Tarix: 20.05.2024 / 11:46
Diaspora güzəştli limit ayırmaqla problem həll olunmur…   - Ekspert

Diaspora güzəştli limit ayırmaqla problem həll olunmur… - Ekspert

“Azərbaycanda turizmin inkişafı üçün qoyulan məhdudiyyətlər aradan qalxmalı, qonşu ölkələrlə bağlı olan sərhədlər açılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun fikrincə, turizmi inkişaf etdirmək üçün ilk növbədə Türkiyə təcrübəsindən istifadə olunmalıdır:

“Məsələn, Türkiyənin 180-190 ölkə ilə vizasız giriş-çıxış imkanları var, biz də bu sistemi tətbiq etməliyik. Ən azından turistlərə azadlıqların verilməsi istiqamətində addımlar atılmalıdır. Güman edirəm ki, bu azadlıqları versək turizmin inkişafı üçün ilkin şərtlər formalaşacaq. Biz turizmi inkişaf etdirmək istəyiriksə sərhədləri bağlı saxlamamalıyıq. Biz turist istəyiriksə İranla sərhədləri açmalıyıq və İran vətəndaşlarına vizanı ləvğ etməliyik. Baxın, Gürcüstan, Türkiyə, İran, Rusiya ilə quru sərhədlər bağlıdır. Əhəmiyyətsiz turist ölkələri ilə vizanı qaldırıb, əhəmiyyətli ölkələrlə bu şərtlər altında çalışırıq”.

İqtisadçı hesab edir ki, turizmin inkişafı eyni zamanda viza rejiminin qaldırılmasından keçir:

“Vətəndaşlar ölkəyə rahat girməlidir. İkincisi, ölkəyə giriş xərcləri azaldılmalıdır. Ölkənin tanıtımı yaxşılaşdırılmalıdır, eyni zamanda turistin xərcləri maksimal şəkildə optimal olmalıdır. Burada təyyarə, otel, xidmət qiymətləri var. Bu xidmətlər turist üçün baha olmamalıdır. Məsələn, vətəndaş hansı ölkəyə gedirsə, ilk növbədə təyyarə və otel qiymətlərinə baxır. Hələ ölkəyə getmədən orada qiymətləri fikirləşirik. Hesab etmirəm ki, Azərbaycanda otel qiymətləri bahadır. Hətta qonşu Gürcüstandan da ucuz və keyfiyyətlidir. Turist istədiyi vaxtda ölkəyə girib-çıxa, təyyarə bileti tapa bilmirsə, bu artıq onun ölkəyə gəlişini məhdudaşdıracaq”.

X.Kərimli turizmin inkişafını kompleks addımların nəticəsi kimi dəyərləndirib:

“Azərbaycanda turizmin inkişafı məqsədilə hansısa nüfuzlu diaspor təşkilatlarına güzəştli limit ayırmaqla problem həll olunmur, əksinə bu cür güzəştli limitlərin verilməsi korrupsiya elementlərinə yol aça bilər. Şərtlər biri üçün qeyri-məhdud olanda həmişə bu hüquqlardan sui-istifadə meylləri ortaya çıxır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...