Tarix: 29.04.2024 / 13:59
Diaspora pul verib tədbir keçirtməkdənsə... -  QHT sədri

Diaspora pul verib tədbir keçirtməkdənsə... - QHT sədri

“Azərbaycan dövlətinin daha da güclənməsi, inkişaf etməsi, beynəlxalq arenada söz sahibi olması, kənar zərbələrdən ölkəmizin qorunması naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev deyib. Onun sözlərinə görə, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ümummilli maraqları qorumaq, Azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün həmrəy olmaqla yanaşı, mübariz olmalıdır:

“Bütün zamanlarda ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı böyük əhəmiyyətə malikdir. Bu gün dünyanın dörd bir tərəfində azərbaycanlılar yaşayır, eyni zamanda müxtəlif təşkilatlar yaradır, imkanları daxilində dövlətə dəstək nümayiş etdirirlər. Onlarda vətən, torpaq, xalq, millət sevgisi var”.

C.Şahverdiyev onu narahat edən məqamları da vurğulayıb:

“Təəssüf hissilə qeyd etmək lazımdır ki, həmvətənlərimiz arasında Avropanın ermənipərəst donor təşkilatlarına satılıb anti-Azərbaycan təbliğatı aparanlar da var”.

QHT sədri əlavə edib ki, bu gün diaspor quruculuğu sahəsində hansısa bir uğura imza atılıbsa, bu, İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir:

“Bunu heç bir dövlət komitəsinin fəaliyyəti ilə bağlamaq düzgün olmaz. Bütün bunlara baxmayaraq, diaspor fəaliyyətində yenə də müəyyən boşluqlar var. Çoxdan lobbiçilik fəaliyyətinə keçməliydik. Azərbaycan güclüdür, qüdrətlidir, varlıdır, yenilməz ordumuz, iqtisadi gücümüz, dünya şöhrətli, müdrik, əzəmətli Prezidentimiz varsa, niyə diasporumuz zəif olmalıdır sualına cavab tapıb, problemləri aradan qaldırmalıyıq”.

C. Şahverdiyev qeyd edib ki, problemləri kənarda axtarmaq lazım deyil:

“Düşmən erməni diasporu heç vaxt dövlətindən dəstək almayıb, əksinə ona yardım edib. Bizim diaspor təşkilatlarımızın çoxu isə dövlətimizdən yardım gözləyir. Komitə də beşinə yardım etdikdə, on beşi narazılığını bildirir. Ermənilər təmsil olduqları dövlətlərin hakimiyyət strukturlarına, hətta Avropa Parlamentinə qədər nüfuz ediblər. Burada pul, xristian həmrəyliyi böyük əhəmiyyət daşıyırsa, bizim də gücümüz var. 44 günlük qələbəmiz ermənilərin xaricdəki diaspor siyasətinə də ağır zərbə vurdu. Erməni diaspor təşkilatları və ermənipərəst qüvvələrin təhdidlərinə baxmayaraq, dünya Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıb”.

“Xaricdə yaşayan soydaşlarımızın intellektual səviyyə, bilik, bacarıq və nüfuzundan yararlanmaq lazımdır. Azərbaycan evlərinin sayını artırmaq göstərici deyil. Barmaqla sayıla biləcək bir neçə soydaşımız, diaspor təşkilat rəhbəri var ki, dəstəksiz iş görüblər. Niderlandda yaşayan Vüqar Abbasov, Elxan Mirhəşimli Azərbaycan həqiqətlərinin qürbət ellərdə təbliğ olunması işində böyük fəallıq göstərirlər. İnformasiya müharibəsində fəaldırlar. Özümüz üçün tədbir keçirməyin vaxtı çoxdan keçib. İzləyirəm, hansısa ölkədə diaspor təşkilatımız hansısa əlamətdar günlə bağlı tədbir keçirib, foto sərgi təşkil edib və s. Həmin tədbirlərdə ancaq soydaşlarımız iştirak ediblər. Yerli media nümayəndəsi, hakimiyyət təmsilçisi, xarici diplomat yoxdur. Heç keçirilən tədbir yerli mediada belə işıqlandırılmır, ictimailəşmir. Diaspor təşkilatlarımızın mediaya çıxışları yoxdur. Bu, günün tələbidir. Pul verib tədbir keçirməkdənsə, mediaya nüfuz etmək, ideoloji təbliğat aparmaq lazımdır” - deyə, QHT sədri bildirib.

C.Şahverdiyev vurğulayıb ki, diaspor təşkilatlarımız həmişə Azərbaycanın yanındadır, Prezidentimizin müdrik və uzaqgörən siyasətini dəstəkləyir:

“Diaspor təşkilatlarımız fəaliyyətlərini səfirlik və diplomatik korpuslarımızla koordinasiya etməlidirlər. Hansı diaspor təşkilatımızın iş görmək təcrübəsi, qabiliyyət və gücü varsa, komitə ona dəstək olmalıdır, təşkilatlar arasında ögey-doğmalıq yaratmaq, ayrı- seçkilik etmək olmaz. Bu gün diaspor quruculuğu siyasətində hansı yeniliyə, uğurlara nail olmuşuqsa bu, ölkə başçısının nüfuzunun, gücünün, uzaqgörən, müdrik siyasətin hesabınadır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...