Tarix: 10.05.2024 / 08:53
Diasporu gücləndirən fenomen...  - Mədəni dəyərlərimiz

Diasporu gücləndirən fenomen... - Mədəni dəyərlərimiz

Bəlli olduğu kimi, xaricdə məskunlaşan soydaşlarımız digər mühacirlər kimi polietnik və multikultural cəmiyyətlərdə yaşayır, övladlarını çoxdilli, çoxmədəniyyətli mühitlərdə tərbiyə edirlər. Adətən, uzunmüddətli diaspora təşkilatlanması tarixinə malik xalqlar milli mənsubiyyətlərini qorumaq üçün milli mədəniyyətlərindən, o cümlədən dil, tarix, folklor, musiqi, ədəbiyyat və bu sahəyə aid digər resurslardan qidalanaraq yetişməkdə olan nəslin mədəni-sosial strukturunu formalaşdırırlar. Bu baxımdan yeni nəslin milli mədəniyyətimizin ortaq duyğu və düşüncə dünyasındakı dəyərləri, adət-ənənələri və həyat tərzlərini düzgün dərk etməsinə, eyni zamanda ölkəmizdəki etnik müxtəliflikdən doğan mədəni rəngarəngliyi görməsinə şərait yaradılması qarşıda duran əsas vəzifələrdən olmalıdır.

Azərbaycan mədəniyyətinin spesifik xüsusiyyətlərini əxz edən, beləliklə, milli kimliyini dərk edən gənclik, eyni zamanda içində yaşadığı cəmiyyəti tanıya bilən, yüksək ictimai faydası olan, özünə güvənən şəxsiyyətlər kimi formalaşır. Belə mədəni yetkinliyə çatan gənclərimiz doğulub boya-başa çatdıqları ölkə ilə Ana Vətən arasında körpü olar və hər iki ölkənin gələcəyi üçün əhəmiyyətli dividentlər qazandıra bilərlər. Bu məsələnin məsuliyyətini yalnız diaspor təşkilatlarının üzərinə yükləmək də düzgün olmaz. Əslində qeyd olunan mövzu millətin və dövlətin taleyüklü məsələsidir və müvafiq dövlət qurumları, aidiyyatı elm və təhsil müəssisələri, qeyri-hökumət təşkilatları bu işin lazımi səviyyədə reallaşmasına ciddi dəstək verməlidirlər.


Əslində mədəniyyət fenomeni təkcə xaricdəki soydaşlarımızın milli kimliyinin qorunması üçün zəruri deyil. Həmçinin, diaspor təşkilatlarının formalaşdırlmasında, mövcud birliklərin daha da güclənməsində əhəmiyyətli rol oynaya biləcək amildir. Belə ki, mədəniyyət ayrı-ayrı fərdləri heç bir maddi maraq olmadan, təmənnasız birləşdirə bilən fenomendir. Hər bir fərd istər-istəməz mənsub olduğu xalqın, yaxud millətin mədəni dəyərlərinin daşıyıcısıdır və yaşlı nəsil bu dəyərləri özündən sonrakılara ötürməklə milli varlığın mövcudluğunun davamlı olmasını təmin edə bilər. Təbii ki, bu ötürülmə prosesi spontan getməli, ailədaxili tərbiyədən başqa, milli təəssüb hissinə malik şəxslərin yaratdığı diaspor təşkilatları vasitəsilə reallaşdırılmalıdır. Lakin qeyd edək ki, ümumilikdə Azərbaycan diaspor təşkilatlarının malik olduğu maddi resursları qənaətbəxş deyil, buna görə də onların sözügedən sahədə rentabelli çalışması üçün ciddi dəstəyə ehtiyacları var.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə təqdirəlayiq addımlar ataraq soydaşlarımızın çoxluq təşkil etdiyi şəhərlərdə Azərbaycan Evləri təsis edib. Lakin müşahidələrimiz və apardığımız sorğuların nəticələri onu göstərir ki, həmin Evlərin əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil - öz işlərini ancaq əlamətdar günlərdə tədbir keçirməklə yekunlaşmış hesab edirlər. Bəzilərində isə vəziyyət ümumiyyətlə, bərbaddır.

Azərbaycan Evlərinin qapısı aylarla bağlı qalır, tədbir keçirmək istəyən soydaşlarımıza şərait yaradılmır. Azərbaycan Evlərinin yaradılması kimi alqışa layiq təşəbbüsün doğrudan - doğruya gerçəkləşdirilməsi üçün bir çox xalqların, xüsusən də türkiyəli qardaşlarımızın təcrübəsindən faydalanmaq olar. Türk diaspor təşkilatlarının bu cür evləri və dərnəkləri yalnız tədbir keçirmək üçün məkan kimi fəaliyyət göstərmir, daha çox milli mövzuların müzakirəsi, hətta şəxsi problemlərin həlli üçün yardımlaşma mərkəzləri rolunu oynayır.

Ayrı-ayrı ölkələrdə azlıq kimi yaşayan xalqlar belə təşkilatlar sayəsində qurulmuş və davam edən mədəni əlaqələr vasitəsilə milli kimliklərini qoruyub saxlayırlar. Bundan başqa, yeni nəslin yaşadıqları cəmiyyətin mədəni təsir və təzyiqi altında olduğunu, mədəniyyətlərarası konfliktlərin mərkəzində formalaşdığını nəzərə alsaq, bu mərkəzlərin daha davamlı və intensiv fəaliyyət göstərməsinin nə qədər vacib olduğunu təsəvvür edə bilərik.


Diaspor təşkilatlarının özü də yaşadıqları cəmiyyətlə daim mədəni konfliktdədir. Bu xüsusiyyət hər bir diaspor təşkilatına xasdır. Ona görə də diasporlar milli kimliklərini qoruyub saxlamaq üçün öz mədəni dəyərlərini və dəyərlər sistemini daim mühafizə etməli, yaşatmalı, gələcək nəsillərə ötürməli, bu istiqamətdə yorulmadan fəaliyyət göstərməlidirlər. Bu işin dairəsi daha da genişləndirilməli, fəaliyyət gücləndirilməlidir. Yəni diaspor təşkilatlarımız dövlətin dəstəyi ilə kifayətlənməməli, özləri də müəyyən təşəbbüslərlə çıxış etməli, mədəni dərnəklər, təhsil müəssisələri təşkil olunmalı, milli-mədəni dəyərlərimiz yeniyetmə və gənc azərbaycanlılar arasında müxtəlif vasitələrlə təbliğ edilməlidir.

Düşünürük ki, bu sahədə daha əhəmiyyətli nəticələrə nail olmaq üçün məsələyə konseptual yanaşılmaldır. Sözügedən sahəyə cavabdeh olan dövlət qurumlarının rəhbərliyi və diaspor təşkilatlarının yaxından iştirakı ilə bu sahədə fəaliyyətin daha yüksək səviyyədə təşkili və tənzimlənməsi üçün konseptual sənədin, bunun davamı ilə tədbirlər planının hazırlanması zəruridir. Güman edirik ki, müvafiq qurumlarımız bu istiqamətdə zəruri addımları ataraq diasporumuzun güclənməsinə daha bir töhfə verəcəklər.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...