Tarix: 27.05.2024 / 12:12
Diaspora maliyyə dəstəyi verilsə...  – Londonda yaşayan tarzən

Diaspora maliyyə dəstəyi verilsə... – Londonda yaşayan tarzən

“Azərbyacan həqiqətlərinin tanınmasında mədəniyyətin rolu danılmazdır. Azərbaycan diasporu vasitəsilə mədəniyyətimizi dünyaya çatdırmaq vacib məsələlərdəndir. Bunu etmək də hər bir azərbaycanlının borcudur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən, Londonda yaşayan soydaşımız Rafiq Rüstəmov deyib.

Onun sözlərinə görə, diaspor işi ilə məşğul olan şəxslər ilk növbədə dövləti, milləti, Azərbaycan mədəniyyətini, incəsənətini düşünməldirlər:

“On ildir Londonda fəaliyyət göstərirəm. Orada “Azərbaycan Evi”nin üzvüyəm, səfirliklə əməkdaşlıq edirəm. Asudə vaxtlarımda universitetlərdə “Muğam gecələri” keçirirəm. Bunu deməkdə məqsədim odur ki, nə kimi dövlət tədbirləri və qeyri-dövlət tədbirləri olur, mən hamısında təmənnasız iştirak edirəm. Eyni zamanda da Azərbaycanın özəl günlərinə həsr olunan tədbirlər keçirik. Zəfər Gününü 100-dən artıq parlament üzvü, səfirliklərlə birlikdə böyük atəşfəşanlıqla qeyd etmişik. Nə qədər tədbir təşkil etmişiksə, bu bizim Vətən qarşısında borcumuzdur. 12 yaşımdan 80 yaşıma qədər sənətlə məşğul olan biri kimi deyə bilərəm ki, biz də öz növbəmizdə Azərbaycanı tanıdırıq”.


“Mədəniyyətimizi, musiqimizi, bir sözlə milli-mənəvi dəyərlərimizi təbliğ edib, tanıtmaq üçün diaspora maliyyə dəstəyi lazımdır. Maddi dəstək olmalıdır ki, bu iş davam etsin. Diasporda maliyyə cəhətdən zəiflik var, əgər dəstək olarsa, dünyanın hər bir yerində mədəniyyətimizi, adət-ənənələrimizi tanıdar”, - deyə R.Rüstəmov qeyd edib.

R.Rüstəmovun sözlərinə görə, “Qarabağ Bülbüllər” Ansamblı yaradıb və 28 ölkədə konsert proqramları ilə çıxış ediblər:

“Tədbirlərdə “Muğam dəsgahı”nı ifa edən zaman xaricilər böyük maraqla dinləyir, təəccüblə bizə baxırdılar. “Siz necə zəngin bir millətsiniz ki, bu uzunluqda əsəri notsuz ifa edirsiniz?” - deyə sual verirdilər. Bizə adi gəlməyinə baxmayaraq, nota baxmamış ifa etmək doğurdan da çox çətin və maraqlı nüansdır. Hətta yaxınlaşıb, tarın içinə baxırlar ki, içindəki nədir? Simlərinə maraqla nəzər salır, tarın hansı materialdan hazırlanması barədə sual verir, öyrənməyə can atırlar. Özləri etiraf edirdi ki, dünyada sizin musiqidən zəngin musiqi eşitməmişik”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...