Tarix: 25.04.2024 / 11:06
Diasporamızın inkişafında  media hansı rol oynaya bilər?

Diasporamızın inkişafında media hansı rol oynaya bilər?

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüslərinin reallaşdırılması diaspor mediasının inkişafında əhəmiyyətli rol oynaya bilər...

Diaspora institutunun bir sosial-siyasi orqanizm kimi inkişafında əhəmiyyətli amil ilk növbədə media hesab olunur. Diaspora hərəkatının ayrıca elm sahəsi kimi tədqiq olunduğu ölkələrdə araşdırıcılar istisnasız olaraq müasir medianın bu institutun möhkəmləndirilməsi və inkişafı prosesindəki həlledici roluna xüsusi diqqət çəkirlər.

Medianı diasporanın inkişafının hərəkətverici elementlərindən biri kimi tədqiqata cəlb edən araşdırıcılara görə, burada əsas nüvəni əlbəttə ki, internet resursları təşkil edir.

İnternet medianın təşəkkülü ilə diaspora icmalarının formalaşması və fəaliyyətində yeni bir mərhələ başlayır. Çap informasiya vasitələrinin mühacir subyektlər arasında yayılması nə qədər çətin və problemli idisə, internet medianın əlçatanlığı dəfələrlə sürətli, asan və rahatdır. İnternet medianın gücü və məziyyətləri, eyni zamanda mənfi təsirləri barədə bu mətndə ayrıca söz açmağa ehtiyac duymuruq. Cəmiyyətimiz bu barədə kifayət qədər informasiyaya malikdir. Biz yalnız medianın, xüsusilə internet mediasının diaspora işindəki yeri barədə bəzi məqamlara toxunmaq istərdik.

Postsovet diaspora icmalarına məxsus internet resurslarının tədqiqi zamanı əldə edilən bir çox mühüm nəticələr arasında azərbaycandilli diasporanın da spesifikliyi ilə bağlı bəzi müşahidələr xüsusilə maraqlıdır. Bu resursları əsasən iki qrupa bölmək olar:

1. Diaspora fəaliyyətini həqiqətən strateji, xalqın maraqları naminə fəaliyyət göstərməli olan institut kimi görərək təsis etdikləri medianı bu məqsədə yönəltmək.

2. Müxtəlif bəhanələrlə xaricdə sığınacaq alaraq müstəmləkəçi dövlətlərin xarici xüsusi xidmətlərinin, həmçinin Azərbaycanla bağlı məkrli niyyətlərinə çata bilməyən narazı transmilli korporasiyaların maliyyələşdirdiyi donor təşkilatların dəstəyi ilə fəaliyyət göstərən resurslar. Əslində bu cür resursların diaspora adına identifikasiya olunmuş media subyektləri kimi təqdim etmək də mübahisə doğurur.

Bu fərqləndirmələr əksər postsovet diaspor təşkilatları üçün xarakterikdir və əsasən miqrant icmalarının sosial və mədəni ölçüsünü müəyyən edir. Sözügedən acınacaqlı vəziyyət birinci kateqoriyaya aid, vətənə və dövlətə bağlı, həqiqətən müqəddəs amallar uğrunda çalışan təşkilatların üzərinə çox böyük yük qoyur.




Diaspor cameəsini həqiqi milli maraqlara səfərbər etmək üçün müvafiq təşkilatlar müasir standartlara uyğun, güclü media resursları yaratmalıdırlar.

Xaricdə təhsil alan və çalışan, əsasən də media sahəsində ixtisaslaşmış gənclər bu sahəyə cəlb olunmalıdır. Dövlətin müvafiq qurumları da bu vacib sahənin inkişafı üçün ciddi dəstək verməlidir. Çünki belə media resursları həqiqi diaspora təşkilatlarının güclənməsində həlledici rol oynayır.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu da yaradıldığı gündən bu sahəni xüsusi diqqətdə saxlayır. Fond sözügedən sahənin canlandırılması üçün xüsusi təşəbbüs və təklifləri ilə seçilir. Hələ Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis edilən zaman qurumun baş katibi seçilmiş Hikmət Cavadov bildirmişdi ki, Azərbaycanda fəaliyyət göstərən seçilmiş gənc jurnalistlərin Avropanın inkişaf etmiş ölkələrində 6 ay və yaxud da 1 illik təcrübə keçmələri üçün konkret addımlar atılmalıdır. Məqsəd ölkəmizə qarşı aparılan informasiya savaşında Azərbaycanın haqlı mövqeyini peşəkar səviyyədə müdafiə etməkdir.

Zənnimzcə, ümumi işin xeyrinə olan bu təşəbbüsün dəstəklənməsi və reallaşdırılması diaspora təşkilatlarımızın daha da gücləndirilməsi və anti-Azərbaycan çevrələrin dövlətimizə qarşı apardıqları çirkin informasiya müharibəsində ciddi və mükəmməl resurslarla müdafiə olunmamız, hətta hücuma keçməmiz üçün əhəmiyyətli dəstək ola bilər.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...