Tarix: 21.06.2024 / 17:51
Diaspora Fondu var, nə işlə məşğuldur, heç kim bilmir  - MÜNASİBƏT

Diaspora Fondu var, nə işlə məşğuldur, heç kim bilmir - MÜNASİBƏT


Biz istəsək də, istəməsək də, tarixi bir Azərbaycan var. Bundan əlavə, bir də son illər daha çox işlənilən real Azərbaycan, eyni zamanda bütün bunlarla yanaşı, virtual Azərbaycan da var. Əslində dövlət və dövlət qurumları bunların arasında məhz virtual Azərbaycan ətrafında dünya azərbaycanlılarının birləşdirilməsinin tərəfdarıdır.

Diaspora.TV xəbər verir ki, bu barədə Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib.

Onun sözlərinə, bu ideya illər boyu Azərbaycan cəmiyyətinə təqdim edilib:

"Bununla bağlı telekanallarda çıxışlar edilib, saytlara ekspert rəyləri, müsahibələr verilib, məqalələr yazılıb. Hətta böyük bir layihə də təqdim edilib. "Virtual Azərbaycan” layihəsinin tərkib hissəsi olaraq Mir Cəlal Paşayev adına Milli elektron kitabxanada "kitabxana-net” portalını yaratdıq. Bu günə kimi orada 15 minə yaxın dünyanın ən aparıcı dillərində elektron kitablar da yerləşdirdik ki, soydaşlarımız azərbaycançılığın intelektual tərəflərini onunla öyrənsin. Bu baxımdan diaspora quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi məsələsi həm dövlətimizin özünün qlobal bir alət olaraq siyasi xətti, həm də ictimai xadimlərin, ziyalıların tez-tez Azərbaycan cəmiyyətinə mesaj olaraq ötürdüyü fəlsəfi dövlətçilik texnologiyasıdır. Ölkə Prezidenti İlham Əliyev hər zaman deyib: "Mən 60 milyonluq dünya azərbaycanlılarının dövlət rəhbəriyəm”. Bu həmin diaspora verilmiş çox böyük ideoloji bir silahdır. 60 milyonun arasında Cənubi Azərbaycan, Borçalı, Dərbənd, Hindistandan tutmuş Pakistan, Əfqanıstan, Anadolu torpaqlarındakı azərbaycanlılara kimi böyük mənada türk dünyasını əhatə edir. Azərbaycan deyəndə həm də Türk dünyası yada düşür”.


Aydın Xan Əbilov hesab edir ki, dünya azərbaycanlılarını yalnız Azərbaycanda deyil, həm də yaşadqıları yerlərdə iqtisadi, mədəni, elmi və sosial cəhətdən də dəstəkləmək vacibdir:

"Biz artıq dünyada yaşayan mütəxəssislərlə, yəni ayrı millətlərdən olan tanınmışlarla yanaşı orada yaşayan azərbaycanlıları və yaxud da qarşı nikahlardan olan bizim soydaşlarımızı dəstəkləməyi bacarmalıyıq. Təəssüflər olsun ki, Diaspora Komitəsi qarşısına qoyduğu vəzifələri yerinə yetirir, amma bu hissəyə önəm vermir. Baxmayaraq ki, müəyyən layihələr var, amma bu önəmli xətt kimi getməlidir ki, azərbaycanlılar dünyanın müxtəlif ölkələrində siyasi elitaya daxil olub, deputat seçilsinlər, nazir olsunlar, mədəniyyət, elm, televiziya, mətbuat, internet resurslarının sahiblərinə çevirilsinlər. Bu qəribə, romantik səslənə bilər, amma Britaniya təcrübəsi var. Böyük Britaniyanın Baş naziri hazırda hindistanlıdır, eyni zamanda Londonun meri də pakistandandır. Və yaxud da digər ölkələrdə olan deputatlar, nazirlər, tanınmış adamları biz görürük. Niyə də onların arasında azərbaycanlılar olmasın? Niyə də azərbaycanlıları biz iqtisadi, siyasi cəhətdən dəstəkləyib bu səviyyəyə qaldırmayaq?”

Kulturoloqun fikirincə, diaspor quruculuğunun ən önəmli xətti indi bu olmalıdır:

"İndi bunun üçün ayrıca lobbi, diaspor fondu yaradılmalıdır. Və bu fondu hansısa dövlət qurumunun nəzdinə verməməliyik. Diaspora Fondu var, həmin fond nə işlə məşğuldur, onu heç kim bilmir. Nə də Xarici İşlər Nazirliyinin nəzdinə vermək olar. Çünki dövlət qurumlarının nəzdində olsa, istər-istəməz başqa ölkələrdə yaşayan azərbaycanlıları biz maliyyələşdirə bilmərik. Ayrıca müstəqil bir qurum, yaxud beynəlxalq fond yaratmaq olar. Bu fond il boyu azərbaycanlıları və Azərbaycanı sevən insanların vətən üçün etdiklərinə görə, "Nobel” mükafatı tipində bir mükafat təsis edə bilərlər. Biz bu insanları həvəsləndirə və onu dünya çapında brendləşdirə bilərik. Bundan sonra da onları yaşadıqları cəmiyyətdə, dövlətdə həm ictimai, həm siyasi, həm də elmi-mədəni sferada brend olaraq Azərbaycan üçün işləyə biləcək tanınmış şəxsə çevirə bilərik.

Aydın Xan Əbilov əlavə edib ki, bu mənada İsrailin, yəni Yəhudi diasporunun xəttini götürə bilərik:

"Onları təkrarlayan qonşu Ermənistanın bu məsələdə çoxdan atdığı adımlar var. Amma biz daha yeni, daha fərqli gənclərin, yeni nəslin, internet, virtual dövrünün tələblərinə uyğun olaraq diaspora quruculuğunda bu formatlardan istifadə etməliyik”.



Şərhlər

Yaz...