Tarix: 17.05.2024 / 12:05
Diasporlaşma prosesi  niyə ləng gedir?

Diasporlaşma prosesi niyə ləng gedir?

Hər hansı bir dövlətin diaspor siyasətinin necə təyin olunduğunu anlamaq üçün bu sahə ilə bağlı müəyyən olunmuş kursu tarixi kontekstdə qiymətləndirmək lazımdır. Çünki istənilən kollektiv təsisatın qurulması həmişə şüurlu oriyentasiyaların və siyasi diskursların məhsulu olub. Kollektiv fəaliyyətin necə baş verdiyini və fərdlərin bununla necə məşğul olduğunu başa düşməyin yolu, fərdlərin ümumi narahatlıqlarını ifadə etdikləri və birlikdə hərəkətə keçməyə qərar verdikləri proseslərin əhatə olunduğu təhlillərdən keçir. Ona görə də diaspor siyasətimizə daha dərindən girib onu formalaşdıran motivləri üzə çıxarmaq, praktikanı nəzəri kontekstlə əlaqələndirmək, Azərbaycan əsilli insanların mühacirətdə diasporlaşmasına dair məsələlərə yenidən toxunmağı vacib bildik.

Zənnimizcə, izah edilməli olan amillərdən birincisi miqrasiyaya təsir edən daxili, ikincisi xarici, üçüncüsü isə spesifik səbəblərdir.

Yəni birinci mərhələdə miqrasiyaya nə üçün ehtiyac var, miqrantların sosial mənsubiyyətləri, həyat şəraitləri və tələbləri araşdırılmalıdır.

İkinci mərhələdə immiqrantlarla xaricdə yaşadıqları cəmiyyətlərin qarşılıqlı təsirinin nəticələri nəzərdən keçirilməlidir.

Üçüncü mərhələdə isə məkan kontekstində miqrasiyanın keyfiyyət və kəmiyyətləri, həmçinin yuxarıda qeyd olunanların hamısının diasporlaşma prosesinə təsiri kimi elementləri dövlət mərkəzli prizmadan təhlil edilməlidir.

Çağdaş dövrümüzdə diaspor hərəkatı artıq elm sahəsi kimi tədqiqata cəlb olunur və bu institut yuxarıda qeyd olunan prinsiplər əsasında nəzərdən keçirilir. Çox böyük təəssüf hissi ilə qeyd olunmalıdır ki, biz diaspor quruculuğunu və fəaliyyətini bu cür konseptual prizmadan və sistemli nəzərdən keçirə bilmirik.


Yeri gəlmişkən, haşiyəyə çıxaraq qeyd edək ki, bəli, diaspor hərəkatı öz-özlüyündə spontan formalaşmalıdır. Lakin bəzi böyük ölkələrdə diaspor təşkilatı və yaxud icma şəklində təşkilatlana bilmiriksə, bunun səbəbləri müvafiq qurumlar tərəfindən köklü şəkildə araşdırılmalı, kənardan müdaxilə ilə sanballı institutların formalaşdırılması həyata keçirilməlidir. Bunun üçün dövlətin kifayət qədər resursu var.

Miqrasiya proseslərinin ilkin səbəbləri araşdırılan zaman ilk növbədə işçi miqrasiyaları və məcburi köçlər əsas götürülür. Bu kontekstdə əmək və məcburi köçlərin ən mühüm xüsusiyyəti onların təkcə iqtisadi və ideoloji deyil, həm də mədəni olmasıdır. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra baş vermiş azsaylı mühacirət dalğası nəzərə alınmazsa, həm İrandan, həm də Azərbaycan Respublikasından baş vermiş mühacirət qeyd olunan ideoloji, iqtisadi və mədəni səbəblər üzərindən baş verib.

