Tarix: 06.08.2024 / 12:20
Diasporlar yaxşı mənada prinsip aparırlar   - Kamil Zeynallı

Diasporlar yaxşı mənada prinsip aparırlar - Kamil Zeynallı

“Diasporlar hər ölkədə güclü ola bilməz”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında tanınmış fitnes məşqçisi, davamlı olaraq ölkə xaricinə səfərlər edən Kamil Zeynallı deyib.

K.Zeynallının sözlərinə görə, diasporların əksəriyyəti çox fəaldır:

“Şəxsən şahidi olmuşam ki, diasporlar Azərbaycanın tanıdılması üçün, ölkəmizi layiqincə təmsil etmək üçün əllərindən gələni edirlər. Düzdür, diasporamız əvvəl zəif idi, ancaq indi kifayət qədər gücləri var”.

İdmançı bildirib ki, Azərbaycanın apardığı xarici siyasət nəticəsində diaspor təşkilatlarında canlanma müşahidə edilir:

“Hər kəs güclü ola bilməz, ancaq Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xaricdə yaşayan soydaşlarımız fəallaşıb, qürur hissi ilə Azərbaycanı tanıdırlar. Yaxşı mənada bir-biriləri ilə prinsip aparırlar”.

“44 günlük müharibədən, xüsusilə də general Polad Həşimov şəhidlik zirvəsinə ucalandan sonra xaricdəki azərbaycanlılar daha da fəallaşdılar. Xatırlayıram ki, şəhidlərimiz nəyinki ölkə daxilində, hətta xaricdə yaşayanlara da pis təsir etmişdi. Bir sıra mitinqlər keçirildi, Azərbaycanı haqlı mövqedə olduğunu çatdırmağa çalışdılar. Hətta mitinqlərin birində erməni vətəndaşları azərbaycanlılara hücum etmişdilər. Ermənilər bu məsələni işıqlandırmışdılar ki, mitinqdən sonra azərbaycanlıları döydük. Avropada və Rusiyada yaşayan soydaşlarımız çıxıb bildirdilər ki, biz öz işimizi görmüşük. Bir diaspor fəalı kimi Azərbaycanın tanıdılmasına, səsinin eşidilməsinə çalışmışıq. Zəfərdən sonra çox güclü olduq, özümüzə gəldik. Xülasə, diasporlarımız 2020-ci ildən sonra daha da fəallaşdılar. Azərbaycanın matəm və əlamətdar günlərini unutmurlar, unutdurmurlar”, - deyə K.Zeynallı bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...