Tarix: 01.05.2024 / 14:42
Diaspora bəzi imtiyazlar vermək lazımdır -  Partiya sədri

Diaspora bəzi imtiyazlar vermək lazımdır - Partiya sədri

“Diasporun fəallığı çox mühümdür. Əlbəttə əsas prinsip olaraq dövlətlə diaspor arasında qarşılıqlı himayə mexanizmi olmalıdır. Bunu da bir standart tətbiq etməklə mümkün deyil, çünki hər dövlətin özəllikləri var. O dövlətlərə uyğun olaraq da diasporu formalaşdırmaq, onun iş prinsiplərini müəyyənləşdirmək lazımdır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev qeyd edib ki, diaspor məsələsi birtərəfli məsələ deyil:

“Ümumi yanaşanda diasporda təmsil olunan insanlarımız yaşadıqları ölkələrdə Azərbaycan haqqında doğru-dürüst ictimai rəyin formalaşdırılması, oradakı dövlət və hakimiyyət orqanları ilə əlaqə qurması, iş adamlarının Azərbaycana investisiya yatırmasına təşviq etməsi, ölkəmizə qarşı lobbi fəaliyyəti ilə məşğul olanları doğru yola yönətlməsi kimi məsələlər ümumi standart formadır. Təbii ki, başqa özəl yanaşmalarla da bəzi dövlətlərlə əlaqələr qurmağa ehtiyac var”.

Partiya sədri qeyd edib ki, Türkiyə-Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsi daha da genişləndirilməlidir:

“Hesab edirəm ki, bura əlavə olaraq digər türk dövlətlərini də cəlb etmək mümkündür. Bu nəticə etibarı ilə effekt verən bir məsələ ola bilər və bu xeyli gücümüzü artırar”.

F.Qulyev partiyada 2002-ci ildən diaspora ilə bağlı departament yaradıldığını vurğulayıb:

“Eləcə də Güney Azərbaycan, Qərbi Azərbaycan, Türk dünyası, Borçalı, Dərbənd departamentlərini yaratmışıq və bu gün də bu istiqamətdə fəaliyyətimiz var. Dünya Azərbaycanlıları Konqresi bölünməzdən əvvəl Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq da fəaliyyət göstərmişəm. Bu baxımdan problemlər mənə tanışdır. Əlbəttə ki, bu sahədə işləmək rahat deyil. Amma düşünürəm ki, həm xaricdə yaşayan soydaşlarımız ciddi şəkildə fəallaşmalıdır, həm də Azərbaycan dövləti tərəfindən diaspor təşkilatları koordinasiya olunmalıdır, ümumi istiqamətlər verilməlidir”.

Partiya sədrini fikrincə, Azərbaycan diasporu xeyli inkişaf edib:

“Əvvəllər erməni diasporu ilə müqayisə olunmaz dərəcədə zəif idi. Amma indi bir çox məsələlərdə hətta onlardan da üstün vəziyyətdədir. Hesab edirəm ki, qərb dövlətlərində bu sahədə işləməyimiz lazımdır. Bəzən qərb cəmiyyətində ictimai rəyi süni şəkildə əleyhimizə formalaşdırırlar. Ona görə də çalışmaq, fədakarlıq etmək lazımdır. Bilirik ki, diaspor təşkilatlarında təmsil olunanlar ictimai əsaslarla çalışır, maaş almır. Onları vətənpərvərliyi, Azərbaycana bağlılığı bu işə sövq etdirib. Buna görə də onlara bəzi imtiyazlar da vermək lazımdır. Məsələn, Azərbaycanda əmlak alanda, investisiya yatıranda və başqa məsələlərdə xeyli dərəcədə güzəştlər etməyə ehtiyac var. Bəlkə nə vaxtsa, ikili vətəndaş haqqında da düşünmək mümkündür. Yəni, motivasiya etmək vacibdir. Ümumilikdə hesab edirəm ki, diaspor komitəsi çalışır, amma dövlət və diaspora qarşılıqlı himayə mexanzimi müəyyən proqramlarla gücləndirilməlidir”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...