Tarix: 22.07.2024 / 14:00
Diasporu bir araya yığıb onlara istiqamət verməkdə fayda var   - Assosiasiya prezidenti

Diasporu bir araya yığıb onlara istiqamət verməkdə fayda var - Assosiasiya prezidenti

“Diasporla İş üzrə Dövlət Komitəsinin hər bir təşkilatla maraqlanması, onlara dəstək olması təqdirəlayiqdir. Bu səbəbdən təşkilatımız adından Fuad Muradova və onun kollektivinə təşəkkürümü bildirirəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Əməkdar artist, İtaliyada Azərbaycan Mədəniyyət Assosasiyasının prezidenti, xoreoqraf Mais Nuriyev deyib.

M.Nuriyevin sözlərinə görə, xaricdə yaşayan hər bir azərbaycanlı hiss etməlidir ki, ona dövləti dəstəkdir:

“Bu zaman həmin şəxslər daha da fəal olar. Koordinasiya məsələlərində nailiyyət əldə etmək istəyiriksə, Diaspora Komitəsi ilə sıx əməkdaşlıq etmək, yaradıcı mütəxəssislərlə işləmək lazımdır. Necə ki, rəsmi rəssam çəkir, musiqini bəstəkar ərsəyə gətirir, eləcə də tədbir keçirən şəxslər yaradıcı olmalıdır, məlumatlanmalıdırlar. Tədbir keçirənlər bilməlidir ki, necə keçirmək lazımdır, hansı işləri görməyə ehtiyac var?! Yığışıb, yemək yeyib, bir-iki mahnıya qulaq asmaqla deyil, tədbirlər üçün ssenarilər qurulmalıdır. Hətta həmin ssenarilər yaxşı olardı ki, komitəyə göndərilsin, orada əlavələr olunsun”.

Xoreoqraf bildirib ki, keyfiyyətli işlər ərsəyə gətirmək lazımdır ki, fəal olmayan soydaşlarımız da baxıb bir nəticəyə gəlsin:

“Soydaşlarımız ancaq tədbirdən-tədbirə görüşməməlidirlər. Dil kursları açmaq lazımdır, sərgilər təşkil edib, gənclər və uşaqlar üçün ekskursiyalar keçirmək də faydalı olar. Dərnəklər açmaq lazımdır ki, istedadlı soydaşlarımızın bacarıqları aşkarlansın. Bir sözlə təkcə koordinasiya şuralarının yaradılması kifayət etmir. Həm də orada olan məsul şəxs təşkilatlarımızı, icmalarımızı və soydaşlarımızı birləşdirməyi bacarmalıdır”.

“Mənə elə gəlir ki, diaspor rəhbərlərini bir araya yığıb onlara istiqamət verməkdə fayda var. Həmvətənlərimiz tək Azərbaycanın özəl günləri ilə əlaqədar deyil, yaşadığı ölkənin bayram və festivallarında da yaxından iştirak etməlidir. Həmin yığıncaqlarda da Azərbaycanın adından çıxış edib, tanıda bilərlər, çünki bizim məqsədimiz vətənimizi tanıtmaqdır”, - deyə M.Nuriyev bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...