Tarix: 12.07.2024 / 09:25
Diaspora Komitəsindən dəstək istəyim cavabsız qaldı   - Mərkəz rəhbəri

Diaspora Komitəsindən dəstək istəyim cavabsız qaldı - Mərkəz rəhbəri

“Türkiyəyə tez-tez səfərlər edirdim və orada YAFEM (Yalova Folklor Eğitim Mərkəzi) adlı bir təşkilat var. Bura dünyanın hər yerindən jurnalistləri dəvət edirdilər. Konfransda iştirak edən jurnalistlər də yaşadığı ölkələrdəki türklərin problemlərindən danışırdı. Konfransın sonunda bəyannamə qəbul edilirdi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Voicepress.com.tr”nin (Uluslararası Media və Araşdırma Mərkəzi) sahibi, siyasi yazar Ülkər Fərmanqızı deyib.

Ü.Fərmanqızının sözlərinə görə, 2017-ci ildən etibarən hər il YAFEM təşkilatında Azərbaycanı təmsil edib:

“Azərbaycan həqiqətlərini, erməni işgalını dünyanın hər yerindən gələn jurnalistlərə danışmışam və hər dəfə də qəbul edilən bəyannaməyə Azərbaycan - Qarabağ məsələsini ayrıca maddə olaraq salınmasına nail olmuşam. 2018-ci ildə həmin təşkilat çərçivəsində ilk dəfə çıxış edərək Türkiyənin də ATƏT-in Minsk Qrupunda aktiv həmsədr ölkə olaraq yer alması təklifi ilə çıxış etmişəm. “Türkiyə Qarabağ məsələsinin həllində aktiv şəkildə Azərbaycanın yanında olduğunu göstərməlidir” cümləsi isə həmin ilin Bəyannaməsində öz əksini tapıb. Qəbul edilən Bəyannamədəki məsələlərin sonradan realizə olunması, Türkiyənin xarici siyasətində diqqətə alınması, bir azərbaycanlı olaraq məni sevindirirdi”.

Siyasi yazar qeyd edib ki, Yalova kosmopolit şəhərdir, Mərmərə isə ermənilərin ən sıx məskunlaşdığı bölgələrdəndir:

“Bütün Mərmərə bölgəsində - İzmit, Yalova, Bursa, İstanbul kimi şəhərlərdə jurnalistlərə Azərbaycan həqiqətləri ilə bağlı seminarlar keçməyə başladım. Mən bununla bağlı dəfələrlə Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək istədim, amma bu istəyim cavabsız qaldı. Hətta Dünya Azərbaycanlılarının Qarabağda - Şuşada keçirilən Zəfər Qurultayına belə dəvət olunmadım. Həftə sonları Azərbaycan üçün şəhər-şəhər gəzərək seminarlar keçirib, toplumun Azərbaycanla bağlı düzgün maarifləndirilməsini təmin etməyə çalışırdım”.

Ü.Fərmanqızı qeyd edib ki, 2019-cu illə müqayisədə bu gün Yalovada Azərbaycan ab-havası yarada bilib:

“Azərbaycan Türk Dərnəyi də açdıq. Bu gün Yalova Dövlət Universitetində 80-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Hələ pandemiya zamanı İstanbuldakı Baş konsolluqla bərabər işlədik, xəstəliyə yoluxan soydaşlarımız üçün bir-bir antitel donoru axtarıb tapırdım. Bursa və İzmitdən Türk qardaşlarımızı pandemiyada donor olmaq üçün İstanbula göndərmək asan bir iş deyildi”.



Ü.Fərmanqızı bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinə koordinasiyalı iş üçün təklif irəli sürüb:

“Türkiyədə fəaliyyət göstərən bütün dərnəklərin gördükləri işləri işıqlandırmaq, onların türk mətbuatında göstərilməsini və həmin saytların Prezident Administrasiyası tərəfindən diqqətdə saxlanılmasının zəruriliyini təklif etmişdim”.

Onun sözlərinə görə, bu təklifi reallaşmadığı müddətdə diasporamız pərakəndə və “qaçaq satış qurumları” kimi fəaliyyətini davam etdirəcək:

“Türkiyədəki diaspora işinə dəstək verən insanların sosial problemlərinin aradan qaldırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək verməsi lazımdır”.

Jurnalist qeyd edib ki, Türkiyə iqtisadiyyatı və mövcud durum soydaşlarımıza çox təsir edib:

“Təhsil və səhiyyə baryeri var. Bu gün burada ən təhsilli soydaşımız uşaq baxıcısı və ya xəstə baxıcısı kimi çalışa bilir. Bu halda o hansı diaspor işi görə bilər? Təklif edirəm ki, diaspora fəaliyyəti ortaya qoyan soydaşlarımıza diqqət göstərilsin. Beləliklə, biz soydaşlarımızın sosial problemlərini də qismən həll edə bilərik”.

Ü.Fərmanqızı əlavə edib ki, hazırda bir çox azərbaycanlı millət vəkillərinin yazılarını Türkiyə gündəmində saxlamağa çalışır:

“Digər tərəfdən hazırda Kipr və Azərbaycan əlaqələri ilə bağlı kitab üzərində işləyirəm, yaxın günlərdə Kiprə səfərim gözlənilir. Eyni zamanda Yalovanın 43 kəndi ilə əlaqədar sənədli filmin çəkilişlərinə başlamışam. 1800-cü illərdə burada erməni və yunan birləşmələri türkləri məscidlərə doldurub diri-diri yandırıblar, toplu məzarlıqlar var. Məqsədim onları ifşa etməkdir. Düzdür, burada bunu açıq-aşkar etməyə imkan və şərait yoxdur, amma biz bunu tarix və kültür adı altında etməyə çalışacağıq. Bütün bunları öz vəsaitimlə edirəm, heç kimdən bir qəpik də dəstək almıram. İnanıram ki, dövlətimə zərrə qədər də olsa faydam olacaq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...