“Bir neçə dəfə bu təklifi irəli sürmüşəm ki, xarici ölkələrdə konsert proqramı ilə çıxışlar edək. Fərqi yoxdur hansı ölkədir, yaxud hansı bayramdır, sadəcə istənilən vaxt belə bir tədbir keçirtmək lazımdır”.
Bu sözləri Diaspora.TV - yə açıqlamasında Xalq artisti Simarə İmanova deyib.
S.İmanovanın sözlərinə görə, xaricdə keçirilən konsert proqramlarının təşkili üçün maddi dəstəyə ehtiyac var:
“Konsert proqramları vasitəsilə xaricdə yaşayan soydaşlarımızla görüşlər keçirilə bilər. Hətta bizi tanımayan yeni nəsil, həmçinin xaricilər tanıyıb bilərlər ki, Azərbaycanın incəsənət nümayəndələri kimdir?! Bir Xalq artisti kimi düşünürəm ki, dəstək olmalıdır ki, fikirləri icra edə biləsən”.
“Çox istəyərəm ki, bayramlarda bizi dəvət etsinlər. Dövlət başçımız İlham Əliyev, həmçinin Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva incəsənət adamlarına böyük diqqət və qayğı ilə yanaşırlar. Diasporanın da boynuna düşən yük odur ki, sənət adamlarının xarici ölkədə konsertlərini təşkil edib, maddi-mənəvi dəstək olsunlar. Biz də əlimizdən gələn qədər canlı konsertlər verib, mədəniyyətimizi yaşadıb tanıdarıq”, - deyə Xalq artisti qeyd edib.
Xəyalə Zöhrab
Diaspora.TV