Tarix: 08.04.2024 / 14:21
“Diaspora turizmlə bağlı vergi güzəştləri ola bilər” - Millət vəkili

“Diaspora turizmlə bağlı vergi güzəştləri ola bilər”- Millət vəkili

“Diaspor təşkilatları ilə iş və bütövlükdə bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi çox vacibdir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, son illər Azərbaycanın xaricdə formalaşmış diaspor təşkilatları ilə daha sıx əməkdaşlıq etməsi və bunun genişlənməsini müşahidə edirik:

“Amma bununla yanaşı, bəzi Mərkəzi və Şərqi Avropa ölkələrində diaspor təşkilatları həm də bütövlükdə iqtisadi fəaliyyətə cəlb olunur. Hətta diaspor üçün xüsusi sərmayə formalaşdırılır. Bəzi ölkələrdə bunu diaspor özü, digərlərində isə dövlət tərəfindən formalaşdırılır. Yəni, dövlət tərəfindən diaspor təşkilatlarına dəstək göstərilir. Bu baxımdan, məhsullarımızın tanıdılmasında və bütövlükdə Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsində həm də diaspor üzvlərinin cəlb edilməsi məqsədəuyğun olardı. Çünki, nəticə etibarı ilə bu, diasporun gücündən istifadə və cəlb olunmasına imkan yaradacaq. Bu bir tərəfdən Azərbaycan məhsullarının təqdim olunmasına, həm də diaspor üzvlərinin daha fəal şəkildə Azərbaycanın reallaşdırdığı layihələrə cəlb edilməsinə imkan verəcək”.

V.Bayramov qeyd etdi ki, turizmdə diaspor təşkilatları üçün limitlərin və ya güzəştlərin müəyyənləşdirilməsi daha çox turizm şirkətlərinin həyata keçirəcəyi fəaliyyətlərdir:

“Bu məsələdə dövlət daha çox vergi azaldılmaları və ya güzəştləri formasında alətlərdən istifadə etməklə dəstək ola bilər. Amma nəzərə alsaq ki, ölkəyə gələn turistlərin əksəriyyəti ya özləri birbaşa internet üzərindən turizm agentlikləri vasitəsilə gəlirlər, ya da özəl şirkətlərdən paketlər alaraq səfərlər edirlər. Təbii ki, dövlət tərəfindən təşviq vasitələrindən istifadə oluna bilər. Digər tərəfdən də məqsədə uyğundur ki, turizmlə bağlı, xüsusilə Azərbaycanda forumlar keçirilən zaman diaspor təşkilatları da cəlb olunsun. Onlar turizm şirkətləri ilə əməkdaşlıq edərək proseslərə daha yaxından cəlb edilə bilərlər”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...