Tarix: 17.07.2024 / 22:50
Diaspora Komitəsinin üzərinə çox ciddi missiya düşüb   - İlqar Orucov

Diaspora Komitəsinin üzərinə çox ciddi missiya düşüb - İlqar Orucov

“Bu ideoloji olduğu kimi, həm də maliyyə tutumlu məsələdir. Çünki xarici ölkələrdə məktəblərin açılması ilə iş bitmir. Həmin məktəblərdə dərs deyəcək insanların müəyyənləşdirilməsi, dərsliklərlə təminatı, məktəblərin infrastrukturunun formalaşdırılması kimi məsələlər mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədr hesab edir ki, ilk növbədə həmin məktəblərdə dərs deyəcək müəllimlərin kimliyi açıqlanmalıdır:

“Həmin məktəblərdə dərs deyəcək insanlarımız varmı? Bunu dildə demək asandır, amma araşdıranda və həyata keçirəndə nə qədər böyük problemlər ortaya çıxdı. Azərbaycan dilli məktəblərdə tədris olunan fənlərə baxaq. Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və bütövlükdə bu fənləri tədris etmək üçün həm də bu sahələrin mütəxəssisləri lazımdır”.

Sədrin sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlıların uşaqları üçün Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin sayının artırılması olduqca vacibdir:

“Həm də bu Azərbaycan Respublikasının dövlət diaspor siyasətinin tərkib hissəsidir. Azərbaycan diaspor siyasətinin banisi Ulu öndər Heydər Əliyevin əsasını qoyub həyata keçirdiyi diaspor siyasətində xaricdə yaşayan vətəndaşlarımızın ana dilində təhsil almaq imkanlarının genişləndirilməsi, onlar üçün həftə sonlarında “Bazar günü” məktəblərinin təşkili olduqca mühüm əhəmiyyət daşıyırdı. Təsadüfü deyil ki, Ulu öndər Azərbaycan vətəndaşlarının dünyanın harasında olmasından asılı olmayaraq öz yurduna, xalqına məhəbbət ruhunda tərbiyyə olunmasını önəmli sayırdı və “mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının kökündə bu dayanır. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə çox ciddi missiya düşüb”.

İ.Orucov Diaspora Komitəsinin son illərdəki fəaliyyətini çox önəmli hesab etdiyini diqqətə çatdırıb:

“Azərbaycan dilli məktəblərin yaradılması, onların genişləndirilməsi, fəaliyyətinin daha səmərəli qurulması naminə işlərin daha da gücləndirilməsi istiqamətində ciddi işlər görülür”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...