Tarix: 08.08.2024 / 07:10
Diasporda ciddi dəyişikliklər edilməlidir   - Siyasi şərhçi

Diasporda ciddi dəyişikliklər edilməlidir - Siyasi şərhçi

“Bu böyük qüvvəni təşkilatlandırmaq və hərəkətə gətirmək, müstəqil Azərbaycanla bağlarını daha da möhkəmləndirmək yüksək peşəkarlıq, məsuliyyət və istək tələb edir. Bu işləri görmək üçün də Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb, ona Əsasnamə ilə geniş səlahiyyətlər verilib”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Əli Orucov diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərində keyfiyyət dəyişikliklərinə nail olmağın yollarından danışarkən deyib. O, bildirib ki, bunun səbəbləri barədə dəfələrlə deyilsə, haqlı iradlar səsləndirilsə də nöqsanlar aradan qaldırılmır:

“Halbuki indiki çox həssas və məsul zamanda Azərbaycan dövlətinin diaspora ehtiyacı var. Qərbin təzyiqləri intensiv olaraq davam etməkdədir, işğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq və məskunlaşma həyata keçirilməkdədir. Bu işlərin görülməsini təkcə Azərbaycana yükləmək doğru deyil. Diasporamız həm Azərbaycana qərbdən edilən təzyiqlərin, aparılan məqsədli qarayaxma təbliğatının zərərsizləşdirilməsində, həm də işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlb edilməsində fəal iştirak etməlidir. Bu prosesi də Bakı vahid mərkəzdən idarə etməlidir”.

Əli Orucovun sözlərinə görə, ilk növbədə Diaspor Komitəsinin iş keyfiyyətini artırmaq üçün ciddi dəyişikliklər edilməlidir:

"Bu sahədə doğmalıq-ögeylik, iqtidar-müxalifət, qohumluq-uzaqlıq və bu kimi ayrıcı xətlər aradan götürülməlidir. Hamını bu prosesə maksimum dərəcədə çalışıb cəlb etmək lazımdır. İctimai müzakirələrə və ictimai tədbirlərə Diaspor Komitəsi açıq olmalıdır. Komitə hər il cəmiyyətə gördüyü işlər və problemlər barədə hesabat verməli, yeri gələndə dəstək istəməlidir. Xaricdə yaşayan soydaşlarımızın hər birinə həssas və diqqətlə yanaşmalıdır”.

Siyasi şərhçi bildirib ki, internet resursları və elmi texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə çağırışlara və tələblərə cavab verəcək fəaliyyət qurulmalıdır:

“Hər keçən gün Azərbaycanın və dünyadakı azərbaycanlıların ziyanınadır. Ümid edirəm ki, nəhayətdə diaspora sahəsində ciddi dönüşə nail olunacaq. Qeyri-rəsmi rəqəmlərə görə, yer kürəsində yaşayan azərbaycanlıların sayı 50 milyon nəfərdir. Bunun yalnız 10 milyonu müstəqil Azərbaycan dövlətində yaşayır, 40 milyon soydaşımız isə xarici ölkələrə səpələnib. Ümumi götürəndə 40 milyon çox böyük rəqəmdir və neçə ordu deməkdir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...