.

Kapitalist sistemində diasporların sosial-demoqrafik strukturu iqtisadiyyatda liderlik üçün ilkin şərtdir. Miqrantlar bir sıra xüsusiyyətlərə görə fərqlənirlər: cins və yaş tərkibi, təhsil və peşə hazırlığının səviyyəsi, psixoloji xüsusiyyətlər.

Miqrant axınında əmək qabiliyyətli yaşda olan kişilərin sayının da diqqətə alınması vacibdir. Nəzərə alsaq ki, son illər bir çox ölkələr miqrant qəbul edərkən həmin şəxslərin yaşına, təhsil səviyyəsinə, ixtisasına və peşəsinə xüsusi önəm verirlər, sadaldığımız kriteriyaların nə qədər əhəmiyyətli olduğu ortaya çıxar. Bu kriteriyalar diasporların iqtisadi cəhətdən güclənməsində vacib şərtlərdəndir. Məsələn, son vaxtlar informasiya texnlogiyaları sahəsində nailiyyətlər əldə edən gənc hindlilər ABŞ-ın əmək bazarında əhəmiyyətli çəki qazanıblar. Həmin hindlilər etnik və dini təəssübkeşlik edərək, öz soydaşlarının və dindanşlarının çalışdıqları sektorda işlə təmin edilməsi, inkişafı üçün dəstək verirlər. Nəticədə hindli diasporun gücünə güc qatılır.

Müşahidələrimiz göstərir ki, xaircdə yaşayan azərbaycanlılar arasında zəif də olsa, belə meyllər müşahidə olunur. Zənnimizcə, diaspor təşkilatları bu sahədə koordinasiya işini öz üzərinə götürərək soydaşlarımızın işlə təmin olunmasında, bizneslərinin inkişafında əlaqələndirici rol oynaya bilər. Yəhudi, Çin, italiyan diasporlarının da belə diqqətə alınası örnəkləri var.

Miqrant icmaların maddi dayaqlar əldə etməsi, qüdrətlənməsi prosesində etnomədəni və etnopsixoloji xüsusiyyətlərlə yanaşı, diasporun mənsub olduğu xalqın içindən çıxan şəxsiyyətlərin də danılmaz rolu var. Bunu bizim diaspor qurumlarımızın formalaşma prosesində də müşahidə edirik.

Xaricdə yaşayan soydaşlarımız arasında xeyli iş adamı olsa da, hətta onların bəziləri rəsmi milyonçu, milyarderlər siyahısına düşsə də, təəssüf hissi ilə qeyd edək ki, həmin şəxslərin əksəriyyəti diaspor hərəkatına əhəmiyyətli dəstək vermirlər. Bir vaxtlar diaspor işinə dəstək vermiş biznesmen soydaşlarımız isə bu və ya digər səbəbdən incik düşərək sözügedən sahədən uzaqlaşıblar. Misal kimi bu yaxınlarda redaksiyamıza müraciət edən, İspaniyada yaşayan soydaşımızın sitəmini vurğulamaq istərdik. Həmin şəxsin yaratdığı İspaniya Azərbaycanlıları Birliyi son illərə qədər İspaniyada aktiv diaspor fəaliyyəti ilə məşğul olub. Lakin bəzi məmurların haqsız hücumları nəticəsində diaspor fəaliyyətindən uzaqlaşıb.

Zənnimiczə, bu istiqamətdə nəticələr əldə olunması üçün yük aidiyyəti dövlət qurumlarının üzərinə düşür. Xaricdəki iş adamlarımızın diaspor işinə cəlb olunması üçün müxtəlif layihələr işləmək, tədbirlər təşkil etmək mümkündür. Məsələn, İsraildə demək olar ki, hər il dünyanın müxətlif ölkələrində fəaliyyət göstərən yəhudi iş adamlarının toplantısı keçirilir və bizdə də bu cür görüşlər keçirərək xaricdə yaşayan azərbaycanlı biznesmenləri diaspor fəaliyyətinə təşviq etmək olar.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...