Stavropolda Rus Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə Beynəlxalq "Coğrafiya" Festivalı keçirilib. Tədbirdə Azərbaycanı Stavropol diyarındakı “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Yarıyev, Stavropol diyarının gənclər təşkilatının sədri İlkin Abbasov, MKFU-nun gənclər təşkilatının sədr müavinləri Loğman Qurbanov, Anar Məmmədov, Şimali Qafqaz Federal Universitetinin gənclər siyasəti üzrə prorektoru Amin Osmayev, tələbələr və digər rəsmi şəxslər iştirak ediblər.
Bu barədə Diaspora.TV-yə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Yarıyev məlumat verib.
F.Yarıyev əlavə edib ki, festival Stavropol diyarının Milli Siyasət və Kazak İşləri Nazirliyi, Stavropol Şəhər Administrasiyasının Mədəniyyət və Gənclər Siyasəti Komitəsinin yardımı ilə Qələbə Mədəniyyət və İstirahət Parkında keçirilib.
“Proqramda “Gənc coğrafiya” media ekspedisiyaları zamanı lentə alınan virtual səyahətlər, alternativ platformaların işləri, viktorinalar, eləcə də müxtəlif ölkələrin incəsənət ustalarının konsertləri nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə yaddaqalan hədiyyələrlə yarışlar da təqdim olunub”, - deyə F.Yarıyev bildirib.