Tarix: 30.08.2024 / 17:48
 Diaspora hazırda bizimlə çalışmır    - Əməkdar artist

Diaspora hazırda bizimlə çalışmır - Əməkdar artist

“İncəsənət, mədəniyyət üzərindən Azərbaycanın tanıdılması üçün diaspora çalışır. Demək olmaz ki, bu proses qaneedicidir, xeyr. Orta səviyyədədir, buna baxmayaraq çox istərdim ki, yüksək səviyyədə həyata keçirilsin”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev deyib.

E.Rəfiyevin sözlərinə görə, Azərbaycan diasporları xaricdə Azərbaycan mədəniyyətinin təmsilçiləridir:

“Diaspora eynilə də siyasət, idman və mədəniyyət kimi sahələrdə Azərbaycanı tanıdan qurumdur. Bu qurum da teatrı, kinonu xaricə daşımalıdır. Hətta təkcə bir filmi göstərmək kifayət etmir. Həmin filmin baş rol ifaçısını, əməyi keçən, ərsəyə gətirən incəsənət nümayəndələrini də aparıb tamaşaçı ilə görüşdürməlidir. Belə olanda, daha yaxşı effekt əldə etmək olar, nəyinki, 30 nəfər yığdınız bir zala Almaniyada, İsveçrədə, yaxud da Amerikada gəldi baxdı, çıxdı getdi. Lakin film bitəndən sonra, “filmi ərsəyə gətirənlər budur” - deyib təqdimat olarsa, gələn tamaşaçıların fikirləri alınarsa daha yaxşı olar. Həm də insanlar incəsənət barədə məlumatlanarlar. Yoxsa xarici ölkədə bir film göstərdilər, adı oldu ki, Azərbaycan mədəniyyəti tanıdıldı, bu o deyil”.

E.Rəfiyev deyib ki, bu onun yaralı yeridir:

“Ulu Öndərimiz də dediyi kimi, bir dövləti tanıdan onun mədəniyyəti, siyasəti və idmanıdır. Stalin öz dövründə əmr verdi ki, arxada qalan kino işçiləri müharibədən filmlər çəksinlər, aktyorlara da dəyməyin, onlar bizim mədəniyyətimizi təmsil edirlər. Stalin də bilirdi ki, müharibədə ya udacaq, ya da uduzacaq, ancaq çəkilən film əbədi olaraq qalacaq. Bu səbəbdən təklif edirəm ki, diaspora sıx əlaqə yaratsın. Diaspor hazırda bizimlə çalışmır. Lakin səfirliyin bizimlə əlaqəsi yaxşıdır. Hətta bir dəfə Almaniyada olan Azərbaycan səfirliyi bizə dəstək oldu, gedib Xocalı faciəsinə həsr olunan tamaşada oynadıq. Diaspora da belə etməlidir”, - deyə aktyor qeyd edib.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...