“Azərbaycan ərazi bütövlüyünü bərpa edib, amma buna baxmayaraq ermənipərəst güclər və dövlətlər ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Bunlara qarşı Azərbaycan diaspora fəalları daha sistemli şəkildə işlər görürlər. Güman edirəm ki, bundan sonra da onlar fəaliyyətlərini bu istiqamətdə davam etdirəcəklər”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.
Deputat bildirib ki, xarici ölkələrdə yaşayan, Azərbaycanı sevən, problemlərini dərindən bilən, bütün bunları yaşadığı ölkənin gündəminə gətirən diaspor fəalları olub:
“Onlar bacardıqları qədər Diasporla İş üzrə Dövlət Komitəsi ilə iş birliyində olublar. Bəzən diaspor fəaliyyətində olan ictimai quruluşlarla, qeyri-hökumət təşkilatları ilə birlikdə sistemli şəkildə çalışanlar da az deyil. Bəzən öz təşəbbüsü ilə də bu prosesə qoşulanlar olub. İndi bunların daha da təkmilləşdirilməsi, inkişaf etməsi üçün Diaspora Komitəsi bu fəaliyyətlə məşğuldur. Azərbaycanda tez-tez diasporlarla bağlı tədbirlər keçirilir, onlar da bu tədbirlərə dəvət olunur, bir çox təlimlərdə iştirak edirlər”.
Tənzilə Rüstəmxanlı bu sistemin uzun illərdir Azərbaycanda olduğunu vurğulayıb:
“Ən yüksək səviyyədə onun fəaliyyəti ilə məşğuldurlar. Diaspora işi elədir ki, onu daima kiminsə, hansısa qurumun nəzarətində saxlamaq olmur. Diaspora könüllü və QHT-lərin gördüyü işdir. Onlar da öz sahələrində bu işi görürlər. Əlbəttə, daha fəal olsalar yaxşı olar. Çünki bu gün onlara Azərbaycanın daha çox ehtiyacı var”.
Jalə
Diaspora.TV