Tarix: 15.08.2024 / 11:00
Diasporda təşkilatlanmaya deyil, şəbəkələşməyə üstünlük verilməlidir  - Politoloq

Diasporda təşkilatlanmaya deyil, şəbəkələşməyə üstünlük verilməlidir - Politoloq

“Azərbaycan diasporunun, Güney Azərbaycan və qardaş türk dövlətlərindən olan soydaşlarımızı hesaba almasaq, sayı çox deyil və bu baxımdan diaspor qurumlarımızın formalaşması prosesində təşkilatlanmaya deyil, şəbəkələşməyə üstünlük verilməli, kəmiyyət amili deyil, keyfiyyət faktoru əsas götürülməlidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin ən müxtəlif sahələrdə çalışan və ətrafına çoxsaylı yerli sakinləri cəmləyə bilən, öz davranışları ilə onlara Azərbaycanı sevdirən insanlarla təmas qurması, əlaqələrini genişləndirməsi daha asan və effektiv olacaq:

“Azərbaycan diasporu dünyanın ən gənc dövləti olan diasporlardan hesab olunur. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və İkinci Dünya Müharibəsindən sonra xaricə mühacirət edən insanları istisna etsək, MDB məkanından kənarda yaşayan diaspor nümayəndələrimizin əksəriyyəti Azərbaycanı, əsasən 1990-cı illərin əvvəllərində tərk edənlərdən ibarətdir. Doğrudur, xarici ölkələrdə, xüsusilə də Avropa və Amerikada Güney Azərbaycandan olan soydaşlarımızın sayı kifayət qədərdir. Amma onların əhəmiyyətli hissəsi ilə, əslən Azərbaycan Respublikasından olan soydaşlarımızın ideoloji alt yapılarında, baxışlarında, dünya görüşlərində fərqliliklər var. Digər tərəfdən, onlar azərbaycanlı, Azərbaycan türkləri olsalar da, dövləti olmayan diaspor nümayəndələri sayılırlar. “Dünya siyasətində diaspor amili” adlı məşhur elmi-tədqiqat işinin müəllifi professor Qabriel Şefferə görə, diasporlar formalaşma və fəaliyyət istiqamətlərinə görə 7 qrupa bölünürlər. Birinci qrupa dərin tarixi kökləri olan diasporlar aiddir. Şefferin bölgüsünə görə, 2-ci qrupa daxil olan diasporlar “yatmış, yaxud hərəkətsiz, fəaliyyət göstərməyən diasporlardır. Yəni Avropa və Asiyadakı amerikalılar, Amerikadakı skandinavlar və sairə... Üçüncü qrup isə türklər, yunanlar və polşalıların daxil edildiyi gənc diasporlar adlanır. Dördüncü qrup formalaşmaqda olan, 5-ci qrup “evsiz” - yəni öz dövləti olmayan etnik qrupların təşkil etdiyi diasporlar, 6-cı qrup etnomilli - yəni arxasında öz dövlətinin gücünü hiss edən, 7-ci qrup isə dağınıq, yaxud səpələnmiş diasporlardır”.

E.Mirzəbəyli bildirib ki, Şefferin təsnifat bölgüsünü nəzərə alsaq Azərbaycan diasporunu həm birinci qrupa, yəni yaşadıqları torpaqlarda dərin tarixi kökləri olanlara, həm də 6-cı qrupa, yəni arxasında öz dövlətinin gücünü hiss edən diaspor qrupuna aid etmək doğru olar:

“Bəzi tədqiqatçılar diasporların ümumi tarix və tale, hüquqi status, formalaşma prosesi, köç, yaxud miqrasiyanın səbəbləri, bu və ya digər ərazidə məskunlaşmaya zəmin yaradan amillər, ortaq dil, mədəniyyət və digər faktorlara görə qruplaşdırılmasına üstünlük verirlər. Lakin müasir dünyada baş verən proseslərin intensivliyi, informasiya, kommunikasiya texnologiyalarının inkişafı, enerji resursları və digər təbii ehtiyatlar üzərində nəzarət uğrunda aparılan geosiyasi mübarizə diaspor qurumlarının formalaşması prosesində əsas götürülən amilləri arxa plana keçirir. Və təbii ki, diaspor qurumlarının mütəşəkkilliyi, onların bu və ya digər dövlətin iqtisadi-siyasi həyatındakı rolu, təsir imkanları, geosiyasi maraqlar uğrunda aparılan mübarizədə qlobal və regional güc mərkəzləri üçün nə qədər yararlı olub-olmadıqları ön plana çıxır”.

Politoloq hesab edir ki, diaspor anlayışı istər həmin diaspor təmsilçilərinin dövləti olsun, yaxud olmasın, sadəcə öz tarixi vətənlərindən kənarda yaşayan insanların birliyi deyil, həm də getdikcə daha çox önəm daşıyan yumşaq güc faktorudur.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...