Qeyd edək ki, ilk milli cümhuriyyətimizin süqutundan sonra ölkəni tərk edənlər əsasən ziyalılar və milli burjuaziyanın nümayəndələri idi. Ziyalılar mühacirətdə siyasi motivlərlə birləşərək müəyyən dərnəklər və icmalar şəkilində fəaliyyət göstərsələr də güclü diaspor institutuna çevrilə bilməmişdilər.

İkinci Respublika dövründə Qərb ölkələrinə mühacirətin nisbətən asan olduğu vaxtlarda siyasi təqibə məruzqalma iddiası, bir çox hallarda bəhanəsi ilə xeyli adam sözügedən məmləkətlərdə yaşamaq icazəsi ala bilmişdilər. Həmin iddialarla köçənlərin çoxu Qərb ölkələrinin kənardan göz qamaşdıran parıltısına aldanaraq daha yaxşı sosial rifah, maddi və mədəni həyat üçün mühacirət etdiklərini də gizlətmirlər.

İş və daha çox qazanc üçün xarici seçən əmək miqrantları əsasən Rusiya və Türkiyəyə, yaxın illərdə isə Polşaya üz tuturdular.

İntellekt köçünün istiqamətinin isə əsasən Türkiyə və Qərb ölkələri olduğunu müşahidə edirdik. Eyni zamanda, xaricə təhsil üçün gedən gənclərin də bir hissəsi orada yaşamağı seçərək azərbaycanlı icmaların fərdinə çevriliblər.

Son zamanlar isə Azərbaycan Respublikasından xaricə köçənlərin sayında azalma müşahidə edilsə də, Cənubi Azərbaycan barəsində bunu söyləyə bilmirik. Şimali Azərbaycandan miqrasiya proseslərinin səngiməsini şərtləndirən amillər bir tərəfdən ölkə rəhbərliyinin apardığı intensiv islahatlardırsa, digər səbəb Qərb ölkələrində iqtisadi və hüquqi vəziyyətin pisləşməsidir.


Yuxarıda qeyd etdik ki, diasporla bağlı vəziyyət təhlil olunarkən, ikinci mərhələdə immiqrantlarla xaricdə yaşadıqları cəmiyyətlərin qarşılıqlı təsirinin nəticələri nəzərdən keçirilməlidir. Bu, çox geniş miqyaslı və əhatəli araşdırma tələb edən, müxtəlif ixtisaslı mütəxəssislərin cəlb olunduğu komanda işidir. Qeyd olunan qarşılıqlı təsirin nəticələrinin analizi üçün mühacirlərin sosial və ideoloji mənsubiyyətləri ilə yanaşı, yaşadıqları cəmiyyətlərin özünəməxsus cəhətləri barədə təfsilatlı məlumatlar əldə olunmalıdır.

Soydaşlarımızın dünyanın 60-a yaxın ölkəsində məskunlaşdıqlarını nəzərə alsaq, araşdırmanın miqyasını təsəvvür etmək çətin olmaz.

Bir də onu qeyd edək ki, yaranmış ziddiyətlərdən mümkünsə tamamilə ağrısız, bu, mümkün olmadıqda, az travmatik nəticələrlə çıxılması üçün diaspor təşkilatları ilə yanaşı, dövlət qurumlarının da üzərinə xeyli yük düşür.

Üçüncü mərhələdə məkan kontekstində miqrasiyanın keyfiyyət və kəmiyyətlərinin, həmçinin yuxarıda qeyd olunanların hamısının diasporlaşma prosesinə təsiri kimi elementləri dövlət mərkəzli prizmadan təhlil edilməsinin vacibliyini vurğulamışdıq. Bu proses də ikinci mərhələnin analizində olduğu kimi xeyli resurs və zəhmət, institusional yanaşma tələb edən bir işdir. Bu dərin analitik proses müasir geosiyasi trendlərin kontekstində Azərbaycan diasporunun və müvafiq dövlət qurumlarının qarşısında duran əvvəlki və Qarabağ Zəfərindən sonra müəyyənləşmiş məqsəd və vəzifələr əsasında aparılmalıdır.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...