Tarix: 06.08.2024 / 14:26
Diasporda problemləri aradan qaldırmaq üçün bunu etməliyik   - Hüquqşünas çağırış etdi

Diasporda problemləri aradan qaldırmaq üçün bunu etməliyik - Hüquqşünas çağırış etdi

“Müxtəlif ölkələrdə yaşayıb, işləmişəm və hər zaman çalışmışam ki, Azərbaycanın maraqlarını təmsil edim”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Mergul law” Hüquq Şirkətinin təsisçisi və rəhbəri Rauf Xəlilov deyib.

Onun sözlərinə görə, uşaq yaşlarından Rusiyada, sonra isə İranda müxtəlif məclislərdə və professional səhnələrdə Azərbaycan musiqi və poeziyasını ifa edərək ölkəmizin mədəniyyətini təbliğ etmişəm:

“Tələbəlik illərində müxtəlif konfranslar, debatlar və mitinqlərdə iştirak edərək Azərbaycanın reallıqlarını geniş ictimaiyyətə çatdırmışam. Universitetin son ilində hüquq cəmiyyətinin prezidenti olaraq Xocalı soyqırımı ilə bağlı mərasim keçirib, Azərbaycanın keçmiş səfiri Rafail İbrahimovu dəvət edərək 300-dən artıq əcnəbi tələbəyə Qarabağ münaqişəsi ilə bağlı məlumatlar təqdim etmişəm”.

R.Xəlilov qeyd edib ki, vəkil kimi azərbaycanlıların hüquqlarının müdafiəsi üçün müxtəlif layihələr üzərində çalışıb:

“Qarabağ müharibəsi zamanı müxtəlif media təşkilatlarına müsahibələr verərək hüquqi məsələlərlə bağlı suallara aydınlıq gətirmişəm. Bundan əlavə, musiqi, şeirlər və uşaq kitabları yazaraq Azərbaycan mədəniyyətini geniş ictimaiyyətə tanıtmağa çalışmışam. Londonda Azərbaycan məktəbində həftə sonları azərbaycanlı uşaqlara şahmat dərsi öyrətməklə yanaşı, ingilis dilində uşaqlar üçün kitablar yazaraq Azərbaycanın zəngin mədəniyyətini tanıtmağa çalışıram. Məsələn, "Sidrinin əfsanəsi" və "Mimi" adlı kitablarım vasitəsilə bu ölkənin dəyərlərini, mədəniyyətini və əfsanələrini dünya uşaqlarına çatdırmışam. Bu kitabların satışından əldə edilən gəliri isə ehtiyacı olan uşaqlara kömək məqsədilə xeyriyyə işlərinə sərf etmişəm”.

R.Xəlilov qeyd edib ki, Londonda keçirilən müxtəlif tədbirlərdə və bayramlarda çıxış edərək Azərbaycan mədəniyyətini təbliğ edir:

“Şirkətimizin fəaliyyətləri arasında Azərbaycan diasporasının hüquqi problemləri ilə bağlı məsləhətlər vermək və onların hüquqlarını qorumaq da daxildir. Diaspor fəaliyyətlərimdə qarşılaşdığım əsas problemlərdən biri, azərbaycanlıların yaşadıqları ölkələrdə hüquqi və mədəni inteqrasiyanın təmin edilməsində çətinliklərdir. Bir çox hallarda azərbaycanlılar yaşadıqları ölkələrdə hüquqi sistemlərlə bağlı məlumat azlığı və dil baryeri səbəbindən çətinlik çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün soydaşlarımıza doğma dillərində gərəkən məlumatları təqdim edirik. Bir digər problem isə təşkilati məsələlərdir. Hələ də komanda şəklində iş aparmaq qabiliyyətimiz yetərli səviyyədə deyil. Bunun üzərində çalışmaq lazımdır”.

R.Xəlilov qeyd edib ki, diasporda problemləri aradan qaldırmaq üçün birincisi maariflənmək, ikincisi isə gənc nəsilə yol açmaq lazımdır:

“Əgər gənclər Azərbaycanla maraqlanmasa, heç bir diaspora fəaliyyətindən söhbət gedə bilməz. Sistemləşmə üçün İngiltərədə ikinci və üçüncü nəsildən olan nümayəndələr işə cəlb olunmalıdırlar. Buna görə də dil və mədəniyyət çox önəmlidir. Burada fürsətdən istifadə edərək soydaşlarımıza demək istəyirəm ki, uşaqlarınıza Azərbaycan dilini və mədəniyyətini öyrədin. Dilimiz və mədəniyyətimiz çox zəngindir. Öyrətsəniz, vaxtı gələndə özləri sizə təşəkkür edəcəklər”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...